İnsanlara hürriyət, millətlərə istiqlal!

“Maska qadağası götürülsə də, ehtiyatlı olmalıyıq” - infeksionistdən xəbərdarlıq

399 26.04.2022 08:00 Gündəm A A

“Çində  koronavirusun sürətli artmasının bizə təsiri yoxdur”

Koronavirusun “Omikron” variantının yüngül gedişatı və vaksinasiya nəticəsində insanlarda immunitetin formalaşmasına əsaslanaraq əksər dövlətlər karantin qaydalarını yumşaltmaqdadır. Amma COVİD-19-un ilk dəfə meydana çıxdığı Çində virus geri qayıdıb, ölkədə yenidən həyəcan təbili çalınır. Burada “Omikron” ştamının alt variantlarının sürətlə yayıldığı, fəsadlara yol açdığı deyilir. Belə ki, Çinin Şanxay şəhərində son iki ilin ən irimiqyaslı qapanması tətbiq edilib. Ölkənin ən böyük şəhəri olan Şanxayın əhalisi təxminən 25 milyondur. Çində qeydə alınan yoluxmaların ümumi sayının üçdə biri Şanxayın payına düşür. Yoluxmaları müəyyən etmək üçün qapanma tətbiq olunan ərazilərdə hazırda kütləvi test prosesi həyata keçirilir. Nəzərə çatdıraq ki, Şanxayda mart ayının sonundan sərt karantin qaydaları qüvvədədir. Tətbiq edilən komendant saatı səbəbindən şəhər sakinləri zəruri ehtiyaclarını ödəmək üçün evlərini tərk edə bilmirlər və şəhərdə ərzaq qıtlığının olduğu barədə xəbərlər dolaşır. Test cavabı pozitiv olanlar karantin mərkəzlərinə aparılır. Gündə 20 min yoluxmanın baş verdiyi Şanxayda karantin üçün kifayət qədər yer tapmaq getdikcə çətinləşir. Şanxayın səhiyyə qurumları xəbər yayıblar ki, şəhərin 60 yaşdan yuxarı sakinlərinin 62 faizinə tam, 38 faizinə isə gücləndirici peyvənd vurulsa da, 80 yaşdan yuxarı ahıl insanlarda bu göstərici cəmi 15 faizdir.

Yada salaq ki, martın əvvəlindən Çinin müxtəlif yaşayış məntəqələrində virusa yoluxmalar davamlı olaraq çoxalır. Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, yoluxmaların əksər hissəsi Şanxayda aşkarlanıb. Çinin əhali sayına görə ən iri şəhəri olan Şanxayda, habelə Şencen və Çançun kimi böyük şəhərlər də daxil olmaqla, bir neçə yaşayış məntəqəsində qapanma tətbiq edilib. Mütəxəssislər hazırkı dalğanı Çinin Uhan böhranından sonra COVİD-19 pandemiyası ilə ikinci böyük mübarizəsi hesab edirlər.

Çində baş verənlər Azərbaycanda da insanlar tərəfindən təlaşla izlənilir. Ölkəmizdə də yenidən virusun yayılması ilə bağlı narahatlıq var. Hətta qeyd edilir ki, maska tələbi aradan qaldırılandan sonra yoluxma sayı artacaq?

Yada salaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən mayın 1-dən tibbi maskadan istifadə məcburi olmayacaq.

Mərdan Əliyev həm peşəkar, qayğıkeş və səmimi insan » Qanun və Hədəf

 Mərdan Əliyev 

İnfeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a açıqlamasında deyib ki, Çində ilk əvvəl tətbiq edilən məhdudiyyətlər hesabına Çin insanı virusla təmasda olmadı: “Beləliklə, orada insanlar arasında virusa qarşı immunitet yaranmadı. O zaman koronavirusun qarşısını aldılar. Amma bütün dünyada virus yayıldı. İndi isə dünya ölkələrindən ”Omikron" variantı Çinə gedib.  “Omikron” variantı da digər koronaviruslardan 4-5 dəfə daha sürətli yoluxur. Bu da çox böyük fərqdir. Buna görə də Çində əvvəlki virusun qarşısını ala bilmişdilərsə, artıq bunun qarşısını almaq çətindir. Hazırda bunun öhdəsindən gələ bilmirlər. Çində yoluxma sayı sürətlə artır. Bizdə isə buna qarsı kollektiv immunitet formalaşıb. Çində sürətli artmanın bizə təsiri yoxdur".

Maska tələbinin ləğv edilməsinə və ölkəmizdə təhlükənin yaranmasına gəlincə, infeksionist insanları diqqətli olmağa çağırıb: “Xüsusi karantin rejimi bir ay uzadıldı. Yenidən baxılacaq. Demək olar ki, bütün karantin qaydaları götürülüb, Avropa ölkələrində isə tam hamısı aradan qaldırılıb. Maska tələbinin götürülməsi gözlənilən idi. Avtobuslarda yenə də maska məcburiyyəti aradan qaldırılıb. Yəni cərimələr olmayacaq. Amma bu o demək deyil ki, ümumiyyətlə, maska taxmamalıyıq. Fərdi şəkildə maska taxılmasının tərəfdarıyam. Xüsusən də avtobuslarda, o cümlədən pik saatlarda və  xəstəxanalarda. Kim ki özünü pis hiss edir, xəstə olma ehtimalı var, onlar maskanı taxmalıdırlar ki, digərlərini yoluxdurmasınlar. Çünki zəncirvari şəkildə digər şəxslər yoluxur, sonradan onlar da yenidən bizim yaxınlarımızı yoluxdurur.  Maska taxmaq həm də gigiyenik normaya çevrilməlidir. Xəstəxanalara gedəndə, avtobuslarda maska taxmaq tövsiyə olunur. Şəxsən mən özüm belə yerlərdə maskadan istifadə edirəm. Maska gigiyenik vasitədir, tək koronavirusla bağlı deyil. Maska qripin, vərəm kimi təhlükəli xəstəliyin qarşısını ala bilər. Pandemiya maska taxılması ilə bağlı bir ənənənə də formalaşdırdı, bu ənənəni davam etdirə bilərik”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR