İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəndliyə düşmənçilik planları

1908 14.11.2023 12:43 Yazarlar A A

Milli Məclisdə gərgin büdcə müzakirələri keçirilir. Deputatlar çıxış edir, hər biri xalq üçün canlarından keçirlər. İstəyirlər gələn il xalqımız bu ilkindən daha yaxşı yaşasın. Hərçənd burada yeni kəşf yoxdur, onsuz xalqımız hər il gələn ilkindən daha yaxşı yaşayır. Buna görə hökumətə dərin minnətdarlığımızı çatdırmaqdan şərəf duyuruq.

Dünən də deputatların iclasında belə fikirlər səslənmişdir: “Şairlərin işi təkcə Prezidentə yazıb ev istəmək, nəvələrinə vəzifə istəmək deyil. Regionlara gedib oradakı mədəniyyət mərkəzlərində fəaliyyət göstərməlidirlər. Eləcə də regionlarda diaqnostika mərkəzləri, müasir xəstəxanalar tikilir. Həkimlər 5 illik təyinatla regionlarda işləməlidirlər. Niyə insanlar əməliyyat, müalicə üçün Bakıya gəlməlidir?” Sitatın sonu.

Sizcə, bu alov püskürən, qan donduran, tük ürpədən kəskin müxalifətçi çıxışın müəllifi kimdir? Bəlkə radikal-ekstremistlərdən biridir? Yox, tapmadınız. İradları yapçı deputat Səyavuş müəllim dilə gətirmişdir.

İlk baxışdan haqlı iradlar kimi görünür. Doğrudan da bizim yazıçı-şair bandası özünü dövlət büdcəsinin soyğunçuları şəklində aparırlar. Elə şair var dövlətdən 5 dəfə ev alıb. Bəzi yazıçılar uşaqlarını, nəvələrini, nəticələrini müftəxor vəzifələrə dürtüşdürüblər, hazırda kötücə və yadıcaları üçün çalışırlar. Barı ortada bunun əvəzinə əsər ola... Təəssüf ki, nə iqtisadi, nə siyasi uğurları tərənnüm edən poemalar, romanlar yazırlar. Ancaq boş-boş laqqırtı, ucuz melodramlar, ağlaşmalı şeirlər ortaya çıxır. Elə bil dövlət bunlara pul verir ki, konyak içib serrozdan ölən, yüngül davranışlı, milli mentalitetimizə uyğun gəlməyən “qəhrəmanlar” düzəltsinlər. Əsl saxtakarlıq, riyakarlıqdır. Guya sovet quruluşunu bəyənmirdilər, ancaq onun bütün mükafat və orden-medallarını süpürləşərək alırdılar. İndi də eyni yolun yolçusudurlar. Fürsət gözləyirlər özlərini dissident elan eləsinlər.

Lakin məni bu düşündürmür. Qoy onlara həmin pulları verənlər - xalq, hökumət və sairə - narahat olsun. Necə deyərlər, can özgənin, cəhənnəm tanrının. Məni narahat edən odur ki, birdən hökumətin büdcə müzakirələri üçün parlamentoya yolladığı nazirlər Səyavuş müəllimi eşidərlər, nəsə qərar çıxardarlar. Məsələn, şairlərə pul bu şərtlə verilər ki, onlar mütləq kəndə gedib mədəniyyət evində çalışmalıdır.

Açıq yazsaq, bu, kəndlinin tabutuna vurulan son mıx olardı. Əgər hazırkı şair-yazıçı tayfası regionda sülənməyi daimi işə, prosesə çevirsə və bunun üçün hökumətdən mandat əldə etsə, kəndli acından öləcəkdir. Çünki bu acgözlər kəndlinin tabağındakı son quru arpa çörəyini, hinindəki axırıncı qart toyuğun budunu, bostanındakı kələmin kötüyünü ac canavar kimi gəmirib bitirəcəkdir.

Sovet vaxtında şairlərin kəndlərə bu səlib yürüşlərini xatırlayanlar vardır. Hələ arsız-arsız anekdotlar qoşardılar. Biri indi yadıma gəlir. İki-üç xalq şairi Qarabağ tərəfdə bir kəndliyə qonaq olur. Kəndli qoyunu çəkir ortaya, deyir hörmətli qonaqlara kabab verməliyəm, heyvanı kəsəcəm. Şairlərdən biri guya etiraz edir. Bu zaman o biri şair deyir: “Əşşi, imkan ver kəssin, dünyadan bir qoyun azalsın”. Dəhşət, fısqırıq. Guya bu anekdotda sovet dövlətinə etiraz ruhu gizlənirdi.

Həkimləri rayonlara məcburi göndərmək də eyni şəkildə, rayon xalqına qarşı repressiyadır. Heç olmazsa indi kənd adamı xəstələnəndə onu götürüb Bakıya qaçırlar. Adam pəncərədən yolu seyr edir, bir neçə saat ömrü uzanır. Rayon nə qədər uzaq, ucqar olsa, yaxşıdır. Nəhayətdə paytaxta çatır, onu xəstəxanada cəsur həkimlərimiz beş dəqiqəyə məhv edirlər. Əgər bu tibb işçilərini rayona yığıb göndərsək onlar kəndliləri yerindəcə öldürəcək.

Hökumətdən xahiş edirəm Siyavuş müəllimin təkliflərinə bir qəpik də pul ayırmasınlar. Kəndliyə pul göndərmək əvəzinə, şair və həkim göndərmək onun evini yıxmaqdır. Elə birdəfəlik molla göndər ondansa...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR