İnsanlara hürriyət, millətlərə istiqlal!

Maliyyə Nazirliyinin baş məsləhətçisi Səlim Müslümovun məhkəməsində ifadə verdi

899 19.12.2022 22:28 Kriminal A A

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Dekabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə hazırda Maliyyə Nazirliyinin baş məsləhətçisi Anar Əliyev ifadə verib.

2015-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət şöbəsində Anar Əliyev deyib ki, plana uyğun olaraq müxtəlif rayonlarda yoxlamalar keçirib, aşkar olunmuş nöqsanlar barədə akt tərtib edib. Aktları İdarənin rəis müavini Nizami Xanlarova təhvil verib.

Anar Əliyev deyib ki, ən çox nöqsan adətən pensiya indekslərinin düzgün hesablanmaması ilə bağlı olub: “Amma heç kim mənə rüşvət verməyib. İstintaqda da rüşvətlə bağlı nə isə dediyimi xatırlamıram”.

Hakim Faiq Qəniyev şahiddən “nəyə görə pensiyalar ancaq artıq hesablanırdı, bir nəfər də demir ki, əksik hesablanıb”, deyə soruşub.

Prokuror Babaxan Həsənəliyevi təəccübləndirən isə işində nöqsan aşkar edilmiş şəxslərin yenidən fəaliyyətlərinə davam etmələri olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağan qəsəbəsində yerləşən “Əlillərin Bərpa Mərkəzi”nin anbar müdiri Vüsal Cəlilov olub. O, məhkəmədəki ifadəsində bildirib ki, mərkəzin “Qırxbulaq” MMC-ilə müqaviləsi olub: “Müxtəlif vaxtlarda şirkətə vəsait köçürülüb ki, həmin vəsaitin də bir hissəsi “otkat” formasında geri qaytarılıb. Mənim işim kuryerlik olub. Zərfdə pullar göndərirdilər, məndə nazirliyin iqtisadiyyat şöbəsinin müdir müavini Ülviyyə Məmmədovaya çatdırırdım”.

İttihama görə, mərkəzin ehtiyaclarının qarşılanması üçün köçürülən 117 min manatdan 9915 manat, 75 min manatdan 16 min manat, 146 min manatdan 30 min 953 manat "otkat" formasında qaytarılıb. Bütün bu vəsait Ülviyyə Məmmədovaya xidməti otağında təhvil verilib.

Daha sonra ifadə verən Dövlət Sosial Müdafiə Fondunun Quba və Xaçmaz şöbəsinin müdiri olmuş Yasin Rüstəmov isə işindəki nöqsanlara görə 2 dəfə rüşvət verdiyini deyib: “2013-2016-cı illərdə Qubada fond müdiri işləyirdim. Həmin vaxt nazirliyin daxili nəzarət şöbəsi yoxlama keçirdi. İşimdən olmamaq üçün idarənin rəis müavini Nizami Xanlarova 18 min manat verdim. Bundan sonra Xaçmaz DSMF-nun müdiri oldum. Ordakı nöqsanlarıma görə isə Xanlarova 15 min manat verdim”.

Növbəti proses dekabrın 26-da təyin olunub.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.

O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

E.Məmmədəliyev
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR