İnsanlara hürriyət, millətlərə istiqlal!

Kılıçdaroğlu panika içində: VİDEO və mesajlar üzə çıxdı, tezliklə...

3097 28.05.2023 12:37 Siyasət A A

““Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu xüsusilə son günlər gözlənilməz davranış modeli sərgiləyir. O, 14 may seçkilərində 60% səs qazanacağına ümid edirdi. Gözlədiyi nəticəni əldə edə bilməyən Kılıçdaroğlunun psixologiyası alt-üst oldu və siyasi kursunu 180 dərəcə dəyişdi”.

Bunu Musavat.com-a açıqlamasında türkiyəli politoloq Hüsamettin İnaç deyib.

husamettin.jpg (57 KB)

Politoloq vurğulayıb ki, 14 maya qədər Türkiyənin bölünməsi, PKK-nın və FETÖ-nün istəkləri yönündə siyasət aparan Kılıçdaroğlu həmin tarixdən sonra ifrat milliyyətçi, hətta faşist deyilə biləcək bir xəttə üz tutdu:

“Xüsusilə müxalif “Zəfər” Partiyasının sədri Ümit Özdağ Türkiyədə faşist və irqçi deyə biləcəyimiz bir liderdir. Kılıçdaroğlu Özdağla ittifaq qurdu və dolayısı ilə ritorikasını tamamilə dəyişdi. Bu müddətdə ona səs verən seçiciləri küsdürdüyü kimi, yeni seçici kütləsi kimi gördüyü Atatürkçü və milliyyətçi kəsimin də etimadını qazana bilmədi. Bütün bunlardan sonra seçkilərdə uduzacağını başa düşdü. Bu fonda öncə referendum ifadəsini işlətdi. Bildiyiniz kimi, referendum 1 nəfərin namizəd olduğu və həmin şəxsin təsdiqləndiyi bir strukturdur. 3 gün öncə isə İnformasiya Texnologiyaları və Rabitə İdarəsi Türkiyədəki telefon şirkətlərinə xəbərdarlıq etdi. Çünki Kamal Kılıçdaroğlu qadağan olunmasına rəğmən, öz təbliğatını Türkiyədəki bütün vətəndaşlara mesaj və video şəklində çatdırmışdı. Halbuki İnformasiya Texnologiyaları və Rabitə İdarəsi 15 martdan etibarən bütün namizədlərə bunu qadağan etmişdi. Telefon şirkətlərinin cəzalandırılması məsələsi gündəmə gələrkən Kılıçdaroğlu bunu özünə qarşı ayrıseçkilik və qaralama kimi qələmə verməyə çalışdı. 2 gün öncə isə təxribatçı video çəkərək “mənim öz təbliğatımı aparmağım əngəllənir, telefonumu istifadə edə bilmirəm, nə edim, geri çəkilim?” kimi sözlər işlətdi. Seçkilərdə iştirak etməyəcək kimi bir imic formalaşdırmağa çalışdı. Bu, Türkiyə demokratiyasına ən böyük zərər verəcək bir addımdır. İnsanların özəl durumlarının araşdırılması qanuna ziddir. Kılıçdaroğlu isə kredit borcu olan insanları araşdırıb, “sizin kreditlərinizi mən ödəyəcəm” deyib. Pensiya yaşı yaxınlaşan insanları araşdırıb, onlara “sizin pensiya imkanlarınızı mən təmin edəcəm” kimi əslində insan haqlarına zidd olan mesajlar göndərib”.  

Politoloq bildirib ki, Kamal Kılıçdaroğlunun seçkilərdə çox böyük fərqlə məğlubiyyətə uğrayacağını bütün sorğular göstərir:

“Bu, yüzdə 55-ə 45 ola biləcəyi kimi, yüzdə 40/60 kimi nisbətdə ola bilər. Kılıçdaroğlu bunu bildiyi üçün özünü qurban kimi göstərir. Bütün sorğular göstərir ki, seçkilər Rəcəb Tayyib Ərdoğanın zəfəri ilə tamamlanacaq. Kamal Kılıçdaroğlu isə siyasi həyatını itirəcək. Çünki seçkiləri qazana bilməyəcəyi təqdirdə tezliklə qurultay keçiriləcək və Cümhuriyyət Xalq Partiyasına sədrliyi də itirəcək. Dolayısı ilə siyasi həyatının bitdiyini başa düşən Kılıçdaroğlu ciddi təlaş, panika içindədir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR