Azərbaycan üçün həm leyboristlərin, həm də mühafizəkarların özünəməxsus üstünlükləri və riskləri var
İyunun 22-də Böyük Britaniyanın baş naziri Kir Starmer istefa bəyanatı verib, hakim Leyboristlər Partiyasının liderliyindən çəkildiyini bildirib.
1962-ci il təvəllüdlü Kir Starmer 2020-ci il aprelin 4-dən Leyboristlər Partiyasının lideridir. 2024-cü il iyulun 4-də Leyboristlər Partiyası parlamentin alt qanadına - İcmalar Palatasına seçkini udub, iyulun 5-də Kir Starmer baş nazir postuna oturub.
İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanı birləşdirən Böyük Britaniyada kral dövlət başçısı sayılır. Hazırda III Karl (Çarlz) krallıq edir. Hökumət İcmalar Palatasına seçkinin nəticələri əsasında qurulur.
650 yerlik İcmalar Palatasında Leyboristlər Partiyasının 403 mandatı var.
Leyboristlər Partiyasının yeni lideri və potensial baş nazir kimi Endrü Bernhemin adı hallanır.
1970-ci il təvəllüdlü Endrü Bernhem parlamentin üzvü, mədəniyyət, KİV və idman naziri, səhiyyə naziri, Mançester meri olub.
2026-cı il iyunun 18-dən yenidən İcmalar Palatasının üzvüdür. Qeyd edək ki, Britaniyada Mühafizəkarlar Partiyası 2024-cü ildəki iyul seçkilərinədək 14 il idi ki, hakimiyyətdə idilər. Leyboristlər 2024-cü il iyulun 4-də parlament seçkilərində qələbə qazansalar da, bu uğuru inkişaf etdirə bilmədilər. Bu il mayın 7-də keçirilmiş bələdiyyə seçkilərində hakim partiya məğlubiyyətə uğradı.
Azərbaycan üçün hər iki partiyanın özünəməxsus üstünlükləri və riskləri var. Konkret seçim ölkənin enerji təhlükəsizliyi, regional siyasət və iqtisadi maraqlarından asılı olaraq dəyişir.
Leyboristlərin Cənubi Qafqaz da daxil olmaqla, əksər regionlar üzrə mövqeyi adətən birmənalı olmur. Belə qəbul olunub ki, Leyboristlər insan hüquqlarına, mühafizəkarlar isə daha çox biznesə diqqət verir. Yəni Azərbaycanla iqtisadi əlaqələr baxımdan mühafizəkarların qələbəsi Azərbaycana daha xeyirli ola bilər.
Böyük Britaniyanın ölkəmizdəki yeni səfiri Duncan Normandır. Diplomat qeyd edib ki, hazırda ölkələr arasında münasibətlər enerji sahəsi ilə məhdudlaşmır: “Müdafiə sahəsində münasibətlərimiz tarixinin ən güclü dövrünü yaşayır. Biz transsərhəd qanunsuz əmtəə qaçaqmalçılığı ilə mübarizə sahəsində sıx əməkdaşlıq edirik. Britaniya şirkətləri aviasiya, infrastruktur, maliyyə və süni intellekt kimi sahələrdə fəal iştirak edirlər. Biz Qarabağda mina təmizlənməsi fəaliyyətinə verdiyimiz dəstəklə qürur duyuruq və bunun vasitəsilə icmaların yenidən qurulmasına və bərpasına töhfə veririk. Təhlükəsizlik və iqtisadi əməkdaşlıqdan əlavə, əlaqələrimiz daha da möhkəmlənməkdədir”.
Britaniyada leyboristlərin, yoxsa mühafizəkarların hakimiyyətdə olması Bakıya uyğundur?

Azad Məsiyev
Politoloq Azad Məsiyev “Yeni Müsavat”a bildirdi ki, iqtisadi və enerji maraqları prizmasından Mühafizəkarlar Partiyası Azərbaycan üçün daha rahat tərəfdaş hesab oluna bilər. Çünki onlar xarici siyasətdə iqtisadi və geostrateji maraqları ön plana çəkirlər: “Lakin bu, leyboristlərin Azərbaycan üçün əlverişsiz olduğu anlamına gəlmir. Son iki ildə London-Bakı münasibətləri göstərib ki, Leyborist hökuməti dövründə də enerji əməkdaşlığı davam edib, müdafiə sahəsində əlaqələr genişlənib, mina təmizləmə və bərpa layihələrinə dəstək verilib, Britaniya şirkətləri Azərbaycanda fəaliyyətlərini qoruyublar.
Bakı üçün əsas məsələ Londonda hansı partiyanın hakimiyyətdə olmasından daha çox Böyük Britaniyanın Azərbaycanı Cənubi Qafqazda strateji tərəfdaş kimi görməyə davam etməsidir. Mühafizəkarlar hakimiyyətdə olarsa, iqtisadi və enerji əməkdaşlığı baxımından daha komfortlu mühit yarana bilər. Leyboristlər hakimiyyətdə qalsalar, insan hüquqları və idarəetmə məsələləri daha çox gündəmə gəlsə də, enerji, təhlükəsizlik və regional sabitlik kimi fundamental maraqlar əməkdaşlığın davamını təmin edəcək.
Bu səbəbdən Bakı üçün ən real ssenari hər iki partiya ilə işləmək və münasibətləri şəxslərdən və hökumətlərdən daha çox dövlətlərarası strateji tərəfdaşlıq səviyyəsində saxlamaqdır".
Politoloq hesab edir ki, Leyboristlər Partiyasında liderlik dəyişikliyi baş verərsə, bu, Böyük Britaniyanın Azərbaycan siyasətində müəyyən taktiki dəyişikliklər yarada bilər. Lakin Bakı-London münasibətlərinin əsas istiqamətlərinin partiyalardan daha çox Britaniyanın strateji maraqları ilə müəyyənləşdiyini nəzərə almaq lazımdır: “Leyboristlər ənənəvi olaraq xarici siyasətdə demokratiya, insan hüquqları, şəffaflıq və ekoloji standartlara daha çox önəm verirlər. Bu baxımdan yeni liderin də yürüdəcəyi siyasətdən asılı olaraq Azərbaycanla münasibətlərdə vaxtaşırı tənqidi bəyanatlar və parlament müzakirələri arta bilər. Bununla belə, Böyük Britaniyanın enerji təhlükəsizliyi və Cənubi Qafqazın geosiyasi əhəmiyyəti Leyborist hökumətini Azərbaycanla əməkdaşlığı davam etdirməyə məcbur edir. Xüsusilə Avropanın Rusiya qazından asılılığını azaltmağa çalışdığı şəraitdə Azərbaycanın rolu London üçün də əhəmiyyətlidir.
Endrü Bernhem lider seçilərsə, onun sosial yönümlü siyasəti ön plana çıxara biləcəyi gözlənilsə də, xarici siyasətdə radikal dəyişikliklər ehtimalı yüksək deyil. O, daha çox daxili iqtisadi və sosial məsələlərə fokuslanan siyasətçi kimi tanınır".
A.Məsiyev qeyd etdi ki, Mühafizəkarlar Partiyası tarixən Azərbaycanla daha praqmatik münasibətlər qurub. Onların yanaşmasında enerji əməkdaşlığı, investisiyalar, müdafiə və təhlükəsizlik məsələləri insan hüquqları gündəliyindən daha üstün mövqe tutur: “Azərbaycanın əsas xarici investorlarından biri olan BP vasitəsilə formalaşmış enerji tərəfdaşlığı da əsasən mühafizəkar hökumətlər dövründə daha rahat inkişaf edib. Mühafizəkarların hakimiyyətə qayıdışı enerji layihələrinə siyasi dəstəyi gücləndirə, Britaniya investisiyalarının artmasına müsbət təsir göstərə, müdafiə və təhlükəsizlik əməkdaşlığını genişləndirə, Qarabağ sonrası bərpa layihələrində biznes iştirakını artırmağa şərait yarada bilər”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






