İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehriban Zeynalova: “Güclü qadınlarla fəxr edən kişilər öz xanımlarını da güclü etsinlər”

719 08.03.2023 12:11 Gündəm A A

“Bizim düşüncə və milli tərzimiz odur ki, fərq etməz ata, qardaş, həyat yoldaşı, həmişə bütün güvənimizi kişilərə etibar edirik. Tarixən belə olub. Amma istərdim ki, xanımlarımız kişilərə hörmət etməklə yanaşı, özləri də öz problemlərinin həllində güclənsinlər, öz hüquqlarını öyrənsinlər”.

Bu sözləri Musavat.com-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

M.Zeynalova qeyd edib ki, Azərbaycan qadınlarını dünyadakı bütün qadınlardan daha üstün görmək istəyir:

“Bu gün insanlarımız, xüsusən də qadınlarımız öz hüquqlarını qorumaqda, müdafiə etməkdə çox da məlumatlı deyillər. Çox istərdim ki, onlar öz hüquqlarını öyrənsinlər, çünki həyatda hər şey ola bilər. Odur ki, ayaq üstə sağlam dayanmaq, özünü müdafiə etmək, öz gələcəyini təmin etmək üçün xanımlarımız özləri ilə yaxşı mənada mübarizə aparmalıdırlar. Bu, həm də möhtaclıq duyğusundan qurtulmaq deməkdir. Mən hər hansı bir qadının, ələlxüsus da Azərbaycan qadınının əzilməsini, sındırılmasını, yaxud da hansısa cinayət əməllərinə qurban getməsini arzu etmirəm. Qadın qarşı cinsə hörmət etdiyi qədər özünə də hörmət etməlidir, bu, mütləqdir”.

Mehriban Zeynalova sığınacaqdakı qadınlardan da danışıb:

“Sığınacaqda elə qadınlar var ki, heç bir zaman bu bayramda özünü bir xanım kimi dəyərli hiss etməyib, görmək istədiyi, arzu etdiyi dəyəri görməyib. Onlar diqqətə, dəyərə və ya hədiyyəyə layiq olduqlarını ilk dəfə bizdə görürlər. Bu günlərdə xüsusi olaraq onlar üçün nələrsə etməyə çalışırıq ki, dəyərli olduqlarını anlasınlar. Düşünürəm ki, Azərbaycan kişisi güclü qadını sevir. Cəmiyyətimizdəki güclü xanımlardan fərəhlə danışırlar, hər yerdə nümunə göstərirlər ki, bu, bizim Azərbaycan xanımıdır. Mən arzu edirəm ki, həmin kişilər yanlarındakı qadınların da güclü və tanınmış olmalarına dəstək versinlər. Elə etsinlər ki, bütün insanlar onların xanımları ilə fəxr etsin. Əslində bu bayramı hədiyyə günü kimi görməyimizin tərəfdarı deyiləm. Amma həmin gün xanımlarımıza daha artıq dəyər göstərməklə onları xoşbəxt edə bilərlərsə, niyə də etməsinlər. Bütün Azərbaycan xanımları dəyərə, sevgiyə və xoşbəxtliyə layiqdir”.

Dürrə Həsənova,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR