İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin “sülh Rusiyada imzalansın” israrı - Bakı və İrəvan isə...

1216 20.01.2024 10:56 Siyasət A A

Şimal qonşumuz Azərbaycan və Ermənistan arasında yekun razılaşmanın ikitərəfli əsaslarla deyil, üçtərəfli və onun moderatorluğu ilə imzalanmasında israrlıdır; Qərbin oyuncağına çevrilən Paşinyan hökuməti prosesi pozmağa çalışır; Azərbaycanda isə hesab edirlər ki...

Rusiya müəyyən sakitlikdən sonra yenidən Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə moderatorluq etmək niyyətini xatırlatdı. Belə bir niyyət başı Ukrayna müharibəsinə qarışsa belə, şimal qonşumuzun heç bir halda təşəbbüsü Qərb paytaxtlarına vermək niyyətində olmadığını bir daha təsdiqləyir.

“Üçtərəfli bəyanat (10 noyabr 2020 - red.) Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanıb. Orada Fransa prezidenti Emmanuel Makronun imzası yoxdur”. Bunu yanvarın 18-də Rusiya xarici işlər naziri Sergey Lavrov keçirdiyi illik mətbuat konfransında bildirib. O, 2022-ci ilin oktyabrında Makronun iştirakı ilə Praqada keçirilən sammitdə Ermənistan və Azərbaycanın qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüyünü tanıdığını və 1991-ci ilin Almatı Bəyannaməsinə istinad olunan sənədi imzaladıqlarını xatırladıb. Qeyd edib ki, həmin bəyannaməyə istinad olunan sənədin imzalanması o anlama gəlir ki, Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyıb. Lavrov habelə iddia edib ki, Azərbaycan Rusiya ərazisində sülh müqaviləsini imzalamağa hazırdır. “Qərb tərəfdaşlarının Ermənistan-Azərbaycan sülh müqaviləsini yalnız onların ərazisində imzalanmasını istəmələri faktdır. Azərbaycanın bu, münaqişənin dayandırıldığı Rusiya ərazisində yekunlaşmasını istəməsi də faktıdır. İrəvanın buna nə qədər hazır olması mənə məlum deyil. Rəsmi İrəvana müvafiq siqnalların göndərilməsi də mənə məlum deyil”, - deyə Lavrov əlavə edib.

Hərçənd təxminən məlumdur: Ermənistan bu xüsusda Rusiyanı özünə sərfəli məkan saymır, daha çox Qərbə meyllənir. Ən əlverişli variant isə Bakı ilə birbaşa danışıqlardır və sülh sənədi sərhəddə və ya uzaqbaşı tam neytral ölkə olan Gürcüstanda imzalana bilər. Bu xüsusda Prezident İlham Əliyev yanvarın 10-da yerli telekanallara müsahibəsində belə deyib: “Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik. Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq. Hər iki variant da mümkündür”.

Ancaq bir məqamı da xüsusilə vurğulamağa zərurət var.  Aydındır ki, Moskva Azərbaycan-Ermənistan sülh sənədinin hər hansı Qərb platformasında imzalanmasının əleyhinədir, buna qarşı əlindən gələni edir və edəcək. O səbəbdən 2024-cü il yəqin ki, vasitəçilik uğrunda Qərblə Rusiya arasında rəqabətin pik həddə çatması ilə yadda qalacaq. Tiflis variantı da çətin ki, Kremli qane etsin. Bununla belə, qəti və son söz əlbəttə ki, Bakı və İrəvanındır. Onlar ortaq məxrəcə gələrsə, nə Rusiyalıq, nə də Qərblik bir şey qalmayacaq. Bəs Lavrov Bakı sülh müqaviləsinin Rusiyada imzalanmasına hazır və razıdır, deyərkən nə dərədəcə səmimidir?

Elçin Mirzəbəyli ermənilərin ən yaxşı bacardığı işlərdən DANIŞDI

Elçin Mirzəbəyli 

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bu barədə açıqlamasında bildirdi ki, Bakının İrəvanla sülh müqaviləsini Rusiyada imzalamağa hazır olması barədə imperativ fikir söyləmək üçün hazırda heç bir rəsmi istinad mənbəyimiz yoxdur: “Təbii ki, Sergey Lavrovun nəyə əsaslanaraq belə bir qənaətə gəldiyini də söyləyə bilmərik. Bununla yanaşı, əgər Azərbaycan-Rusiya münasibətlərinin mövcud vəziyyətini, həm Azərbaycan, həm də Ermənistanın MDB üzvü olduğunu, rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü məhz MDB-nin yaradılması ilə bağlı Almatı bəyannaməsinə əsasən tanıdığını, həmçinin döyüş əməliyyatlarının dayandırılması ilə bağlı 10 noyabr 2020-ci il bəyanatının məhz Rusiyanın vasitəçiliyi ilə imzalandığını nəzərə alsaq, sülh müqaviləsinin Rusiyada imzalanması ilə bağlı Azərbaycan tərəfində hər hansı ciddi tərəddüdün olduğunu düşünmürəm. Yəni sadaladığım məqamlar, regiondankənar xarici aktorların sülh müqaviləsinin imzalanmasına ev sahibi etmələrini daha çox şübhə altına alır, nəinki Rusiyanın”. 

Analitik qeyd etdi ki, Azərbaycan üçün önəmli olan sülh prosesini pozmağa çalışan, ölkəmizin suveren hüquqlarına qarşı çıxış edən, Bakının əleyhinə gecə-gündüz şər-böhtan kampaniyası aparan ölkələrin sülh müqaviləsinin imzalanmasına ev sahibliyi etməmələridir: “Çünki onlara münasibətdə etimad limiti tamamilə tükənib və əgər sülh müqaviləsinin həmin ölkələrin ərazisində imzalanması razılaşdırılsa da, bu, baş tutmayacaq. Ona görə ki, həmin ölkələr, yaxud təsisatlar bütün hallarda Nikol Paşinyana ötürdükləri tezisi qabardacaq və hansısa formada prosesdə ”zəmanətçi" kimi yer almaları üçün təxribatlara əl atacaqlar. Sülh müqaviləsinin Gürcüstanda imzalanması uyğun variantlardan biridir". 

E.Mirzəbəyli qeyd etdi ki, müqavilə Azərbaycan-Ermənistan sərhədində də imzalana bilər: “Delimitasiya komissiyalarının sərhəddəki görüşü, 2023-cü ildə Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşmalar da buna əsas verir. Müqavilə MDB üzvü olan ölkələrdə, məsələn, Qazaxıstanda, Belarusda, Özbəkistanda, neytrallıq statusunu əsas götürsək, Türkmənistanda da imzalana bilər”.

Politoloq Tural İsmayılov hesab edir ki, Ermənistanın Azərbaycanla sülh müzakirələri və ölkələr arasında ehtimal olunan saziş bəzi neoimperialist dairələri ciddi şəkildə narahat edir: “Faktiki müşahidə edilən odur ki, Qərb dövlətləri guya sülhə dəstək olduğunu bildirsə də, əslində Ermənistanı əlaqələrin normallaşmasından uzaqlaşdırırlar. İlin sonuna qədər sülhlə bağlı Azərbaycanın qalib ölkə kimi diktə etdiyi şərtlər Ermənistan tərəfindən qəbul olunmuş görünsə də, rəsmi İrəvandan siyasi rıçaq kimi istifadə edən qüvvələr prosesin ”ölü nöqtə"dən tərpənməməsi üçün əllərindən gələni əsirgəmirlər. Sülhün aktuallaşdığı və delimitasiya komissiyalarının görüşlərinin keçirilməsi fonunda Fransanın Ermənistanı silahlandırması, ABŞ-ın bütün vasitələrlə Azərbaycana qarşı haqsız dezinformasiya hücumları sülh prosesinə əngəl törədir. Qərb şəbəkələri hazırda Ermənistan cəmiyyəti içərisində Azərbaycan əleyhinə aqressiv ritorikanın qalmağında maraqlı tərəf kimi görünür". 

Beştərəfli görüş Azərbaycanın növbəti diplomatik qələbəsi ilə yadda qaldı”-Tural  İsmayılov

Tural İsmayılov

T.İsmayılovun fikrincə, Ermənistanın sülh prosesi ilə bağlı qeyri-səmimi mövqeyi həm də bir daha nümayiş etdirir ki, bu ölkənin normal siyasi baxışları mövcud deyil. Ermənistan dövlətçiliyi sanki formal xarakter daşıyan bir strukturdur: “Belə ki, xarici güc mərkəzlərinin Ermənistanın qərarlarına ciddi təsirləri də var. Bütün bunlar isə regionu təhdid edən vacib amillərdir”. Ermənistanın regional layihələrdə iştirakını istəməyən Qərbin Ermənistandakı anti-Rusiya ritorikasını gücləndirdiyini diqqətə çatdıran politoloq daha sonra əlavə edib: “Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı pozitiv mövqeyi də Qərbi narahat edir. Həmçinin Qərb Ermənistanı rəsmi Moskvaya qarşı qızışdırmaqla regional platformaları da sabotaj etmək məqsədi güdür. Ümumiyyətlə, bu bölgənin əsas güclərinin koordinasiyalı fəaliyyətinin və regional əməkdaşlığının pozulması Ermənistandan təsir aləti kimi istifadə etmək istəyən müstəmləkəçi Fransa və ABŞ mərkəzli qüvvələrin əsas hədəflərindəndir. Bundan əlavə, Ermənistanı sülhdən yayındıranlar, regionda qızışdıranlar heç Ermənistan xalqını da düşünmürlər. Əksi olsaydı, Fransa Ermənistanı silahlandırmaz, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və oxşar fondlar bu ölkəni dəstəkləməzdi”. 

Tural İsmayılov qeyd edib ki, Ermənistanın dövlət kimi mövcudluğu təkcə Azərbaycanla sülh müqaviləsinin imzalanmasından asılıdır. Ermənistan bunu dərk edərək ya regionda əməkdaşlığa çalışacaq, ya da bu ölkənin siyasi alət kimi istifadəsi davam edəcək". 

Ekspert qeyd etdi ki, Ermənistanın bir dövlət olaraq düşdüyü çətin iqtisadi vəziyyətdən və siyasi xaosdan yeganə qurtuluşu Azərbaycanla sülhdən keçir: “Ermənistan iradə göstərməli, Türkiyə ilə münasibətləri normallaşdırmalı, eyni zamanda, regional əməkdaşlıqdan imtina etməyərək bölgənin güc mərkəzləri ilə hesablaşmağı bacarmalıdır. Lavrov reallığı bir neçə dəfə ifadə edib, amma heç vaxt da tarixi reallığı ifadə etməyib ki, Ermənistanı tarix boyu belə ərköyünləşdirən haradır? Azərbaycan sülh müqaviləsinin Moskvada imzalanmağına dəstək ola bilər. Bizim üçün əsas müqavilənin imzalanmağıdır, onun hansı paytaxtda imzalanması təfərrüatdır”.

Elşad Paşasoy,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR