İnsanlara hürriyət, millətlərə istiqlal!

MEDİA AVTORİTETİNİN MESAJI

5843 12.10.2009 20:52 Yazarlar A A

***

“Azadlıq” firqə qəzeti deyil; mübarizə əzmi sındırılmış bir millətin, iradəsi zorlanmış bir toplumun azadlıq istəklərinin közərtisidir.
Hər şeydən əvvəl, mən bu cür polemikaların baş verməsini arzulamazdım. Bu mübahisələrə son qoymaq üçün bizim hər cür imkanlarımız var: ən azı, qarşılıqlı anlaşılmazlıqları yoluna qoymaq üçün çay stolunun  arxasında əyləşmək olar. Bu təcrübədən mən də, Rauf  bəy də dəfələrlə yararlanmışıq. İndi mən həbsxanadayam...
Amma Rauf bəy azadlıqdadır. Güman edirəm, o, bu təşəbbüslə çıxış edə bilər. Əlbəttə, mən bu balaca qeydlə polemika açmıram, buna imkanım da yoxdur, çünki mənim operativ reaksiya vermək imkanlarım da dustaqdır. Amma hər şeyi həmişə yenidən başlamaq olar.
Mənə dəstək verənlərin hamısına təşəkkür edirəm. Amma istəyirəm, hamıya deyəm, söhbət hazırda siyasi motivlərlə həbsdə saxlanılan insanların azadlığının məhdudlaşdırılması ilə məhdudlaşmır. Bu insanlar, eləcə də mən inzibati terrorun girov götürdüyü adamlarıq. Başlıca məsələ bu prosesə qarşı çıxmaqdır, bu prosesi quranların və tənzimləyənlərin üzərinə getməkdir. Möhkəm iradəli, hürr təbiətli insanların müzakirə edəcəyi ən əhəmiyyətli məsələ budur.
Əgər bu  polemikanı yatırtmaq və üzərindən  keçmək mümkündürsə, “keçmiş olsun” deyirəm...

***

Qənimət bəyin məktubundakı ilk cümləni eyniylə “Yeni Müsavat”a aid edərək, bildirirəm ki, mən onun bu dadsız olaya müdrik və operativ müdaxilə imkanı tapmasından çox sevindim. Həm də onun mənə münasibətdə ərklə boynuma qoyduğu işləri məmnuniyyətlə icra etməyə hazıram. Bu səbəbdən də yazdığını oxuyar-oxumaz, ilk olaraq “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədova telefon açdım, onu çaya dəvət etdim və bildirdim ki, Qənimət Zahidin mənə müraciəti əsasında bir sıra qərarlar qəbul etmişəm. Həmin qərarları bu gün görüşümüz zaman Azər Əhmədova ilətəcəm.
Gerçəkdən də qəzetlərimiz arasında zaman-zaman polemikalar, kəskin toqquşmalar olub; Qənimət bəyin yazdığı kimi, nə qədər çəkişsək də bütün bunları sakit, bəzənsə xeyli qəzəbli halda çay süfrəsi arxasında müzakirə etmək imkanı, gücü, qabiliyyəti tapmışıq. “Azadlıq” və “Yeni Müsavat”  qəzetlərinin 20 illik münasibətləri tarixində hətta yazılı müqavilə ilə yekunlaşan davalarımız da olub...
Azər Əhmədov təklifimizi qəbul etdi və belə məlum oldu ki, türmədən bir mesaj da ona gəlib. (Sonra da deyirlər Qənimətin heç bir imkanı qalmayıb. Qardaş oturub zonda, media avtoritetidi, bir mesajla iki qəzeti idarə edir). Bu gün oturub danışacağıq. Mən anlaşmanın, o da mümkün olmasa, əndazələri aşmamağın tərəfindəyəm. Və öz tərəfimdən bildirirəm ki, rəhbərlik etdiyim qəzetin adından tam qərar verə bilirəm.
Bu həftə içərisində “Azadlıq”ın mənimlə bağlı müntəzəm yazan və eyni tezislərlə mənə qarşı iddialar irəli sürən köşə yazarlarını da redaksiyamızda (çay süfrəsi arxasında) polemikaya dəvət edirəm. Mən onların bütün irad, iddia, qınaq, sual və hökmlərini dinləməyə, arzu edərlərsə də, cavablandırmağa hazıram. İstəsələr həmin polemikanın stenoqramını saytımıza yerləşdirə bilərik. Gəlsinlər, danışaq, dönüb yenidən nə istəyirlər yazsınlar.

***

Həbsdəki dostumuz Qənimət bəyi qırmamaq, onun xahişini yerə salmamaq naminə biz hər cür fədakarlığa hazırıq. Bizə qarşı başladılan və heç bir qural tanınmadan aparılan bir gözdənsalma kampaniyası kifayət qədər cavablandırılmasa da, “Yeni Müsavat” bu mövzulara müvəqqəti  embarqo qoymağın mümkünlüyünü də qeyd edir. Ta Qənimət bəy həbsdən çıxana qədər.
Bir məsələni də vurğulayım ki, polemikaları dayandırmaqla bağlı Qənimət bəyin təklifinin keçərliyi sabahdan hesablanır. Məktubu iş gününün sonunda aldığımız üçün mövzuya dair bütün yazıları qəzetdən çıxarmaq mümkün olmadı. Amma ən ağır yazıları kənara qoyduğumuza da əmin ola bilərsiniz.
Bir daha xatırladıram ki, yekununda Qənimət Zahidin də qoşulduğu iki qəzet  arasındakı kəskin polemika  “Azadlıq” qəzetinin köşə yazarlarının şəxsən mənə və rəhbərlik etdiyim qəzetə münasibətdə bir neçə ay davam edən, təhqir dolu silsilə yazılarının nəticəsində başlamışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR