Belarus prezidenti Aleksandr Lukaşenkonun oğlu Nikolay Lukaşenko Pekin Universitetinin diplomunu alıb.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.
Məlumata görə, postsovet məkanında hakim elitaların övladlarını böyük güc mərkəzlərində təhsil almağa göndərməsi uzun illərdir davam edən praktikadır.
Məqalədə qeyd olunur ki, 1990-2000-ci illərdə postsovet elitaları üçün əsas siyasi mərkəz Moskva hesab olunurdu. Həmin dövrdə onların övladları daha çox Moskva Dövlət Universitetində və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MQİMO) təhsil alır, paralel olaraq Qərb universitetlərini də seçirdilər.
Nəşr nümunə kimi Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun övladlarının Böyük Britaniyadakı Concord College, London İqtisadiyyat Məktəbi və Fransadakı biznes məktəblərində, Tacikistan prezidenti Emoməli Rəhmonun böyük oğlunun və qızlarından birinin isə ABŞ universitetlərində təhsil aldığını xatırladır.
Nikolay Lukaşenkonun Pekin Universitetində təhsil alması onun mediadakı obrazının artıq Moskva və ya Qərblə deyil, Çinlə əlaqələndirilməsi kimi qiymətləndirilir.
Musavat.com






