İnsanlara hürriyət, millətlərə istiqlal!

Kommunikasiyalar açıla bilər, lakin Azərbaycanın şərtləri altında-ŞƏRH

645 13.09.2023 14:06 Siyasət A A

 

“Azərbaycan öz suveren ərazilərində öz suveren haqlarını icra edir və buna heç kəs mane ola bilməz. Laçında 23 aprel 2023-cü ildə sərhəd nəzarət buraxılış məntəqəsi yaradılmaqla sərhəd təhlükəsizliyi ən yüksək həddə çatdırıldı. Bilirik ki, əvvəllər Laçın yolu istənilən növ qeyri-qanuni hərəkət üçün açıq idi. Təbii ki, Qarabağdakı xunta rejimi və dünya erməni şəbəkəsi Azərbaycandan yolun açılmasını tələb edərkən əslində, qeyri-qanuni fəaliyyətin davamını tələb edirlər. Lakin artıq Azərbaycan bölgədə yekun söz sahibidir”.

Bunu Musavat.com-a  Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə deyib. O xatırladıb ki, 12 dekabr 2022-ci il tarixində Laçın yolunda ekoaktivistlərimiz fəaliyyətə başladı: “Onlar qeyri-qanuni daşımalara, ərazilərimizin qeyri-qanuni istismarına və təbiətimizin çirkləndirilməsinə qarşı haqlı səslərini ucaltdılar. Lakin buna paralel olaraq qlobal erməni şəbəkəsi müxtəlif beynəlxalq strukturlarda “Laçın yolunun blokadası”, “Azərbaycan tərəfindən Qarabağ ermənilərinə qarşı soyqırım”, “etnik təmizləmə” kimi saxta iddialar qaldırmağa başladılar (məsələn, 20 dekabr 2022-ci ildə və 16 avqust 2023-cü ildə BMT TŞ-də müzakirələr) və bu iddialar 23 aprel tarixindən bu yana daha da intensivləşərək günümüzədək səngimir. Maraqlıdır ki, blokadada olan yoldan indiyədək Qarabağ erməniləri rahat şəkildə Ermənistana gedib-gəlirlər. 15 iyul 2023-cü il tarixində sərhəd atışması, Azərbaycan sərhədçisinin yaralanması faktı ərazidə hərəkəti müəyyən müddət məhdudlaşdırsa da, yenə də hərəkət dayanmayıb. Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə ermənilər yenə də Ermənistana və geriyə hərəkətlərini davam etdirirlər, lakin artıq daha ciddi nəzarət altında. Erməni iddialarına görə “soyqırım” şəraitində yaşayan Qarabağ ermənilərinin birinin də burnu qanamamış, “acından ürəyi getmə” səhnələri, boş dükanlarla bağlı uydurmalar isə elə Azərbaycan tərəfindən açıq şəkildə, video və foto formatlarda ifşa olunmuşdur”.

Ekspert bildirib ki, bununla yanaşı, saxta erməni iddialarını bloklamaq məqsədilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyilə bölgəyə humanitar yardım daşımağa qərar verdi:

“Azərbaycan yardımı Ağdam-Xankəndi yolu ilə çatmalı idi, lakin qondarma rejimin təmsilçiləri buna mane olurlar. Bu yolun açılışı indiyədək bütün yüksək strukturlar, dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib. Rusiya, Aİ, ABŞ, BMT TŞ-də müzakirələr zamanı, Ağdam-Xankəndi yolunun açılması dəstəklənib. Aİ prezidenti Şarl Mişelin ən son bəyanatında qeyd olunur: “Ağdam-Xankəndi marşrutunun açılması Laçın yolundan istifadə edilməsinə yardım edəcək vacib addımdır”. Bir sözlə, Ağdam-Xankəndi və Laçın yollarının paralel istifadəsi şərti irəli sürülür. Kommunikasiyalar açıla bilər, lakin Azərbaycanın şərtləri altında, Ermənistan tərəfinin Zəngəzur dəhlizi mövzusunda daima səsləndirdiyi kimi, yəni ölkələrin suverenliyi, ərazi bütövlüyü, milli qanunvericilikləri çərçivəsində. Odur ki, Laçın yolundan qeyri-qanuni istifadə vaxtı artıq keçmişdə qaldı. Bundan sonra əsas şərt Laçın yolundan keçid zamanı gömrük və digər ənənəvi sərhəd keçidi prosedurlarının tətbiqi olacaq. Həmçinin Azərbaycan Ermənistan sərhəddində yaşanan ən son gərginlikdən sonra deeskalasiyaya nail olmaq məqsədilə Ağdam-Xankəndi yolunun istifadəyə açıldığı, bu yoldan ilk humanitar yardımın keçdiyi artıq məlumdur, lakin Rusiya vasitəçiliyi ilə. Rusiyanın Qızıl Xaç Komitəsinin humanitar yardım maşını artıq Xankəndiyə ilk yardımı çatdırıb. Xankəndiyə yardımın çatması ermənilərin soyqırımla bağlı uydurduğu mifləri və saxta iddialarını alt-üst etmiş olur. Bu, həm də qondarma iddiaların qlobal dəstəkçilərini, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş baş prokuroru Okamponun “Ermənilərə qarşı soyqırım 2023-cü il” adlı saxta mövqe (opinion) sənədini də darmadağın edir. Burada istinad olunan BCM-i təsis edən Roma Statutusunun 6(c) və 7.2(b) maddələri tamamilə əsassız qalır. Belə ki, bu maddələr “qrupun bütövlükdə və ya qismən fiziki məhvinə səbəb olmaq üçün hesablanmış həyat şəraitinin qəsdən törədilməsi” adlanır və Azərbaycan humanitar yardım göndərməklə, əslində müvafiq şəraitin qondarma rejim tərəfindən yaradıldığını sübut edir. Beləliklə, Ağdam-Xankəndi yolunun açılışı erməni korrupsiyasına bulaşmış şəxslər qismində, o cümlədən ermənilərin qondarma iddialarını dəstəkləyən hər bir beynəlxalq siyasət iştirakçısına sərt bir cavab olaraq dəyərləndirilə bilər. Növbəti mühüm addım Azərbaycan tərəfindən yolun istifadəsi olacaqdır ki, bütün bunlar nəhayətində bizi Xankəndiyə aparacaq. Ağdam-Xankəndi yolunun Azərbaycan tərəfindən istifadəsi həm də Qarabağ ermənilərinin reinteqrasiyasının ilkin mərhələsi, Xankəndində Azərbaycan bayrağının asılacağı yolun başlanğıcıdır. Erməniləri və onların hamilərini narahat edən və hələ ki, yoldan istifadəyə əngəl törətmələrinə səbəb olan amil də məhz budur”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR