İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürdlər bölgədən getdi - Suriya ordusu Rakka yaxınlığındakı həbsxanaya nəzarəti ələ aldı

705 23.01.2026 23:03 Dünya A A

Suriya hökumət qüvvələri Rakka şəhərinin şimalında yerləşən və “İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasının üzvlərinin saxlanıldığı “Əl-Aktan” həbsxanasına nəzarəti ələ keçirib.

Musavat.com xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.

Məlumata görə, Dəməşqlə kürd silahlı birləşmələri arasında əldə olunmuş razılaşmaya əsasən, kürd qüvvələri ərazini tərk etdikdən sonra həbsxana Suriya təhlükəsizlik strukturlarının nəzarətinə keçib. “Əl-Aktan” həbsxanası Suriya Daxili İşlər Nazirliyinin tabeliyinə verilib və nazirliyin əməkdaşları burada saxlanılan şəxslərlə bağlı istintaq materiallarının araşdırılmasına başlayıblar.

Yerlı hakimiyyət orqanlarının bildirdiyinə görə, hazırda həbsxanada təxminən 2 min məhbus saxlanılır. Onların neçə nəfərinin İŞİD üzvü olduğu isə açıqlanmayıb.

Eyni zamanda, kürdlərin nəzarətində olan “Suriya Demokratik Qüvvələri”nin (SDQ) tərkibindəki 800 döyüşçüyə qərbə — hələ də SDQ-nin nəzarətində qalan Kobani istiqamətində geri çəkilməyə icazə verilib. SDQ-dən bildirilib ki, ABŞ başda olmaqla beynəlxalq koalisiyanın dəstəyi ilə “Əl-Aktan” həbsxanası ərazisindən qüvvələrin çıxarılması prosesi tam başa çatdırılıb.

AP xatırladır ki, bu həftənin əvvəlində Suriya ordusu ölkənin şərqində yerləşən Əş-Şəddadi şəhərindəki başqa bir həbsxanaya daxil olub. Yaranmış qarışıqlıqdan istifadə edən 120 İŞİD üzvü oradan qaça bilib, lakin onların böyük əksəriyyəti sonradan yenidən saxlanılıb. Çərşənbə günü isə Suriya hərbçiləri Əl-Hol həbsxanası və qaçqın düşərgəsinə də nəzarəti ələ keçiriblər. Həmin düşərgədə İŞİD üzvləri və onların ailə üzvləri saxlanılır.

Agentliyin məlumatına görə, ABŞ bu həftə Şimali-Şərqi Suriyada SDQ-nin nəzarətində olan və müxtəlif saxlanma mərkəzlərində yerləşdirilən 9 minə yaxın İŞİD-lə əlaqəli məhbusun bir hissəsinin İraqa köçürülməsinə başlanıldığını da açıqlayıb.

Elşən Məmmədəliyev
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR