İnsanlara hürriyət, millətlərə istiqlal!

Manatı gözləyən kritik bir neçə ay - iddia, yoxsa...

1456 09.04.2022 10:00 İqtisadiyyat A A

Rəşad Həsənov: “Ukrayna müharibəsi Azərbaycan iqtisadiyyatı üçün ciddi çağırışlar formalaşdırır”

Rusiyanın Ukraynaya hücumu nəticəsində qlobal iqtisadiyyatda artım sürəti zəifləyəcək. Bu zəifləmə Azərbaycandan da yan ötməyəcək. “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyinin yenilənmiş gözləntilərinə görə, bu il Azərbaycan iqtisadiyyatı real ifadədə 2,7 faiz artacaq. Agentliyin ötən il dekabr ayının proqnozu 2,9 faizlik artım vəd edirdi.

Reytinq şirkəti Rusiya-Ukrayna münaqişəsinin təsirlərinə məruz qalması səbəbindən bütün MDB ölkələrinin (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna və Özbəkistan) iqtisadi artım üzrə gözləntilərini endirib. Ermənistanın artım üzrə proqnozu 5,3 faizdən 1,3 faizə, Gürcüstanın 5,8 faizdən 3,2 faizə, Qazaxıstanın 4 faizdən 3,4 faizə, Türkmənistanın 3,5 faizdən 1,7 faizə, Özbəkistanın isə 5,8 faizdən 3,1 faizə endirilib.

Agentlikdə hesab edirlər ki, Azərbaycan güclü tələbat, eləcə də yüksək qiymətlər mühitində artmış qaz ixracından faydalanacaq.

Xatırladaq ki, Asiya İnkişaf Bankının yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda real ÜDM-in artım tempi 3,7 faiz təşkil edəcək. 2021-ci ildə isə Azərbaycan iqtisadiyyatı real ifadədə 5,6 faiz artıb.

Fitchin gözləntilərinə əsasən bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 23,7 faizini təşkil edəcək. Bu, dekabr proqnozu ilə müqayisədə 15,8 faiz bəndi çoxdur. Bildirilir ki, Azərbaycan enerji ixracatçısı kimi, yüksək qiymətlərdən və tələbatdan faydalanacaq ki, bu da ölkənin xarici buferlərini gücləndirəcək.

Asiya İnkişaf Bankının son proqnozlarına görə isə bu il ölkənin cari hesabının profisitinin ÜDM-də xüsusi çəkisi 20,2 faizdək artaq.

2021-ci ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 8,292 milyard dollar və ya ÜDM-in 15,2 faizini təşkil edib. Neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının profisiti əvvəlki ilə nəzərən 2,8 dəfə artaraq 14 milyard dollar, qeyri-neft sektoru üzrə cari əməliyyatlar hesabının kəsiri isə 7,7 faiz artaraq 5,7 milyard dollar məbləğində olub.

Fitch həmçinin Azərbaycanda bu il üçün inflyasiya proqnozunu da yeniləyib. Keçən ilin dekabrında 6,4 faiz olan göstərici indi 8,7 faizə yüksəldilib: “Bir sıra ölkələrdə əsas məhsullar üzrə qiymət nəzarəti tətbiq edilib və ya genişləndirilib ki, bu da fiskal xərclərə gətirib çıxaracaq. Lakin bu artım əmtəə qiymətlərinin təsirlərinə nisbətən cüzi olacaq. Ölkələrin monetar siyasətləri də sərtləşməyə davam edəcək ki, bu da qiymət artımının templərini daha da yavaşladacaq”.

Azərbaycanda ÜDM-in artım tempi səkkizillik maksimuma çatıb

Asiya İnkişaf Bankının son proqnozuna görə, Azərbaycanda istehlak qiymətlərinin orta illik artımı 2022-ci ildə 7 faiz təşkil edəcək. 2023-cü ildə isə orta illik inflyasiyanın zəifləyərək 5,3 faizə enəcəyi proqnozlaşdırılır. Ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7 faiz təşkil edib(APA).

Qeyd edək ki, Ukraynadakı müharibə sərvəti olmayan ölkələrə daha böyük zərər vuracaq. Belə ki, bundan əvvəl beynəlxalq qurumların proqnozlarında Cənubi Qafqazın iki resurssuz ölkəsində Azərbaycandan daha yüksək iqtisadi artım gözlənilirdi. Məsələn, Dünya Bankıının yanvar proqnozuna görə, 2022-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) artımı qonşulardan az olmalıydı. Bank Azərbaycanda ÜDM-in artım tempini 3.1, Ermənistanda 4.8 , Gürcüstanda 5.5 faiz proqnozlaşdırmışdı. 2023-cü il üçün isə bağlı gözləntilər beləydi: Azərbaycanda 2.7 faiz, Ermənistanda 5.4 faiz, Gürcüstanda isə 5 faiz. Fitch son proqnozlarına əsasən bu ölkənin ÜDM-də artım kəskin şəkildə zəifləyəcək.

“Deloitte” şirkəti Azərbaycanda cari ildəki daha yüksək ÜDM artımı gözləyir. Şirkətə görə, ilin sonuna ölkə ÜDM-nin həcmi 102 milyard manata çatacaq. Şirkətin hesabatına əsasən, 2022-ci ildə Azərbaycanda ÜDM-nin real artımın 4,2 faiz səviyyəsində reallaşması gözlənilir: “İqtisadiyyatın canlanması 2021-ci ilin ikinci yarısından sürətlənib. 2022-2026-cı illərdə Azərbaycanda iqtisadi böyümə davamlı özəl istehlakın və investisiya artımı hesabına olacaq”.

“Deloitte”un hesablamalarına görə, 2023-cü ildə Azərbaycanda iqtisadi artım 3,3 faiz, 2024-cü ildə 3 faiz, 2025-ci ildə isə 2,9  faiz səviyyəsində reallaşacaq, ÜDM istehsalının isə müvafiq olaraq 111,6 milyard manata, 121,6 milyard manata və 133,7 milyard manata çatması gözlənilir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ildə Azərbaycanda 92 milyard 857,7 milyon manatlıq və yaxud 2020-ci illə müqayisədə 5,6 faiz çox ÜDM istehsal olunub.

Azərbaycanda ÜDM-in həcmi ilk dəfə 100 mlrd manatı ötəcək - “Deloitte”

Azərbaycan hökuməti isə 2022-ci il üçün ÜDM-nin artımını 3,9 faiz, 2023-cü il üçün 5,1 faiz səviyyəsində proqnozlaşdırır.

Bu arada iqtisad elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenko Minval.az-a deyib ki, yaxın aylarda Azərbaycan iqtisadiyyatının vəziyyətini xarakterizə edən bir sıra mühüm göstəricilərdə artan volatillik müşahidə ediləcək. “Manatın məzənnəsindəki dalğalanmalar həmişəkindən daha ciddi olacaq. Xarici ticarət profisitində müəyyən qədər azalma, Ukrayna və Rusiyadan idxal olunan ərzaq və bir sıra qeyri-ərzaq malları (taxıl məhsulları, günəbaxan yağı, tikinti materialları, kağız, kimya məhsulları və s). üzrə inflyasiyanın artmasını gözləmək olar”.

Onu da qeyd edək ki, Ukraynada müharibə başlayandan Azərbaycanda bahalaşmanın kəskin sürətlənməsi müşahidə olunmaqdadır. Qiymətlər hər həftə artım istiqamətində dəyişir. Azərbaycan Baş naziri fevralın 21-də “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamın imzalanmasında məqsəd ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərini minimallaşdırmaq olub.

Sərəncamda İqtisadiyyat Nazirliyinə inflyasiyanın iqtisadi fəallıq üçün məqbul səviyyədə saxlanılması məqsədilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün güzəştli maliyyələşdirmə alətlərinə (güzəştli kredit, kredit-zəmanət və faiz subsidiyası mexanizmi) və məhsullarına dair Azərbaycan Mərkəzi Bankı, Maliyyə Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə razılaşdırılmış təkliflərini həmçinin bu məhsullar üzrə qiymət artımının ticarət əlavələri hesabına sabitləşdirilməsinə dair təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etmək, Dövlət Gömrük Komitəsi ilə birlikdə həmin məhsullarla daxili bazarda özünütəminat səviyyəsinin qorunmasına dair lazımi tədbirlər görmək, daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi istiqamətində ölkədə sağlam rəqabət mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının və qiymət manipulyasiyasının qarşısının alınması üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan nəzarət tədbirləri barədə ayda bir dəfə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Dövlət Gömrük Komitəsi 2022-ci il ərzində idxal inflyasiyasının təsirinin azaldılması məqsədilə İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə idxal edilən və minimum istehlak səbətinin tərkibində ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsi, gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin optimallaşdırılmasına dair razılaşdırılmış təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməliydi.

İqtisadiyyat Nazirliyi həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə yerli istehsal edilən və idxal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının daşınma-logistika və ticarət şəbəkələrinə daxilolma xərclərinin optimallaşdırılması məqsədilə mümkün mexanizmlərin tətbiqi barədə razılaşdırılmış təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə verməliydi.

Baş nazirin sərəncamından ayyarımdan çox vaxt keçir, hələlik orada nəzərdə tutulan mühüm vəzifələrin icra vəziyyətinə dair hər hansı açıqlama verilməyib. Yalnız martın 20-də Nazirlər Kabineti əsas ərzaq məhsullarının ölkədən ixracının İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmasını nəzərdə tutan qərar qəbul edib...

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, Ukraynadakı müharibə pandemiyadan sonra dünya iqtisadiyyatında sürətlənən bərpa prosesini xeyli zəiflədəcək: “Bunu artıq əksər beynəlxalq qurumlar da açıqlayır. Və bu proses Azərbaycan iqtisadiyyatı üçün də ciddi çağırışlar formalaşdırır, müxtəlif istiqamətlərdə təzyiqlər yaradır. Bunlardan biri məcmu tələbin gözlənilən səviyyəsinə nail olunmamasıdır. Bildiyimiz kimi, Rusiya və Ukraynada yaşayan, işləyən yüz minlərlə soydaşımız hər il Azərbaycana iri həcmdə pul göndərirdilər. İndi Ukraynadan köçürmələr tamamilə, Rusiyadan köçürmələr isə böyük həcmdə dayanıb. Bu, ÜDM-in artım tempinə mənfi təsir edəcək. Bu prosesi tətikləyən digər amil inflyasiya nəticəsində alıcılıq qabiliyyətinin aşağı düşməsi olacaq. Digər tərəfdən, Azərbaycanın turizm sektorunda rus turistlərin kifayət qədər payı vardı. Rusiyada iqtisadi imkanların məhdudlaşması bu ölkədən xaricə, o cümlədən də Azərbaycana turist axınını azaldacaq. Bundan əlavə, Rusiyanın özündə alıcılıq qabiliyyətinin aşağı düşməsi Azərbaycandan bu ölkəyə kənd təsərrüfatı məhsullarının ixrac həcmlərini azalda bilər. Bildiyiniz kimi, Azərbaycanın kənd təsərrüfatı ixracı böyük həcmdə Rusiya bazarlarından asılıdır. Kimya sənayesi məhsullarının ixracında da Rusiyanın payı yüksəkdir. Bütün bunların ÜDM artımına mənfi təsiri, əlbəttə, olacaq” .

Ekspertin fikrincə, Ukrayna müharibəsi Azərbaycanın idxalını bahalaşdıracaq: “Bu iki ölkədən Azərbaycan idxalının 25 faizdən yuxarısı reallaşırdı. Ukraynanın əsasən quş əti, kərə yağı idxalında payı yüksək idi: quş ətində hər 100 kq-da 71 kq, kərə yağında isə 25 kq. Ümumiyyətlə, dünya bazarında Rusiya və Ukraynanın ixracının azalması nəticəsində bütün növ məhsullar üzrə bahalaşma gedir ki, bu da Azərbaycana təsirsiz olmayacaq. Bu təsir xüsusilə ərzaq məhsulları ilə bağlı daha yüksək olacaq. Azərbaycanda inflyasiyanın tərkibində ərzaq məhsullarının payı 60 faizə bərabərdir. Azərbaycan Mərkəzi Bankı yanvar ayında bu il üçün ölkədə 7-8 faizlik inflyasiya proqnozlaşdırmışdı. Müharibə bu gözləntini xeyli yüksəldib. Buna görə də hökumət antiinflyasiya tədbirlərini gücləndirməli, əhalinin aztəminatlı təbəqələri qorumaq üçün operativ tədbirlər həyata keçirməlidir”.

R.Həsənov hesab edir ki, neft-qaz qiymətlərinin yüksək olması Azərbaycan manatının məzənnəsində dəyişiklik ehtimalını kəskin azaldır: “Bu baxımdan, devalvasiya riskini hələlik görmürəm. İnflyasiya yüksək olsa da, neft-qaz qiymətlərinin indiki səviyyəsi ölkəyə yetərincə xarici valyuta daxil olmasını şərtləndirir. Mövcud şərtlər daxilində hökumət özü hansısa yeni yanaşma ortaya qoymazsa, hansısa fors-major halı yaranmazsa, devalvasiya gözlənilən deyil”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR