İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına prokurorun istədiyindən xeyli az cəza verib

1507 11.10.2022 18:26 Kriminal A A

Bu gün Bakı Hərbi Məhkəməsində keçmiş Milli Təhlükəsizlik Nazirliyinin daha bir qrup yüksək vəzifəli məmuruna hökm oxunub.

Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin keçmiş rəisi Nizami Şirinov 8 il, bu idarənin şöbə rəisi Elcan Abdullayev 6 il, əməliyyat müvəkkili Nadir Nəzirov 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Prokurorun təklifilə məhkəmə cinayət işinin icra müddətinin başa çatması ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin digər əməkdaşı Elman Tahirovun barəsində icraata xitam verib.

Bundan öncə dövlət ittihamçısı Şirinovun 12 il, Abdullayev və Nəzirovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin məhkəmə Şirinovun general-mayor rütbəsindən məhrum edilməsi və 180 min manatlıq daşınmaz əmlakının müsadirə edilməsi barədə qərar çıxarıb.

Məhkəmənin qərarı ilə bütün məhkumlar orden və medallardan məhrum edilib.

Xatırladaq ki, Şirinov ötən ilin aprelində hədə-qorxu ilə tələb etmə, cinayət yolu ilə əldə edilmiş pul və əmlakı leqallaşdırmaq, ağırlaşdırıcı şəraitdə rüşvət almaq ittihamı ilə həbs edilib.

Abdullayev, Tahirov və Nəzirov Cinayət Məcəlləsinin 341.2.3-ci maddəsilə (vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham olunublar. Onlardan başqa yerə getməmək barədə iltizam alınıb.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi 2015-ci ildə ləğv edilsə də, sözügedən şəxslər 2021-ci ilin aprelində məsuliyyətə cəlb olunublar. (turan.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR