İnsanlara hürriyət, millətlərə istiqlal!

Kisəçilər tərəfindən şantaj olunan prokuror məhkəməyə gəlmədi – “31 min manatı ona görə verdim ki...”

1752 14.01.2023 16:21 Kriminal A A

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, prosesdə şahid qismində Coşqun Heybətov ifadə verib. O bildirib ki, təqsirləndirilən İlqar Əliyevi tanıyıb.

Taksi fəaliyyəti ilə məşğul olduğunu deyən şahid bildirib ki, Quba rayonunda kəndlər arası sərnişin daşımaqla məşğul olur: “Həmin zaman da İlqar Əliyevi tanımışam. Onu bir neçə dəfə kəndlərinə aparıb-gətirmişəm. Başqa heç nədən xəbərim olmayıb”.

Coşqun Heybətov deyib ki, onların kimdən pul almaları, kimə hədə-qorxu gəlmələri barədə heç bir məlumatı olmayıb. Şahid Tariyel Qurbanovu tanımadığını deyib.

Digər şahid Elşad Dostuyev deyib ki, Bakı şəhərində avtomobillərin alqı-satqısı ilə məşğul olub: “2022-ci ilin yanvarın sonlarında lalafo.az saytında 2004-cü il buraxılışlı “Opel Astra” markalı avtomobilin satılmasına dair elana rast gəldim. Həmin avtomobilin 9200 manata satılmasını gördüm. Avtomobilin sahibi olan şəxslə əlaqə saxladım. Cavab verən şəxs özünü Ümman kimi təqdim etdi, avtomobilin cərimə meydançasında olduğunu bildirdi. Həmçinin Masazır qəsəbəsində yaşadığını söylədi. Ümman mənə restoranda ofisiant işləməsini dedi. Həmin Ümman adlı şəxslə görüşdüm. Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin yaxınlığında yerləşən cərimə meydançasına getdik. Orada avtomobilə baxdıq, avtomobilin 7800 manata alınacağına dair razılığa gəldik. Sonradan avtomobilin xərcləri çıxdı. Məhkəmə qaydasında cəriməsini ödədim. Bu səbəbdən Ümmana 6300 manat verdim. Avtomobili dostum Anar Ömərovun adına rəsmiləşdirdim”.

Bundan sonra Tariyel Qurbanovun nümayəndəsi, vəkil Adəm Məmmədov çıxış edib. O bildirib ki, nümayəndəsi olduğu Tariyel Qurbanovun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti yoxdur. Tariyel Qurbanovun səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini deyən vəkil onun istintaqa verdiyi ifadəsinin elan olunmasını istəyib.

Daha sonra hakimlər Tariyel Qurbanovun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan ediblər. O, istintaqa ifadəsində göstərib ki, dostları ilə birlikdə 7-8 il əvvəl mütəmadi olaraq istirahət üçün Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən “Hamam Palace” adlı hamama gedib.

Onun sözlərinə görə, orada xidmət edən şəxslərdən biri də hamamın işçisi Ümman Əliyev olub. Hər dəfə hamama gedəndə Ümman Əliyev və xidmət göstərən digər şəxslərə təxminən 10-20 manat məbləğində bəxşiş verib.

Zərərçəkmiş daha sonra ifadəsində Ümman Əliyev və digər təqsirləndirilən şəxslərin dələduzluq və hədə-qorxusu ilə üzləşdiyini qeyd edib. Bildirib ki, təqsirləndirilən şəxslər ona SMS yazaraq hamam paltarında olan fotolarını yaymaqla hədələyiblər, ondan pul tələb ediblər.

Tariyel Qurbanov həmçinin ifadəsində Ümman Əliyevin ona xəstə olması, müalicəyə ehtiyacı olduğunu bildirib, bu yolla ondan ayrı-ayrı vaxtlarda ümumilikdə 9950 manat alıb.

Tariyel Qurbanov daha sonra ifadəsində Ümman Əliyev və digərlərinin hədə-qorxu yolu ilə ondan pul almaları barədə geniş danışıb. O, hamam fotolarının yayılmaması üçün onların tələb etdiyi ayrı-ayrı vaxtlarda ümumilikdə 31 min manat verib.

Zərərçəkmiş qeyd edib ki, 2022-ci ilin fevralın 10-da Ümman onunla əlaqə saxlayıb, Bakı şəhərində olduğunu, qrupun bütün üzvləri barəsində bildirməklə 20 min manat tələb edib: “Ümman həmçinin bildirdi ki, razılaşmadğım təqdirdə şəkillərimi yayacaq, habelə müxtəlif məzmunlu ərizələr göndərməklə, həmin ərizələri və bu günədək pul almasına dair məlumatları müxtəlif instansiyalara göndərib, məni həm qohumlarım, həm də ailə üzvlərim arasında rüsvay edəcək. Artıq Ümman Əliyevin törətdiyi cinayətlərdən bezdim, şikayət etmək qərarına gəldim. Ərizə ilə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdim. Məni aldatmış, hədə-qorxu gəlmiş şəxslər barəsində qanuni tədbir görülməsini, onların cinayət məsuliyyətinə cəlb olunmasına köməklik göstərilməsini xahiş etdim”.

Tariyel Qurbanovun ifadəsinə görə, fevralın 25-də evdə olduğu zaman tanımadğı bir qadın onun vatsapına mesaj göndərib: “Həmin qadın özünü Ümman Əliyevin tanışı kimi təqdim etdi. Həmin qadın Ümman Əliyevin mobil telefon aparatının və həmin telefonun yaddaşında məni rüsvay edəcək məlumatların, hamamda çəkilmiş çılpaq şəkillərin onda olduğunu bildirdi. Qadın məndən 4 min manat tələb etdi. Bildirdi ki, 4 min manatı verməkdən imtina etdiyim təqdirdə, içərisində şəkillər olan həmin mobil telefonu kənar şəxslərə verəcək, bununla yanaşı, həmin şəkilləri müxtəlif sosial şəbəkələr vasitəsi ilə yayıb həm məni, həm də ailə üzvlərimi dost-tanışlarım arasında rüsvay edəcək. Onun yazdığı səsli mesajların ancaq bir hissəsini yaddaşda saxlaya bilmişəm. Həmin səsli mesajları oxuduqdan sonra silirdim. Mesajları sildiyimi gördükdə, həmin qadın bunun səbəbini soruşdu. Mesajların mobil tətbiqin ayarları ilə bağlı silindiyini bildirdim”.

İstintaq orqanı tərəfindən Natiq Nuriyev, Ümman Əliyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.

Qeyd edək ki, Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

Ötən ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.

Tariyel Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

Xatırladaq ki, Tariyel Qurbanov bir vaxtlar sol əllə hərbi salam verməsi ilə gündəmə gəlmişdi.

 

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR