Ukraynanın gələcəkdə Krım körpüsünü yenidən sıradan çıxarmağa cəhd göstərəcəyi ehtimal olunur. Ekspertlər hesab edirlər ki, Krıma təzyiqin artması Rusiyada yeni səfərbərlik dalğasına səbəb ola bilər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Der Spiegel məlumat yayıb.
Nəşrin müsahibi, hərbi analitik Frans-Ştefan Qadinin sözlərinə görə, Kiyev Rusiyanın təchizat marşrutlarını hədəfə alaraq Krıma yüklərin əsasən Kerç körpüsü vasitəsilə çatdırılmasına nail olmağa çalışır. Onun fikrincə, bundan sonra Ukrayna həmin körpünü vurmağa cəhd göstərə bilər.
Ekspert ehtimal edir ki, mümkün hücum qanadlı və ballistik raketlər, həmçinin hava və dəniz dronlarının birgə tətbiqi ilə həyata keçirilə bilər. O, yeni diversiya əməliyyatının da istisna olmadığını bildirib.
Qadinin sözlərinə görə, Ukrayna Krıma gedən quru dəhlizinin müəyyən hissələrini də atəş nəzarəti altına almağa çalışa bilər. Son həftələrdə bu marşrutla hərəkət edən nəqliyyat vasitələrinə dron hücumlarının artdığı qeyd olunur.
Hərbi analitik hesab edir ki, Rusiya Donbas istiqamətində hücum əməliyyatlarını davam etdirəcək və bunun üçün cənub cəbhəsindən qüvvələr çıxara bilər. Bu isə Ukrayna ordusuna cənub istiqamətində əks-hücum üçün əlavə imkan yarada bilər.
Məqalədə qeyd olunur ki, yaxın aylarda hər iki tərəfin cəbhədən uzaq ərazilərə dron və raket zərbələri daha da intensivləşəcək. Ekspertin fikrincə, üstünlüyü pilotsuz aparatların zərbələrini cəbhədəki əməliyyatlarla daha effektiv əlaqələndirə bilən tərəf əldə edəcək.
Frans-Ştefan Qadi hesab edir ki, Krıma təzyiq kritik həddə çatarsa, Rusiya hakimiyyəti yeni səfərbərlik elan edə bilər. Onun sözlərinə görə, Moskva alternativ olaraq dron əleyhinə sistemləri, yeni sürətli atəş vasitələrini və maskalanma texnologiyalarını inkişaf etdirə bilər, lakin bunların qısa müddətdə tətbiqi çətin görünür.
Der Spiegel yazır ki, oxşar proqnozları digər hərbi analitiklər də səsləndirirlər. Müstəqil Fronts nəşrində dərc olunan təhlildə bildirilir ki, Ukraynanın təşəbbüsü ələ alması, müqaviləli hərbçilərin sayının azalması və logistik problemlərin artması fonunda Kreml yeni səfərbərlik qərarı vermək məcburiyyətində qala bilər.
Məqalədə qeyd olunur ki, mümkün səfərbərlik zamanı Rusiyada ən azı 300 min nəfərin orduya çağırıla biləcəyi ehtimal edilir. Bundan başqa, Financial Times qəzetinin həmsöhbətlərindən biri də Rusiyanın müdafiə sənayesinin imkanlarının tükənməyə başladığını və yeni səfərbərliyin Kreml üçün əsas variantlardan birinə çevrilə biləcəyini bildirib.
Musavat.com






