İnsanlara hürriyət, millətlərə istiqlal!

Korona maskasını çıxartdı - yerinə nə gələcək?

913 26.04.2022 21:52 Gündəm A A

May 1-dən etibarən Azərbaycanda koronavirusun əsas atributu hesab olunan maskadan istifadə tələbi ləğv olunacaq. Bununla da 2 il 2 ay davam edən pandemiya Azərbaycanda rəsmən “maskasını çıxartmış” olacaq. Dünyada gedən proseslərə nəzər salsaq, görərik ki, qadağalar, məhdudiyyətlər əsaslı şəkildə aradan qaldırılıb. Məsələn, bir çox ölkələrə girişdə PCR testi tələb olunmur. Azərbaycan da bu sadələşdirmə prosesinə qoşulub. Görünən budur ki, həyatımıza ciddi təsir edən COVİD-19 yoxa çıxmaqdadır. Lakin bir sıra dünya miqyaslı ekspertlər hesab edirlər ki, onun yerini tezliklə başqa, daha təhlükəli ştammlar, hətta fərqli viruslar ala bilər. Bəzi ölkələrdə yoluxma və ölüm saylarında artım müşahidə olunur. 

Rusiyada son sutka ərzində daha 7651 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. Son sutka ərzində 159 nəfər ölüb. İranda isə son 24 saat ərzində 582 nəfər koronavirusa yoluxub,  13 nəfər ölüb.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının  həkimi Ayan Məmmədova “Yeni Müsavat”a bildirdi ki, hazırda Azərbaycanda vəziyyət stabildir:“Artıq pandemik şəraitdə deyilik. Payıza doğru infeksion xəstəliklər artdığı halda, “COVİD-19”-un yeni ştammlarının bizə çatması, xəstəliyin aqressivləşməsi gözlənilən haldır. Yaxın 2-3 ay ərzində isə ciddi təhlükə yoxdur. Qadağaların götürülməsi yoluxma sayını artıra bilər. Yay aylarında insanlar əsasən açıq sahələrdə olurlar. Maska tələbi bunu nəzərə alaraq ləğv olunub. Yoluxma sayı artarsa, bəlkə də payıza doğru maska tələbi yenidən tətbiq oluna bilər”.

A.Məmmədova mümkün qədər açıq havada olmağı tövsiyə edir:“Kondisionerli qapalı məkanlarda viruslar daha sürətlə yayılır. Bol vitaminli qidalar, meyvə-tərəvəzə üstünlük verilməlidir. Maska tələbinin ləğv ediləcəyini nəzərə alsaq, yanaşı xroniki xəstəliyi olanlar, onkoloji xəstələr, şəkərli diabeti olanlar, yaşlılar, hamilələr  daha diqqətli olmalıdırlar”.

ghghg.jpg (30 KB)

İnfeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a mövzunu şərh edərkən bildirdi ki, artıq kollektiv immunitet formalaşıb: “Omikron ştammı yeni yayılmağa başlayanda sürətlə kollektiv immunitetin formalaşacağı proqnozlaşdırılırdı. Belə də oldu. Təbii immunitet və peyvənd vasitəsilə yaradılan süni immunizasiya da öz təsirini göstərdi. Kollektiv immunitetin formalaşması o deməkdir ki, koronavirusla bağlı problem olmayacaq. Omikron variantının müxtəlif alt ştammları ola bilər. Bəzi ölkələrdə yayılan omikron variantıdır. COVİD-19 virusu Çində yaranıb yayılmışdı. Ciddi karantin qaydalarının tətbiq olunması ilə Çində virus yayılmadı. İnsanlar virusla təmasda olmadı. Buna görə də immunitet formalaşmadı. Sonra isə əks-proses baş verdi. Omikron ştammı Çinə başqa ölkələrdən daxil oldu. Omikron əvvəlki variantlardan fərqli olaraq 4-5 dəfə daha sürətlə yoluxdurur.Yoluxmanın sürətlə artması bununla əlaqədardır. Çində bunun qarşısını ala bilmirlər. Yeni dalğanın Azərbaycan gəlməsi bizim üçün ciddi təhlükə kəsb etmir. Maska tələbi ləğv edilsə də, ictimai nəqliyyatda, xəstəxanalarda və yoluxma riskinin daha yüksək olduğu qapalı məkanlarda maskadan istifadə etmək lazımdır”. 

M.Əliyev həmçinin, qrip, vərəm kimi xəstəliklərin qarşısını almaq üçün maskandan istifadə etməyi tövsiyə edir”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR