İnsanlara hürriyət, millətlərə istiqlal!

Ana dilində danışmağın “millətçilik” olduğu günlər...

736 28.07.2026 11:30 Yazarlar A A

Bu günlərə haradan gəlib çıxdığımızı, hansı mərhələlərdən keçdiyimiz doğru-dürüst öyrənməkdə fayda var. Yoxsa gənc nəsil hesab edir ki, ta ötən əsrin əvvəllərindən Azərbaycan xalqı bu regionda dominant olub, 1918-ci ildə respublika qurub, 1991-ci ildə isə onu bərpa edib, milli dövlətçiliyinə sahib olub.

Bu cür sürət cizgi filmlərində olur: torpağa toxumun əkilməsi, cücərməsi, boy atması, böyük ağaca çevrilməsi və bar verməsi cəmi bir neçə saniyənin içində baş verir. Bir xalqın öz həqiqi suverenliyinə qovuşması isə bəzən əsrdən uzun çəkir.

Xalqımız və onun ziyalıları “öz əlimiz, öz başımız” olması üçün hələ 70 il öncə hərəkətlənməyə başlayıb. Onların tam əksəriyyəti müstəqil Azərbaycan dövlətini görmədilər, amma bir qismi gördü.

1953-cü ilin martında Stalin öləndən sonra, SSRİ adlanan yeni rus imperiyasının tərkibinə zorla daxil edilmiş, həm də vertikal şəkildə, birbaşa Kremldən idarə olunan “müttəfiq respublikalar”ın bir çoxunda gizli millətçilik, mədəni dirçəliş hərəkatı başlayanda Azərbaycan da qıraqda qalmayıb.

Bu xüsusda Gürcüstan və Ermənistan bizdən 1-2 addım öndə olub. Bizimki bir qədər “qonşudan dala qalma” səciyyəsi daşıyıb.

Bizdə əsas diqqət ana dilimizin və mədəniyyətimizin qorunması, yerli kadrların dövlət işinə daha çox cəlb edilməsi, milli ədəbiyyatın, teatrın və kinonun inkişafına yetirilibsə, gürcülər bütün SSRİ boyunca öz hegemon rollarını qoruyub saxlamağa, gürcü kimliyinin SSRİ-də aparıcı rol oynamaqda davam etməsinə, ermənilər isə “Böyük Ermənistan”a doğru addımlamaq üçün yeni bir tarixi fürsətdən istifadəyə çalışıblar.

Azərbaycan digər iki Qafqaz ölkəsi ilə müqayisədə assimlyasiyaya, rusifikasiyaya daha açıq olub. Çünki Kremldə bu xalqı ruslaşdırmaq, dini, mədəni köklərindən qoparmaq niyyəti daha ciddi səciyyə daşıyıb. Moskvanın ermənilər və gürcülərin milli kimliyi ilə işi olmayıb. Düşüncə belə olub ki, onlar onsuz da xristiandırlar, qoy öz identikliklərini saxlasınlar, amma Azərbaycan və Orta Asiyanın müsəlman ölkələrinin üzərində işləmək lazımdır.

Xalqımızın adının dəyişdirilməsi, əlifbamızın latın qrafikasından kiril qrafikasına keçirilməsi, soyad sonluqlarımızın ruslaşdırılması, ölkəmizdə yaşayan qeyri-müsəlman etnik azlıqların çoxaldılması, paytaxt əhalisinin 62 faizinin qeyri-azərbaycanlılardan ibarət olmasının təmin edilməsi sırf bu məqsədi daşıyıb. Fikir verin, görcülər “şvili”, “dze”, “iya”, ermənilər isə “yan” kimi milli soyad sonluqlarından istifadə etdiyi halda bizdə əhalinin 99,99 faizi “ov”-“yev” kimi rus familiyalarına xas soyad sonluqları daşıyırdılar.

Bildiyiniz kimi, 34 ildir müstəqil olmağımıza baxmayaraq, bu mərəzdən hələ də qurtulmamışıq. Hazırda əhalinin 80+ faizinin soyadının sonluğu hələ də “ov”-“yev”dir. O zamanlar yalnız yazıçı və şairlərimiz imzalarından “ov”-“yev”i atıblar və bu ittifaq səviyyəli tədbirlərdə “azərbaycanlı ədiblərin millətçiliyi” sayılıb (şəkildə həmin yazıçı-şairlərin bir qrupudur).

Ancaq işə baxın ki, o dövrdə Stalin kultunun sökülməsinə, gürcülərin hakim rolunun azaldılmasına qarşı ayağa qalxan və kütləvi aksiyalar keçirən Gürcüstanı, eləcə də gizli millətçi dərnəklərdə birləşərək, “erməni genosidi”nun 50 illik ildönümünü ittifaq və dünya miqyasına çıxarmağa çalışan, Dağlıq Qarabağın və Naxçıvanın Azərbaycan alınıb Ermənistana verilməsini tələb edən erməniləri cəzalandıran olmayıb, amma assimilyasiyaya müqavimət göstərən Azərbaycan rəhbərlərini Kremldə məhşər ayağına çəkiblər.

Ölkəmizin rəhbərliyinə əsas iradlar belə olub: niyə Bakıda keçirilən toplantıları Azərbaycan türkcəsində aparırsınız, nədən rəhbər vəzifələrdə ruslar və ermənilər azdır (hərçənd bütün instansiyalarda onların sayı həddindən çox olub).

Gürcüstanda 1956-cı ilin mart ayında baş verən kütləvi etirazlar açıq millətçi və aşkar antisovet xarakterli olub. On minlərlə tələbə və adi vətəndaş Stalinin abidəsinin qarşısına toplaşıb. Daha sonra üsyana çevrilən bu hərəkətlənmə nizami qoşunlar tərəfindən vəhşicəsinə yatırılıb, nəticədə insan tələfatı olub. Ondan sonra gürcülərin Moskva əleyhinə əhval-ruhiyyəsi artıb.

Fərqə baxın: bizdə “məxməri müqavimət”, gürcülərdə açıq üsyan.

Ermənilər isə öz millətçiliklərini yeraltı akademik müzakirələrdən təsirli sosial-siyasi hərəkata çevriblər. Onların nasizmi ümumxalq səciyyəsi alıb – yeddidən yetmişə bütün insanlar bu hərəkata qoşulub. 1965-ci ilin 24 aprelində İrəvanda keçirilən matəm tədbirləri 100.000 insanın qatıldığı kortəbii mitinqə çevrilib.

Düzdür, buna Moskvanın sırf Türkiyəyə təzyiq üçün rüsxət verdiyi şübhəsizdir, amma ermənilər bu hərəkətlənmədən, toparlanmadan istifadə edərək millətçi təşkilatlar yaradıblar. Onların Qarabağı qoparmaq üçün başlatdıqları mübarizənin startı məhz ötən əsrin ortalarında verilib.

Bu gündən baxanda hər şey asan görünür. Ta demirk ki, 1988-ci ilə qədər Bakının mərkəzi Rostovdan, Voronejdən seçilmirdi, bütün dövlət idarə və müəssisələrində əksəriyyət rusca danışırdı. Yeddi azərbaycanlının, bir rus və bir erməninin olduğu yerlərdə hamı mütləq rusca danışmalıydı, yoxsa bu, “millətçilik” sayılırdı.

Biz bu günə elə dövrlərdən keçib gəlmişik. Ona görə də hələ də şəhərdə aborigen xalqın başqa dillərdə danışmasını, başqa xalqlara xas soyad sonluqları daşımasını görəndə adama pis gəlir.

Özümüzə hörmət qoymasaq, heç kim bizə hörmət qoymayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR