İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin 4-cü cəhdi, növbəti görüş anonsu, Kişinyovda sülh müqaviləsi gözləntisi

658 27.05.2023 09:30 Siyasət A A

Ermənistanın baş nazirinin qeyri-konstruktiv davranışları sülhü əngəlləyir; ABŞ Rusiya görüşünü alqışladı, Moskva isə...

44 günlük müharibədən sonra mayən 25-də Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçlü formatda sayca 4-cü, tet-a-tet görüşü də baş tutdu. Bundan öncə Rusiya lideri Azərbaycan və Ermənistan rəhbərləri ilə ayrı-ayrılıqda bir araya gəldi.

Rusiya prezidenti V.Putin görüşdə deyib ki, “məhz bizim formatda bir çox məsələlərə dair uğur əldə etmək mümkün olub”. Sitat: “2020-ci ilin payızında təkcə hərbi əməliyyatlar dayanmayıb, sonra iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadasının aradan qaldırılması, sərhədlərin delimitasiyası üzrə işlərə başlanılıb. Bu vaxt ərzində bir çox hadisələr baş verib, mən onların hər biri üzərində dayanmayacağam, detallara varmayacağam. Zənnimcə, hələ də ümumilikdə kifayət qədər çətinliklərin və problemlərin olmasına baxmayaraq, hər halda vəziyyət nizamlanma istiqamətində inkişaf edir. Bu istiqamətlərdən biri nəqliyyat kommunikasiyaları ilə bağlı aparılan işdir. Bax, indi biz üzbəüz üçlükdə kifayət qədər ətraflı şəkildə bu barədə danışdıq və hələ də tənzimlənməmiş məsələlər qalır. Lakin zənnimcə, biz bu barədə həm Azərbaycan tərəfdən, həm də Ermənistan tərəfdən olan həmkarlarla danışdıq. Bu məsələlər sırf texniki xarakter daşıyır”.

Putin qeyd edib ki, yaxın vaxtlarda, bir həftədən sonra Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri görüşəcəklər: “Onlar, belə demək mümkünsə, hələ tənzimlənməmiş məsələləri həll edəcəklər. Mənə elə gəlir ki, bu, yaxşı razılaşmadır və indiyədək həll olunmamış məsələlərin çözülməsinə ümid yaradır. Vaxta gəldikdə, biz bir həftədən sonra görüş barədə razılığa gəldik”.

Daha sonra görüş qapalı davam edib, amma məlumata görə çox qısa çəkib - cəmi 20 dəqiqə. Yekunda isə hər hansı bəyanat belə yayılmayıb.

Görüş ərəfəsində Kremlə yaxın medianın yazdığına görə, Moskva danışıqlarının yekunu kimi iki sənədin qəbulu gözlənilirdi - kommunikasiyaların açılması haqda anlaşma və birgə üçtərəfli bəyanat (sayca 5-ci olacaqdı - 10 noyabr 2020 kapitulyasiya aktı, 11 yanvar 2021 Moskva, 26 noyabr 2021 Soçi və 31 oktyabr 2022-ci il Soçi bəyanatlarından sonra).

Amma proqnozlar özünü doğrultmadı. Bu dəfə də Ermənistanın baş nazirinin qeyri-konstruktiv davranışları, pozuculuğa yönəlik çıxışları hər hansı sənədin masaya qoyulmasına imkan vermədi. Baxmayaraq ki, Paşinyan Moskvaya Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq getmişdi. 

Maraqlıdır ki, Moskva görüşü ərəfəsi ABŞ Dövlət Departamentinin (dövlət katibi Blinkenin) Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Azərbaycana və Ermənistana səfər edib (23-25 may). Diplomat öncə Bakıya gəlib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Görüş zamanı Azərbaycan-Ermənistan arasında sülh prosesi, “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzrə danışıqların cari vəziyyəti, bu çərçivədə aparılmış son görüşlərin nəticələri və danışıqların perspektivləri müzakirə olunub. Nazir Ceyhun Bayramov eyni zamanda, kommunikasiyaların açılması və delimitasiya prosesi barədə ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb.

Lui Bono ABŞ-ın sülh prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib. O, bölgənin inkişafı üçün sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Amerikalı diplomatın Bakı və İrəvan səfərlərinin Moskva danışıqları ilə hər hansı bağlılığı varmı? Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, Bakı ilə İrəvan arasında sülh sazişi uzunmüddətli, dayanıqlı həll yollarına əsaslanmalıdır və tərəflər nəyin öz fundamental maraqlarına uyğun olduğuna və davamlı sülhü necə təmin edəcəklərinə özləri qərar verməlidir. Doğru, tərəflər özləri qərar verməlidir. Bəllidir ki, Bakı və İrəvan arasında birbaşa və ikitərəfli danışıqların tərəfdarı kimi ən çox ABŞ çıxış edir. Son olaraq Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller Moskva görüşü ərəfəsində bildirib ki, ABŞ harada keçirilməsindən asılı olmayaraq, Bakı və İrəvan arasında birbaşa danışıqları dəstəkləyib.

Moskvada prezidentlərin görüşü başlayıb - VİDEO | Kaspi.az

Artıq Ağ Ev Moskva görüşünə də reaksiya verib. Dövlət Departamenti İrəvan və Bakını qalan mübahisəli məsələlərdə razılığa gəlməyə təşviq etməkdə davam edir. Bunu Departamentin sözçüsü Metyu Miller brifinqdə deyib. Miller qeyd edib ki, iki ölkə liderləri arasında danışıqların sonuncu raundu Moskvada baş tutub, lakin ABŞ üçün danışıqlar prioritet olaraq qalır. O xatırladıb ki, ABŞ dövlət katibi Entoni Blinken mayın əvvəlində Vaşinqtonda hər iki tərəfin nümayəndələri ilə görüşüb, danışıqlar Brüsseldə davam etdirilib və ABŞ onları dəstəkləməkdə davam edir. “Əvvəlcə qeyd edildiyi kimi, biz yaxın gələcəkdə tərəflər arasında razılığın əldə oluna biləcəyinə inanırıq və tərəfləri birgə işləməyə təşviq etməyə davam edirik”, - Miller deyib.

O, ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan nümayəndələri arasında yeni yüksək səviyyəli görüşlərin nəzərdə tutulub-tutulmaması ilə bağlı suala cavabında bildirib ki, hələlik yeni görüşlər nəzərdə tutulmayıb.

Rusiya Vaşinqtonun evsahibliyi ilə keçirilən görüşlərə analoji reaksiya verməsə də, hər halda ABŞ daha sağlam mövqe sərgiləyir. Ermənistan parlamentində hakim fraksiyanın katibi  Artur Hovhannisyan isə keçirdiyi brifinqdə emosiyaları sakitləşdirməkdən, Paşinyanın rəzil günə düşməsini pərdələməkdən ötrü Moskvadakı danışıqların uğursuz olmadığını iddia edib.

“Başa düşmək lazımdır ki, üçtərəfli görüşdən əvvəl Ermənistanın baş naziri və Azərbaycan prezidenti ilə ikitərəfli danışıqlar aparılıb. Məhz buna görə də yekun görüş belə qısa davam edə bilər, yekun bəyanatı gözləmək lazımdır”, - erməni rəsmisi deyib.

Yeri gəlmişkən, Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycanla Ermənistan arasında hansı kommunikasiya məsələlərinin hələ də həll olunmaması ilə bağlı sualı şərh edərkən bildirib: “Azərbaycan və Ermənistan arasında hələ razılaşdırılmayan məsələlər var. Söhbət texniki detallardan gedir, lakin bu, çox vacib detallardır”. “Söhbət Azərbaycan və Ermənistan arasında sərhədi keçmə prosedurundan, adətən sərhəddə həyata keçirilən sərhəd və gömrük nəzarətinin necə tənzimlənməsindən gedir”, - Overçuk vurğulayıb.

Bu da məlumdur ki, Moskvanın İrəvana ciddi təzyiq rıçaqları var.

“Yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq mümkündür”. Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov mayın 26-da jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, buna baxmayaraq kimsə tələsmir: “Necə deyərlər, qaçan yerimiz yoxdur”.

Amma qarşıda Kişinyov görüşü, Brüssel formatı da var. Belə olduğu halda Rusiya Ermənistana imkan verəcəkmi ki, Azərbaycanla anlaşsın?

Tural İsmayılov: “Qərbin apardığı danışıqlar daha işləkdir”

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov “Yeni Müsavat”a bildirib ki, Rusiya Ermənistandan əl çəkmək istəmir: “Əlindəki bütün rıçaqlardan istifadə edərək Ermənistana təsir imkanlarını qorumağa çalışır. Ermənistan da bütün bu hadisələr fonunda Rusiyanın təsir imkanlarından qurtula bilmir. Paşinyan xalq qarşısında iki mühüm vəd vermişdi: bunlardan birincisi Rusiya vassallığından qurtulmaq idi. Amma görürük ki, Ermənistanda Rusiyadan xilas mümkün deyil. Azərbaycan üçün hazırda Qərb formatı, Vaşinqton platforması daha cəlbedicidir. Həmçinin real sülh üçün vasitəçisiz təmaslar artmalıdır. Üçüncü tərəf həmişə əlavə şərhdir”.

Tural İsmayılov onu da qeyd edib ki, Paşinyanın Rusiya və Qərb arasında ikili oyun oynaması, Vaşinqtonu Cənubi Qafqaz regionunda baş verən proseslərə cəlb etməyə çalışması, həmçinin öz ərazilərini Avropa İttifaqının müşahidə missiyası adı altında hansısa casus şəbəkələrinə peşkəş etməsi Rusiyanın regiondakı maraqlarına tam ziddir: “Bu nüansları nəzərə alan Rusiya Ermənistanın daxilində vəziyyəti qarışdırmaq istəyir. Əlavə olaraq, Paşinyana qarşı yeni cəbhə formalaşdırmaq istəyi də gözdən qaçmır. Bu isə Rusiyanın yeni deyil, çoxdankı arzusudur. Hətta növbədənkənar parlament seçkilərində Ermənistanda vəziyyəti qarışdırmaq üçün Rusiya bu kartdan geniş şəkildə istifadə etməyə çalışırdı. Və heç zaman bu niyyətindən imtina etməyib. Bu gün Ermənistanda Paşinyanın oğlunun qaçırılması, ölən hərbçilərin ailələrinin hökumətə qarşı üsyanları planlı şəkildə təşkil edilmiş hadisələrdir”.

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək görüş zamanı sülh sazişi imzalana bilər”.

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana qarşı qərar qəbul edəcək - Leyla  Abdullayeva

 Leyla Abdullayeva

“Yeni Müsavat” xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva xarici jurnalistlərə açıqlamasında deyib. “Ümid edirik ki, iyunun 1-də Kişinyovda, nəhayət, sülh müqaviləsi imzalanacaq. Bu fürsəti qaçırmaq olmaz”, - diplomat vurğulayıb.

Ermənistanın hakim “Mülki Müqavilə”sinin deputatı,  dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbəri Vladimir Vardanyan isə parlamentdə keçirdiyi brifinqdə bildirib ki, Azərbaycanla müqavilə ratifikasiya üçün uzun yol keçməlidir. “İrəvanla Bakı arasında sülh sazişinin mətninin razılaşdırılması prosesi davam edir və bütövlükdə bu prosesi müsbət qiymətləndirmək olar. Müqavilə hökumət tərəfindən təsdiqlənməlidir, sonra Konstitusiya Məhkəməsi onun ölkənin əsas qanunlarına uyğunluğunu yoxlayacaq, daha sonra sənəd parlamentdə ratifikasiya olunacaq, bundan sonra prezident onu imzalayacaq. Eyni proses Azərbaycanda da keçməlidir. Yalnız bütün bunlardan sonra müqavilə qüvvəyə minəcək”.

Qeyd edək ki, Moldovada keçiriləcək danışıqlarda Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz da iştirak edəcək. Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov söyləyib ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması mümkündür.

E.PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR