İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun “dişi sındırıldı” - Fransada solçuların qələbəsi nə vəd edir...

165 09.07.2024 12:49 Siyasət A A

Yeni Xalq Cəbhəsi solçu alyansı növbədənkənar seçkilərin ikinci turunda qalib gəldi; Razi Nurullayev: “Nəticələr əlacsızlıqdan və alternativsizlikdən verilən səslərdir”

Fransa Milli Parlamenti üçün ilkin səsvermənin məlumatları açıqlanıb. “Yeni Müsavat”ın verdiyi məlumata görə, Yeni Xalq Cəbhəsi solçu alyansı Fransa Milli Assambleyasına keçirilən növbədənkənar seçkilərin ikinci turunda qalib gələrək, 182 yer qazanıb. 

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi xəbər yayıb. İkinci yeri 168 mandat qazanan “Respublika Naminə Birlikdə” prezident koalisiyası tutur. Parlamentin aşağı palatasında üçüncü ən böyük fraksiya 143 yerlə sağçı Milli Birlik olacaq. Nəşrin məlumatına görə, “Respublikaçılar” da 45 yer alaraq parlamentin aşağı palatasına daxil olurlar. Bundan əlavə, Milli Assambleyanın yeni tərkibinə müxtəlif kiçik sağçı və solçu birliklərin 39 nümayəndəsi daxil olacaq. Beləliklə, əsas siyasi qüvvələrdən heç biri mandatların mütləq əksəriyyətini almır ki, bu da yeni hökumətin formalaşdırılmasını çətinləşdirir. 

Bu arada isə ölkənin baş naziri Qabriel Attal bazar günü istefa verib. Yeri gəlmişkən, 2012-2017-ci illərdə Fransanın prezidenti olmuş Fransua Olland Yeni Xalq Cəbhəsindən Milli Assambleyaya (parlamentin aşağı palatası) deputat seçilib. Amma Olland baş nazirliyə namizəd olacağını təkzib edib. Beləliklə, seçkilərdə nə Le Pen, nə Makronun partiyaları qalib gəldilər. Fransa prezidenti Emmanuel Makron isə solçu Yeni Xalq Cəbhəsi (YXC) koalisiyasını ölkəni idarə etməyə çağırıb. Bu barədə “Fəth olunmamış Fransa”nın (YXC-yə daxildir) lideri Jan-Lük Melanşon parlament seçkilərinin nəticələri fonunda bildirib. “Soir” telekanalının məlumatına görə, yekun seçici aktivliyi 67 faiz civarındadır ki, bu da 1997-ci ildən bəri ən yüksək göstəricidir.

Eyni zamanda seçkilər qarışıqlığa səbəb olub. Fransa polisi Parisin mərkəzində solçu “Yeni Xalq Cəbhəsi” tərəfdarlarının mitinqində baş verən iğtişaşları yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. İğtişaşlar Yeni Xalq Cəbhəsinin öndə getdiyi növbədənkənar parlament seçkilərinin ikinci turunun ilkin nəticələri elan edildikdən sonra başlayıb. Radikallar polisə daş və butulka atmağa başlayıb, daha sonra bir neçə adi və elektrikli velosipedi yandırıblar. Polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub. Bundan əvvəl Parisin mərkəzinə Respublika meydanına böyük polis və jandarm qüvvələri, eləcə də su şırnaqları yerləşdirildiyi bildirilirdi.

Onu da deyək ki, qalib solçu “Yeni Xalq Cəbhəsi” ittifaqının əsas seçki vədləri arasında Fələstin dövlətinin tanınması var. Solçu ittifaq Fələstini rəsmən tanımağa söz verdiyi halda, həmçinin Qəzza və işğal altındakı İordan çayının qərb sahilində beynəlxalq hüquqa əməl etmədiyi təqdirdə İsrailə qarşı sanksiyalar tətbiq edəcəyinə söz vermişdi. İsrailin Qəzzaya hücumlarının başladığı 7 oktyabr 2023-cü ildən bu yana ölkədə Fələstinə dəstək nümayişlərinə rəhbərlik edən “Üsyankar Fransa” (LFI) partiyası, növbədənkənar parlament seçkilərində olduğu kimi Avropa Parlamenti (AP) seçkilərində də Fələstin məsələsinə dəstək verib. Seçki kampaniyasında sol ittifaq minimum əməkhaqqını 1600 avroya çatdıracağına söz vermiş, həmçinin ərzaq, enerji və yanacağın qiymətlərini donduracağını vəd etmişdi. İcarəyə verilən subsidiyaların 10 faiz artırılması və pensiya yaşının 60-a endirilməsi də alyansın vədləri arasında idi.

Razi Nurullayev: "Gəlsinlər, görək, bu problemlərin neçə faizini..." -  MÜSAHİBƏ

Razi Nurullayev

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin sözlərinə görə, Fransada keçirilən seçkilərdə solçuların alyans yaradaraq qələbə çalması xeyli maraqlı hadisədir: “Hazırkı prezident Emmanuel Makronun da ikinci cəhddə yerlərinin sayını iki dəfə artırmağa nail olması Fransa cəmiyyətinin parçalanmış durumda və qeyri-stabil olduğunu göstərir. Bu günə qədər Fransada bir partiya mütləq əksəriyyəti qazanaraq hökuməti təkbaşına formalaşdırıb. 7 iyul 2024-cü il Fransanın tarixinə yeni dumanlı bir səhifə yazmış oldu”. R.Nurullayevin fikrincə, belə görünür ki, Fransa seçiciləri tamamən yolayrıcındadırlar və əslində mövcud qüvvələrdən heç birini tam dəstəkləmirlər: “Hətta deyərdim ki, heç birini istəmirlər. Sadəcə, ortada olan nəticələr əlacsızlıqdan və alternativsizlikdən dolayı verilən səslərdir. Əslində görünən odur ki, siyasətçilərdən daha çox fransızlar özləri mövcud vəziyyətdə Fransanı siyasi qarşıdurmalar və qarışıqlıqdan xilas etmək istəyirlər”. Deputata görə, bütün sorğular göstərir ki, hazırkı Fransa prezidenti tam olaraq Fransa cəmiyyətinin inamını itirib və populyar deyil: “Belə bir vəziyyətdə onun 2027-ci ilə kimi Prezident kürsüsündə qalması da çətin olacaq. Bir sözlə, demək olar ki, 7 iyul seçkiləri Fransada gərginliyi azaltmaq əvəzinə siyasi qüvvələr arasında olan uçurumu daha da dərinləşdirdi və bütövlükdə Fransanı pat vəziyyətinə saldı”.

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam – Yeni Çağ Media

Qabil Hüseynli

Professor Qabil Hüseynli hesab edir ki, seçkilərdən sonra Fransada idarəçilikdə böhran yarana bilər, lakin Makron üçün daha pisdən yaxşı pis baş verdi. Onun sözlərinə görə, Parisin Ermənistana dəstəyində ciddi dəyişiklik gözləmir, Azərbaycanla münasibətlərdə isə yumşalma istisna deyil. Professor seçkilərin nəticələrini Makron üçün siyasi uğursuzluq adlandırır: “Onun siyasəti daxildə narazılıq doğururdu. Son dövrlərdə reytinqi daha da aşağı düşmüşdü. Bu seçkilərdə məğlub olmasına baxmayaraq yaxşı qurtardı. Yəni daha biabırçı nəticələr ola bilərdi. Məncə, Le Penin partiyasının üçüncü olmasına da sevinməyə dəyər. Çünki o da qatı ermənipərəst idi və Makron ona baxanda "toya getməli" ermənipərəst sayılardı. Ümumilikdə, seçkilərin nəticələri Fransa cəmiyyətində yekdil mövqe olmadığını nümayiş etdirdi. Bu da lider problemindən qaynaqlanır. Makron Fransanın simasını ifadə etmir. Bundan sonrakı prezident seçkilərində böyük ehtimalla məğlub olacaq. Əgər solçular parlaq bir namizəd ortaya çıxarsalar, prezident seçkilərində də qalib gələ bilərlər". Q.Hüseynli son nəticələrin Ukrayna müharibəsinə təsirini görmür: “Kollektiv Qərb Kiyevi müdafiə edir. Britaniyanın yeni baş naziri də ilk zəngi Zelenskiyə etdi, ardınca Londonun siyasətinin dəyişmədiyini açıqladı. Məncə, Fransa parlamentində sosialistlərin qələbəsi Ukraynanın müdafiəsində mənfi nəticə doğurmayacaq”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR