İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın dəhlizinin ermənilərin üzünə bağlanmasına sayılı günlər qaldı

3792 08.06.2022 08:50 Gündəm A A

28 km-lik alternativ yol istismara verilmək ərəfəsində; deputat: “Yeni yolun çəkilişi onların bir çox arzularının üstündən xətt çəkəcək”; QAT sədri: “Laçına da, Laçın dəhlizinə də tam nəzarət Azərbaycanın əlinə keçəcək”

Laçın şəhərindən yan keçən avtomobil yolu bu ilin yay aylarında istifadəyə veriləcək. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov hələ bir neçə ay əvvəl keçirdiyi mətbuat konfransında bildirmişdi.

Agentlik rəhbərinin sözlərinə görə, Azərbaycan əhalisinin birbaşa hərəkətini təmin etmək üçün Laçın şəhərindən yan keçən avtomobil yolu çəkilir: “Laçından keçmədən çəkilən alternativ yoldan isə həm ermənilər, həm də azərbaycanlılar istifadə edəcək. Həmin yol Laçının 6 kəndini birləşdirəcək. Sözügedən alternativ yolun uzunluğu 28 km olacaq. Yol bu ilin iyul ayına qədər istifadəyə veriləcək”. Artıq iyun ayının ilk həftəsi başa çatıb və bu, o deməkdir ki, yolla bağlı işlər, əvvəlcədən nəzərdə tutulduğu kimi, yekunlaşmaq üzrədir.

Bugünlərdə isə S.Məmmədov daha bir açıqlama verib. “Tarixən Ermənistan Respublikasından Azərbaycanın rayonlarına gedən avtomobil yolu Laçın şəhərinin mərkəzindən keçib. Hazırda da Qarabağda yaşayan ermənilərin Ermənistanla əlaqəsinin olması üçün həmin yol istifadəyə verildi. Həmin yol Laçın dəhlizi deyil, Azərbaycanın tarixi yoludur” - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri bildirib. Onun sözlərinə görə, Azərbaycan əhalisinin birbaşa hərəkətini təmin etmək üçün Laçın şəhərindən yan keçən avtomobil yolu çəkilir: “Hazırda ermənilər Laçın şəhərinə daxil olaraq hərəkət edirlər. Laçından keçmədən çəkilən alternativ yoldan həm ermənilər, həm də biz istifadə edəcəyik. Həmin yol Laçının 6 kəndini birləşdirəcək. Sözügedən alternativ 28 km olan yolun artıq 17 km-i çəkilib, Həkəri çayı üzərində bir körpü də tikilib. Cari ilin iyul ayına qədər istifadəyə veriləcək”. (Bakupost.az) Göründüyü kimi, işin xeyli hissəsi başa çatıb.

Qeyd edək ki, bu, 10 noyabr anlaşmasında yer alıb deyə, Rusiya və Ermənistan gedişata mane ola bilmir. Ekspertlər qeyd edir ki, alternativ yolun özəlliyi tək Laçın şəhərinin tam şəkildə bizim nəzarətə keçməsi deyil. Həm də Ermənistanın Laçın dəhlizi adlandırdığı köhnə yoldan Xankəndinə müxtəlif kommunikasiya xətləri - işıq, qaz, internet və sair gedir. Yeni yolda isə bu kommunikasiya xətləri olmayacaq, Xankəndi şəhərinin bütün kommunikasiya təminatını biz həyata keçirəcəyik.

Rəsmi İrəvanın davranışlarından belə anlaşılır ki, erməniləri Laçın şəhərinin içərisindən keçən indiki dəhliz tam qane edir. Məqsəd həm də Laçın koridoru yaxınlığındakı Azərbaycan kəndlərində yerləşdirilmiş ermənilərin “təhlükəsizliyi”dir. Çünki əsasən, Şuşanın kəndləri Laçın dəhlizi istiqamətində yerləşir, alternativ yol tikintisi başa çatdıqdan sonra həmin kəndlər də Azərbaycanın nəzarətinə qayıtmalıdır. Ümumilikdə bu yolun açılışından sonra nə dəyişəcək? Yeni yola nəzarət necə həyata keçiriləcək? Laçın yolundakı Azərbaycan kəndləri ermənilərdən təmizlənəcəkmi? Bütün bu suallarla bağlı ekspertlərimizin maraqlı cavabları, təhlilləri oldu.

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC

 Arzu Nağıyev 

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a öncə bildirdi ki, artıq Qarabağı Ermənistanla birləşdirəcək yeni yol-dəhlizin haradan keçəcəyi məlumdur: “Bu yol Kərkicahandan  - Xankəndi ətrafından - Qaybalı, Zarıslı və Turşsu kəndlərindən keçəcək və Laçın şəhərinə daxil olmadan Kirov, Böyük Qaladərəsi və Kiçik Qaladərəsi yaşayış məntəqələrindən də keçməklə Ermənistanın Azərbaycanla sərhədin 400 metrliyində yerləşən, ermənilərin ”Kornidzor" (Zəngəzurun Gorunzur kəndi-E.P.) adını verdikləri qəsəbəyə çıxacaq".  Deputat qeyd etdi ki, alternativ yolun çəkilişi Laçın dəhlizinə alternativ olaraq 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanın 6-cı bəndinə əsasən aparılır: “Həmin sazişdə isə üç dövlətin rəhbərinin imzası var. Əsas məqsəd də 1 dekabr 2020-ci il tarixində Laçın rayonunun azad olması idi. Ermənilər cidd-cəhdlə dəhlizin eninin 10 km olmasını istəyirdilər, lakin Prezident İlham Əliyevin qəti mövqeyi nəticəsində 5 km-lik razılaşma oldu, yəni əsas məqsəd həmin o zolaqlarda qalan kənd və Laçın şəhəri ilə bağlı idi. Bu yolun açılması ilə yeni bir hərəkət marşrutunun yaranması və Laçın şəhərinin tam şəkildə Azərbaycanın nəzarətinə keçməsi mühüm bir məsələdir”. A.Nağıyev qeyd etdi ki, tikinti işləri başa çatdıqdan sonra Rusiya sülhməramlıları da Laçındakı dislokasiya yerini tərk edib, yeni çəkilən yola nəzarət edəcəklər: “Yəni sülhməramlılar Laçın şəhərindən çıxırlar. Eyni zamanda Azərbaycan tərəfi şəhərin infrastrukturlarının bərpasına başlamaq imkanı qazanır. Təbii ki, böyük qayıdışın mühüm bir hissəsi də məhz bu vacib mərhələdir. Bununla yanaşı, sərhəddə delimitasiya və demarkasiya məsələsi başa çatdıqdan sonra Laçın dəhlizinə nəzarət də güclü olacaq, gələcəkdə orada hava limanının tikilməsi, quruculuq işlərinin aparılması və bir sıra infrastrukturun bərpası da gündəmdədir”. Deputat qeyd etdi ki, hazırda biz audiovizual şəkildə orada baş verənləri izləyə bilirik, kimlərin keçdiyini, nə qədər avtomobillərin gəldiyini görürük, həmçinin gələn yükləri nəzarətdə saxlamaq iqtidarındayıq: “Təbii ki, delimitasiya və demarkasiya məsələsi başa çatdıqdan sonra biz orada öz sərhədimizi quracağıq, mütləq şəkildə gömrük və digər məsələləri həyata keçirəcəyik. Ən mühüm məsələlərdən biri də Azərbaycan tərəfindən Ermənistan və Qarabağ ərazisindəki separatçıların qanunsuz əlaqəsinin tam kəsilməsi deməkdir”.

Bakupost.az - Prezidentliyə daha bir namizəd - Akif Nağı

Akif Nağı 

QAT sədri Akif Nağı hesab edir ki, Laçın şəhərindən yan keçəcək yolun işə düşməsi həmin regionda situasiyanı tam dəyişdirəcək: “Ermənilərin bir çox əsassız iddialarına, həmçinin təxribat cəhdlərinə son qoyulacaq. Ermənilər hələ ki fəaliyyətdə olan yol vasitəsilə, Rusiya sülhməramlılarının da dəstəyinə arxalanaraq, Laçının özündə, həm də yolboyu kəndlərdə mövcudluqlarını qoruyub saxlamağa çalışırlar. Yeni yolun çəkilişi onların bir çox arzularının üstündən xətt çəkəcək”. Bununla belə, A.Nağı yekun haqqında danışmağa tələsmir. Hesab edir ki, bu yolun istifadəyə verilməsinin tezliklə baş tutacağını söyləmək mümkün deyil: “Hələlik bu, məlum deyil. Ermənilər hər cəhdlə işə mane olmağa çalışırlar. Mətbuatda gedən məlumatlara görə, yolun Ermənistan hissəsində hələ heç bir iş getmir. Ermənistan tərəfi müxtəlif bəhanələrlə vaxtı uzatmağa cəhd edir. Ona görə də Azərbaycan bu məsələni gündəmə gətirməli, erməni tərəfin də tikinti işlərinin başlaması və sürətlə həyata keçməsinə nail olmalıdır”. QAT rəhbəri güman edir ki, yeni yola nəzarət ilk vaxtlar, böyük ehtimalla sülhməramlılar tərəfindən həyata keçiriləcək: “10 noyabr razılaşmasında bu format nəzərdə tutulur. Amma Azərbaycan çalışmalıdır ki, yeni yolda Rusiya sülhməramlıları köhnə yoldakı kimi özlərini vəziyyətin tam sahibləri kimi hiss etməsinlər. Digər tərəfdən, erməni xarici işlər naziri Ararat Mirzoyan belə bir açıqlama ilə çıxış edib ki, yollara hər ölkənin özünün nəzarət etməsi nəzərdə tutulur. Bu baxımdan yeni Laçın yolu istifadəyə verilənədək bu razılaşma qüvvəyə minə bilər. Onda Laçın yoluna da tam nəzarət Azərbaycanın əlinə keçəcək”. A.Nağı bölgədə ermənilərin sayının azaldığını da vurğuladı: “Bizdə olan məlumatlara görə, Laçının kəndlərində ermənilər çox az sayda qalıb, sayları Zabux kəndində bir az nəzərəçarpandır. Onların həmin ərazilərdə qalması absurddur. Özləri də bunu başa düşür və çəkilib gedirlər. Yola nəzarət özümüzə qayıtdıqda, sonra isə bu təmizləmə prosesi daha sürətlə gedəcək”.

Azərbaycan-Türkiyə əlaqələri strateji müttəfiqlik sahəsində ən güclü  nümunədir” – TURAL İSMAYILOV – EtikXəbər

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov xatırlatdı ki, 10 noyabr bəyanatında Laçın şəhərinə gedəcək alternativ yolla bağlı konkret müddəa var: “Ona görə də bu müddəanın tələbləri Ermənistan və hətta Rusiyanı nə qədər qane etməsə də, edəcək heç nələri yoxdur. Çünki həmin bəyanatda Rusiya prezidentinin və Ermənistan baş nazirinin də imzası var. Bu baxımdan Laçına çəkilən yeni alternativ yola heç bir formada əngəl ola bilməzlər. Azərbaycan torpaqlarını işğaldan azad edərək öz ərazilərində suveren hüquqlarını bərpa edir. Çox qısa müddətdə Azərbaycan yeni yolu istifadəyə verəcək. Artıq ermənilər də yolun çəkilişinin yekunlaşmaq üzrə olduğu haqqında paylaşımlar edirlər”. Ancaq T.İsmayılov hesab edir ki, yolun açılışından sonrakı dönəmdə bir sıra vacib addımların atılması zəruridir: “Rusiya bu məsələdə mütləq şəkildə addımlar atmalıdır: Birincisi, Laçına gedən yolda yerləşən Azərbaycan kəndlərində qalmış ermənilərin separatçılarla əlaqəli olanları oradan qovulmalı, Azərbaycan vətəndaşlığını qəbul edib yaşamaq istəyənlərə isə əngəl olmamalıdır. İkincisi, Laçin yoluna separatçılar və terrorçular tərəfindən hansısa provokasiyalar etmək ehtimalına görə birbaşa məsuliyyət daşıdığını yaxşı dərk etməlidir. Üçüncüsü, Laçın dəhlizi ilə bağlı məsələ konkretləşdirilməlidir. İstənilən halda, yeni yolda nəzarəti Azərbaycan həyata keçirəcək. Ola bilsin ki, erməni sabotajlarının qarşısını ala bilmək üçün rus sülhməramlılarının müəyyən yardımlarından istifadə edilsin. Hər halda, yeni yol açıldıqdan sonra bu suallara aydınlıq gələcək”. Ekspert qeyd etdi ki, Laçın yolu üzərindəki kəndlərdə yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır: “Rusiya həmin ermənilərin Azərbaycana inteqrasiya olunmağında maraqlı görünmür. Lakin Azərbaycan bu məsələdə daha çevik addımlar atacaq deyə, düşünürəm. Qarabağdakı erməniləri nə qədər Azərbaycana cəlb etsək, bu, separatçıların və onların ağalarının təbliğat imkanlarını da darmadağın edəcək”.

Bu yerdə zəruri xatırlatma edək: 44 günlük müharibə başa çatdıqdan sonra kapitulyasiyaya imza atan Ermənistan digər ərazilərdən ordusunu çıxartmaq və qanunsuz məskunlaşma nəticəsində ərazilərimizdə yaşayanları təxliyə etməkdən ötrü Azərbaycandan əlavə vaxt istəmişdi. Amma erməni vandallar Kəlbəcəri tərk edərkən hətta ağacları belə doğrayıb apardılar, daşıya bilmədikləri heyvanları güllələdilər, arı pətəklərini yandırdılar, evlərə, məktəblərə, müxtəlif obyektlərə od vurdular. 1993-cü ildə cüzi dağıntılarla ələ keçirdikləri Kəlbəcər rayonunu son günlərdə darmadağın edib, cəhənnəm oldular. Odur ki, Laçın rayonunun, daha doğrusu, Laçın şəhərinin boşaldılması nəzarət altında həyata keçirilməlidir ki, Azərbaycan əhalisinə məxsus evləri Kəlbəcərdəki evlərimizin vəziyyətinə salmasınlar. Bu mənada Rusiya-Türkiyə Birgə Monitorinq Qrupunun da aktiv fəaliyyətinə zərurət var. Həmçinin istisna deyil ki, proseslər Azərbaycanın müvafiq qurumunun nəzarəti altında həyata keçiriləcək. Ən çox həsrətlə gözləyənlər isə Laçının doğma və əzəli sakinləridir, 1992-ci ilin 18 mayından didərgin düşdükləri şəhərə qayıdacaqları günün intizarındadırlar.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR