İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlə dron hücumu müəmması – Rusiya yenə Ukraynanı qaraladı, bəs gerçək?

740 11.05.2023 17:49 Gündəm A A

Ukrayna ordusunun böyük əks-hücum ərəfəsi Kremlə dron hücumu, daha dəqiqi, hücum imitasiyası dünyanın diqqət mərkəzindədir. Bəllidir ki, rəsmi Kiyev olaya görə məsuliyyəti öz üzərinə götürməyib. Rusiya da isə “hücum”un arxasında Ukraynanın durduğu israr edilir.

Tanınmış politoloq Sergey Markov da əmindir ki, “terror aktı” məhz Ukraynanın hərbi kəşfiyyatı tərəfindən həyata keçirilib. “Və bu kəşfiyyat ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə tabedir. Yəni Kremlə hücum əslində Pentaqon tərəfindən həyata keçirilib. Bu acı reallıqdır. Və cavab olmadığı üçün belə hücumlar artacaq”, - deyə o bildirib.  

Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar isə deyib ki, hücum əməliyyatının bütün təfərrüatını açmaq üçün isə kamikadze PUA-larının harda istehsal edilməsi və hansı dövlətə, yaxud qrupa verilməsinin aşkara çıxarılması lazımdır (Axar.az). O, hücumun həyata keçirilməsinin səbəb və məqsədləri, hədəfləri ilə bağlı dörd ehtimalın olduğunu bildirib: “Birincisi, Ukrayna müttəfiqlərin ona qazandırdığı imkan və qabiliyyətlə bu xətti hücumu gerçəkləşdirib, ancaq belə gücə sahib olduğunu inkar edir; ikincisi, bu, Putin və qərargahında şübhəni, paranoyanı, daxili qorxu və narahatlıqları dərinləşdirmək üçün Ukraynanın və ya müttəfiqlərin imkanlarından istifadə yolu ilə həyata keçirilən assimetrik (qeyri-ənənəvi metodlar - red ) əməliyyatdır; üçüncüsü, əməliyyat Rusiya daxilində Putinə və onun strategiyalarına qarşı çıxan və öz gücünü nümayiş etdirən gizli bir hərəkat tərəfindən gerçəkləşdirilə bilər. Belə olacağı halda bunu ölkə daxilində Putinə meydan oxuma kimi də qiymətləndirmək mümkündür; dördüncüsü isə Rusiyanın Ukraynada yaxın gələcəkdə planlaşdırdığı hücumları maskalamaq, onlara əsas yaratmaq üçün özünün sözügedən əməliyyatı həyata keçirmək ehtimalıdır. Hətta hücumdan sonra orada vurulan və ətrafa yayılan PUA hissələri də aldatmaq, çaşdırmaq və manipulyasiya üçün istifadə oluna bilər”.

Bəzi analitiklərə görə, bu, elə Kremlin öz hiyləsidir. Çünki bununla o, ikinci ildir aparılan uğursuz müharibəyə, böyük canlı itkilərə və paytaxt Kiyevə və Ukraynanın digər şəhərlərinə daha amansız zərbələr endirməyə haqq qazandırmaq niyyəti güdə bilər. 9 mayda rusiyalılara deməyə “söz tapmaq” versiyası da yox deyil. 

Bu versiyalardan hansı birinin daha əsaslı olduğu bir neçə günə bilinəcək. Çünki Putinin sözçüsü Dmitri Peskov deyib ki, “Kremlə hücuma cavab lazım bilinən vaxtda və yerdə veriləcək”. Cavab nə ola bilər? 

Maraqlıdır ki, prezident Zelenski məhz bu olaylar fonunda və əks-hücum gözləndiyi məqamda Avropa ölkələrinə səfərə gedib. 

Tovuz hadisələri zamanı da belə olmuşdu - Ramil Məmmədli - "İki sahil"

 Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, Ukraynada müharibə daha vacib və əhəmiyyətli fazasına qədəm qoyub: “İndiki mərhələdə artıq döyüş meydanında silahlarla deyil, həm də qlobal mənada böyük dövlətlərin böyük oyunları səviyyəsinə gəlib çatıb. Əvvəlki mərhələdə hansısa şəhər, kənd, qəsəbə uğrunda döyüş gedirdisə, hazırda ümumiyyətlə Ukraynanın mövcudluğu uğrunda mübarizə gedir. Bu da gözlənilən idi. Müharibə başlayan ilk gündə bu gözləntiləri dilə gətirmişdik. İndiki halda Rusiyadaxili qruplaşmaların bu məsələyə aidiyyəti yoxdur”.

Hərbi ekspert deyir ki, hazırda daha iki əsas amilə diqqət yetirilməlidir: “Rusiya Ukraynada daha irimiqyaslı hərbi əməliyyatlara başlayıb. Artıq xüsusi əməliyyat səviyyəsindən müharibə səviyyəsinə keçidə zəmin hazırlanır. Dron hücumu Rusiya rəhbərliyinə qarşı terror ehtimalını artırır. Bununla bağlı Rusiya xüsusi xidmət orqanlarından bir sıra məlumatlar var. Dövlət öz nüfuzuna, imicinə xələl gətirilməməsi üçün 9 mayda keçirilməsi planlaşdırılan hərbi paradı keçirməmək üçün bu hadisə ilə təxirə salmağa çalışır. Təbii ki, həmin hərbi paradda Vladimir Putin iştirak etməli idi. Əsas olmadan 9 may paradının təxirə salınması hazırki informasiya müharibəsi səviyyəsində Rusiyanın bir dövlət olaraq imicinə mənfi təsir göstərə bilər. Bu baxımdan dron hadisəsini əsas götürüb hərbi paradı təxirə salıblar”.

Ekspertə görə, Ukraynada döyüş əməliyyatları lokal şəkildə həyata keçirilir: “Bu günə qədər 1 şəhər, 2-3 kənd istiqamətində gedən döyüşlər aparılıb. İndi isə Rusiyaya daha genişmiqyaslı əməliyyatlar aparmaq üçün, Ukraynanın daha strateji əhəmiyyətli obyektlərini sıradan çıxarmaq üçün əsaslar lazımdır. Artıq bu səbəb var. Bu hadisədən sonra Rusiyanın uçuş aparatları Kiyev səmasında manevrlər edirlər”.

Hərbi ekspert deyir ki, Ukrayna prezidenti Volodimir Zelenski əks-hucum əməliyyatlarından yayınmağa çalışır: “Əks-hucumla bağlı sualı Zelenski olduqca səthi cavablandırıb. Onun cavablarından belə aydın olur ki, əks-hucumla bağlı qəti mövqeyi yoxdur. Bunun da çox ciddi səbəbləri var. Bu gün Rusiyanın Ukrayna ərazisində 300 min nəfərə yaxın canlı qüvvəsi var. Ukrayna tərəfi Rusiyanın canlı qüvvəsinin 340 min nəfər olduğunu deyir, Rusiya isə 200 min nəfər olduğunu açıqlayıb. Ön və arxa cəbhədə olan hərbi birləşmələrlə birlikdə Ukrayna ərazisində təxminən 300 min nəfər canlı qüvvə var. Bu canlı qüvvənin sərəncamında minlərlə zirehli texnika, döyüş təyyarələri, helikopterlər, saysız-hesabsız haubitsa qurğuları, reaktiv yaylım atəş sistemləri və digər silahların olması deməkdir. Taktik raket kompleksləri Xəzər dənizindən, Rusiyanın mərkəzi bölgəsindəki hərbi birləşmələrinin sərəncamındadır. Müharibənin getdiyi zolaq isə təxminən 1000 kilometrdir. Hücum edən tərəfin canlı qüvvəsi müdafiə olunan tərəfin canlı qüvvəsindən 3-5 dəfə artıq olmalıdır. Silah-texnika imkanları da bu hesablamaya uyğun olmalıdır. Elə istiqamətlər var ki, həmin istiqamətlərdə hÜcum edən tərəf müdafiə tərəfini 8-10 dəfə üstələməlidir. 300 min nəfər qarşılığında Ukrayna hərbi qüvvəsinin sayı 600-800 mindən aşağı olmamalıdır. 

Müharibə həm də iqtisadiyyatdır. Bu gün Ukraynanın tammiqyaslı hücum əməliyyatına keçmək imkanları yoxdur. Hərbi əməliyyatlar yalnız strateji hesab olunan istiqamətlərdə keçirilən bilər. Təbii ki, burada Ukrayna ordusunun qarşısında duran tapşırıqlardan biri də Azov dənizinə çıxışı əldə etməkdir. O istiqamətdə isə uğur qazanmaq Donetsk, Xerson  və Krım arasındakı olan quru qoyul bağlanması demək olacaq. Belə bir istiqamətdə addım atılarsa, təxminən Böyük Vətən müharibəsində Mariopol, Donetsk uğrunda gedən döyüşlərə bənzəyəcək. Bu halda hər iki tərəf minlərlə itki verəcək. Bu baxımdan Ukrayna buna hazır deyil. ABŞ Zelenskini əks-hücuma təhrik etməyə çalışır. Zelenski isə bacardığı qədər irimiqyaslı əks-hucum əməliyyatından yayınmağa çalışır. Çünki bu Ukrayna üçün ölüm-qalım məsələsidir”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR