İnsanlara hürriyət, millətlərə istiqlal!

Lirə hansı həddədək enə bilər - Türkiyədə iqtisadi islahatlar davam edəcəkmi...

1953 20.07.2023 09:12 Gündəm A A

Qısa bir aradan sonra Türkiyənin milli valyutası olan lirə yenidən ucuzlaşmağa başlayıb. İyulun 18-də Türkiyədə dolların məzənnəsi 27 TL-ni ötüb. Avronun məzənnəsi isə 30,66 lirəyə çatıb.

Qeyd edək ki, mayda keçirilən prezident və parlament seçkiləri yekunlaşdıqdan sonra Türkiyə valyutası ciddi dəyər itirib. Prezident Rəcəb Tayyib Ərdoğanın formalaşdırdığı yeni hökumət iqtisadiyyatda yaşanan problemləri aradan qaldırmaq üçün bir sıra addımlar atıb. İyunun 22-də son iki ildə ilk dəfə Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 8 faizdən 15 faizə qaldırıb. Daha sonra hökumət bir sıra vergi və rüsumların, bəzi qrup işçilər üçün maaşların artırılmasına gedib. Belə ki, Əlavə Dəyər Vergisi 18 faizdən 20 faizə qaldırılıb. Prezident Ərdoğanın imzaladığı fərmana əsasən turizm, tikinti və emal sektorları bu vergini ödəməkdən azaddır. Yerli bank və sığorta şirkətləri özləri azad olsalar da, bank və sığorta əməliyyatlarından ƏDV-nin ödənməsini təmin etməlidilər.

Türkiyə prezidentinin fərmanı ilə həmçinin viza qeydiyyatı, pasport, notarius, yaşayış yerinə qeydiyyat üçün xidmət haqları 50 faiz artırılıb. Xaricdən ölkəyə idxal olunan mobil telefonların qeydiyyat tarifi 6091 lirədən 20 min lirəyə - ondakı məzənnə ilə 233 dollardan 766 dollara qaldırılıb.

Bununla yanaşı, dövlət qulluqçularının minimum əmək haqqı mövcud 11,8 min lirədən 22 min lirəyə - təxminən 850 dollara qaldırılıb.

Daha bir addım nəqliyyat vasitəsinə görə ödənilən verginin 2 dəfə artırılmasıdır. Bu, bütün növ nəqliyyat vasitələrinə - avtomobil, su, hava - aiddir. Vergi avtomobilin sərnişin tutumu, yaşı, havaya buraxdığı qazların həcminə görə fərqli hesablanır. Ümumilikdə 1,6 mühərrikli avtomobilə görə vergi 120-150 dollar ətrafındadır.

Türkiyə hökuməti həmçinin illik gəlirdən hesablanan korporativ vergini 25 faizdən 30 faizə qaldırıb. Bu, maliyyə lizinqi, faktorinq, elektron ödənişlər, kapital bazarı iştirakçıları, sığorta və təkara sığorta sahələrində çalışan şirkətlərə, həmçinin pensiya fondlarına aiddir.

Eyni zamanda sırf ixracatdan əldə edilən korporativ gəlirlərə tətbiq olunan 1 faizlik vergi 5 fazə qaldırılıb.

Yeni hökumətin atdığı addımlar bir sıra müsbət nəticələr doğurub. Məsələn, lirənin məzənnəsini saxlamaq üçün dövlət ehtiyatlarından istifadənin dayandırılması bu ehtiyatların artmasına gətirib çıxarıb. İyunun 3-cü həftəsində Türkiyənin beynəlxalq valyuta ehtiyatlarının artımı 8,5 milyard dollar təşkil edib ki, bu da ölkə tarixində rekord hədd sayılır. Türkiyənin maliyyə naziri Mehmet Şimşək Tvitterdə qeyd edib ki, ölkə hakimiyyəti valyuta ehtiyatlarının artırılması istiqamətində işləri sürətləndirəcək: “Ölkə tədricən rasional iqtisadi siyasətə qayıdacaq və ehtiyatların gücləndirilməsi üçün əlavə xarici mənbələrin təmin edilməsi istiqamətində fəal iş aparacaq. Bundan əlavə, türk lirəsinə əsaslanan investisiyaların cəlb edilməsi üçün tədbirlər görüləcək”.

İyulun 17-də hökumətin qərarı ilə aksiz dərəcəsinin artırılması nəticəsində benzin və dizelin qiymətində 6 lirə bahalaşma olub. Yanacaq qiymətlərinin artması ölkədə yenidən həyəcana və lirənin dəyərsizləşməsinə gətirib çıxarıb. Əhali yeni hökumətin vergi və ödənişləri artırmasının ardınca lirənin dəyərsizləşməsindən narahatlıq keçirməkdədir.

Türkiyə Azərbaycanın strateji tərəfdaşı və ən böyük ticarət partnyorlarından biri olduğu üçün qardaş ölkə iqtisadiyyatındakı problemlər Azərbaycan cəmiyyətini də narahat edir. Bu problemlərin həll imkanları, gözləntilər müzakirə olunur.

Şahin Cəfərli: “Seçkinin tarixini bir il irəli çəkə bilərlər”

Şahin Cəfərli: “Sonunda IMF-dən borc alına bilər”

Politoloq Şahin Cəfərlinin fikrincə, hökumət iqtisadiyyatdakı problemləri həll, büdcə kəsirinin əlavə maliyyələşmə mənbələrini təmin etmək üçün vergi və ödənişləri artırır: “Büdcə kəsirinə yamaq vurmaq üçün başqa sahələrdə də ciddi vergi artımları var və bu tədbirlər davam edəcək. Seçki ərəfəsində maaş, təqaüd artımları, pul bolluğu, Mərkəzi Bank  rezervlərini əritmək hesabına mümkün qədər stabil saxlanılan məzənnə nəticəsində ölkədə yalançı bahar havası yaradılmışdı. Seçkidən sonra bunlara ehtiyac qalmadı, daha doğrusu, vəziyyəti olduğu kimi saxlamaq üçün resurs qalmadı. Məsələnin mənfi tərəfi odur ki, ortada ciddi bir böhrandan çıxış proqramı yoxdur və Türkiyənin ehtiyac duyduğu institutsional islahatlara dair siyasi iradə görünmür. Sadəcə, durumu stabilləşdirmək üçün atılan məcburi, palliativ xarakterli addımlar var. Bu isə yaxın gələcəkdə iqtisadi tərəqqinin başlayacağına ümid yaratmır. Qabar dağında kifayət qədər neft, Qara dənizdə isə yetərli miqdarda qaz çıxmır ki, bununla heç olmasa, daxili tələbat müəyyən qədər ödənsin”.

Politoloq hesab edir ki, çıxış yolu Beynəlxalq Valyuta Fondu (IMF) ilə Stand-by proqramı üzərində anlaşıb, əlverişli şərtlərlə kredit xətti açılmasına nail olunması ola bilər: “Lakin IMF Türkiyədə həm bu iqtidar, həm də bir çox müxalif çevrə tərəfindən dəhşətli şəkildə şeytanlaşdırılıb. (Türkiyə özü IMF üzvü olduğu halda.) "Borc alan əmr alar" deyimi ölkədə populyardır, halbuki ötən illər ərzində başqa mənbələrdən alınmış 460 milyard dollarlıq borc var. Düzdür, prezident Ərdoğan dünən dediyinin bu gün 180 dərəcə əksi yönündə addım atsa belə, öz seçicilərinə bunu asanlıqla qəbul etdirmək kimi bir lüksə sahibdir. Amma IMF ilə bağlı əsas problem budur ki, bu qurum razılaşdırılan proqramın icrasının hər mərhələsinə nəzarət edir və ciddi şəffaflıq tələb edir. Gedişat onu göstərir ki, sonda (bəlkə bələdiyyə seçkilərindən sonra) istəmədən də olsa, IMF ilə anlaşmaq zorunda qala bilərlər. Çünki aşağı faizlə böyük miqdarda borc verəcək başqa bir struktur yoxdur.

Amma Türkiyənin dövlətə aid ərazilərinin və Varlıq Fondunda toplanmış dövlət şirkətlərinin ərəb şeyxlərinə satılması ehtimalı da az deyil"...

Elman Sadıqov: “Azərbaycanda sığortalanmış əmanətlərin hamısı sahiblərinə  qaytarılıb”

Elman Sadıqov: “İslahatların ikinci mərhələsi əhali üçün ağrılı keçir”

İqtisadçı-ekspert Elman Sadıqov isə hesab edir ki, lirənin dəyərsizləşməsi labüddür: “Hökumət riskli siyasət yürütməyə məcburdur. Çünki həyata keçiriləcək monetar siyasət həm ixracatçıların istəklərini nəzərə almalı, həm lirəyə valyuta ehtiyatlarından müdaxilələrə son qoymalı, həm inflyasiyanı boğmalıdır və sair. Bu hədəflərin isə bəziləri bir-birləri ilə ziddiyyət təşkil edir. Məsələn, ixracatçılar lirənin bahalı olduğunu və ixraca mənfi təsir etdiyini qeyd edirlər, digər tərəfdən bahalı lirə inflyasiya formalaşdırır. Sual oluna bilər ki, bu qədər dəyər itirən lirə niyə bahalıdır ki? Bəli, bahalıdır. Bu gün türk lirəsi keçən dövr ərzində inflyasiya səviyyəsi və müdaxilələr nəticəsində real bazar dəyərindən bahalı qalıb. Xüsusilə son 5-6 il ərzində lirə öz bazar dəyərinə 1-2 il gecikmə ilə çatıb. Deməli, öncə lirə öz real bazar dəyərinə (ilkin mərhələdə 26-27, sonra 30, vəziyyətdən asılı olaraq 35 qədər mümkündür) çatdırılmalıdır ki, bu da tədrici, kiçik faiz artımları ilə həyata keçiriləcək. Lirə öz real bazar dəyərinə (həm də iqtisadiyyatın, tədiyyə balansının tələbinə) uyğun həddə çatdıqdan sonra kurs valyuta müdaxilələri ilə deyil, faiz dərəcələri ilə tənzimlənəcək”.

Ekspert bildirir ki, Türkiyə iqtisadiyyatında baş verən hadisələr keçmiş illərdən yığılan problemlərin həllinə çalışmalardır: “Bu ilin birinci yarımili üzrə Türkiyə dövlət büdcəsinin kəsiri 430 milyard lirə civarındadır. Bu göstəricinin ilin sonuna 1 trilyon lirəni keçəcəyi gözlənilir. Türkiyə tədiyə balansının kəsiri Mehmet Şimşek maliyyə naziri təyin olunana qədər ayda 8-9 milyard dollara çatırdı. İndi bu kəsir 5-6 milyard dollara qədər enib. Tədiyə balansının kəsirini bağlamaq üçün dövlətin ehtiyatlarından, xüsusilə Mərkəzi Bankın ehtiyatlarından istifadə olunurdu.  Bu gün lirənin dəyərdən düşməsi gözlənilən haldır. Mərkəzi Bank hazırda lirənin məzənnəsini saxlamaq üçün valyuta bazarına hər hansı intervensiya həyata keçirmir. Yəni lirə sərbəst buraxılıb, məzənnəni bazar müəyyənləşdirir".

Ekspertə görə, Türkiyə hökumətinin iqtisadiyyatdakı problemləri aradan qaldırmaq üçün həyata keçirməli olduğu islahatlar 3 mərhələdən ibarət ola bilər: “Birinci mərhələ indiyədək atılmış addımlardır. Bura daxildir lirənin sərbəst buraxılması, büdcə kəsirini bağlamaq üçün vergilərin artırılması. İkinci mərhələdə lirənin məzənnə itkisi davam edəcək. Üçüncü mərhələdə - tədiyə balansındakı kəsir aradan qaldırıldıqdan sonra inflyasiyaya qarşı mübarizə tədbirləri həyata keçiriləcək. İndiki mərhələdə belə tədbirlər əks-effekt verə, islahatları yarımçıq qoya bilər. Şimşek həm maliyyə, həm də fiskal siyasəti müəyyən edir. Hər iki sahəni gözəl bilir. Nəticə etibarilə Türkiyədə hazırda monetar və fiskal siyasətin simbiozu həyata keçirilir”.

E.Sadiqovun sözlərinə görə, bu mərhələdə əhali üçün xoş olmayan proseslər gedir və gedəcək: “Vergilər artır, inflyasiya var, lirə dəyərsizləşir və sair. Bu problemlər üçüncü mərhələdə - antiinflyasiya tədbirləri həyata keçirilməyə başlayanda tədricən zəifləyəcək, islahatlar investisiyaları artırıb, yeni iş yerlərini çoxaldanda isə tamamilə aradan qalxacaq. Burada problemlərin müvəffəqiyyətli həlli bir sıra amillərdən asılıdır: ölkəyə investisiya, valyuta cəlbindən, islahatların davamlılığından, siyasi qərarların iqtisadi qərarları üstələməməsi və sair. Bildiyiniz kimi, gələn il Türkiyədə bələdiyyə islahatları keçiriləcək. Bu, siyasi məqsədlərin iqtisadiyyata mənfi təsiri ehtimalını artırır. Əgər yeni hökumət bu təsirlərə imkan verməyib islahatları davam etdirəcəksə, müsbət nəticələr əldə edə biləcək”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR