İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçid haqda hədis

1414 03.11.2023 14:29 Yazarlar A A

Dəmir yolu idarəsi xəbər yayıb. Şirvan-Hacıqabul arasında yolu keçən ana və uşağı lokomotiv vurub. İdarə zəhmətkeşlərdən xahiş edir yolu yalnız “piyada keçidlərindən və müəyyən edilmiş yerlərdən” keçsinlər. 2023-cü ildə qaydalara əməl etməyən 5 nəfər qatarların qurbanı olub və sairə.

Xəbərdə Şirvan hadisəsi zamanı da keçid qaydası pozulubmu, bu haqda deyilmir. Yalnız “qəfil qatarın qarşısına çıxıb” yazılıb. Bu baxımdan, orada keçid varmı-yoxmu, keçid şlaqbaum və başqa vasitələrlə bağlanırmı, yoxsa vətəndaş özbaşına yola çıxıbdır - bunlar bizə sirr olaraq qalır.

Niyə bunları detallı yazıram? Çünki yayda qəribə bir dəmiryolu “keçidi”ni şəxsən müşahidə etmək fürsətim olub. Bu keçid Sumqayıt-Pirşağı dəmir yolunun üzərində, Görədil kəndi ərazisindədir. Oradan sürət qatarları keçir, dəmir yolunun kənarı çəpərlənib, yolun üzərindən isə camaatın keçməsi üçün guya yerüstü keçid qoyublar. Lakin həmin dəmir pilləkənli konstruksiya elə hündür, kobud bir həngamədir ki, camaatın çoxu, xüsusilə yaşlı insanlar onun üzərinə qətiyyən çıxmırlar. Az qala göyə çıxır pilləkənlər. Şair demişkən: “Kimi nəğmə deyə-deyə, kimi söyə-söyə çıxır”. Qışda, payızda camaat pilləkənlərdən sürüşüb yaralanırmış. Bunu mənə kəndlilər dedilər.

Bəs nə edirlər, yolu necə keçirlər? Bax, dəmiryolçu Kərəmi burada ağlamaq tutur: camaat metal çəpəri yarıb, orda “kamali-ədəblə” deşik - milli keçid açıblar. Bir az sağa, bir az sola baxırlar, qatar gəlmirsə tez relslərin üstündən qaçaraq, hoppanaraq yolu adlayırlar (ağlıma belə fikir gəldi ki, bəlkə ADY sözü adlamaq felindən əmələ gəlibdir). Sürət qatarı yolunda bu iş nə qədər təhlükəlidir, onu özünüz təxmin edin. Yeri gəlmişkən, mən o “yarıq-keçidi”, Görədil Fermopilini görəndən sonra bizim sürət qatarlarının normal dünyadakı kimi 200-300 km.saat sürət yığmadığına sevindim. Orada 100 də çoxdur.

Belə maneə çəpərlərini yarıb yol, keçid, dəhliz açmaq bizdə nadir hal deyil, hətta geniş yayılmış üsuldur. Təzəlikcə Bakı-Rusiya sərhədi sürətli, ödənişli yolunda qoyun sürüsünün videosu yayılmışdı. Camaat orada çəpəri kəsib qoyunlara yol açıbmış. Görünür, qoyunlar üçün keçidlər düzəltmək kiminsə yadından çıxıb. Bu da ilk hal deyil. 2000-ci illərdə Bakı-Hacıqabul yolu təzə istifadəyə veriləndə xərclərin smetadan kənara çıxdığı bilindi. O vaxt bu temada baş nazirin müavini Abid Şərifova sual vermək imkanım olmuşdu. Şərifovun cavabı: “Yolu planlaşdıranda altından heyvanlar, qoyun-quzu keçidləri qoymaq unudulmuşdu. Ona görə xərclər artdı”.

Bütün respublika əhalisini Bakıya yığırıq, sonra avtomobil yollarını əcaib metal torlarla çəpərləyirik ki, camaat maşınların altına girməsin.

Hökumət çəpərləyir, camaat keçid açır. Çünki çəpəri düzgün çəkmək lazımdır. Keçidi normal düzəltmək lazımdır. “Su axar, çuxurunu tapar” məsəli həyatın bütün sferalarına aiddir. Qanunlar, qaydalar vətəndaşın yaşayışını yüngülləşdirmək, asanlaşdırmaq, yaxşılaşdırmaq üçün qəbul edilməlidir. Bizdə isə cəza mexanizmi, qapatmaq, örtmək, bağlamaq üçün tətbiq olunur. Hökumətə elə gəlir qadağalar nə qədər çox olsa yaxşıdır, stabillik artır. Yanlışdır, çünki “qadağan edilmiş meyvələr daha dadlı olur”.

Maraqlıdır ki, dünya liderləri artıq haqqın yoluna gəlməyə başlayıblar. ABŞ prezidenti Co Bayden srağagün Qəzza bölgəsi haqda çıxışında demişdir: “Məhəmməd peyğəmbər bir hədisdə buyurur ki, bir pisliyi əlinlə düzəlt, əlinlə bacarmasan dilinlə düzəlt, dilinlə bacarmasan ürəyinlə düzəlt”.

Mən də yazımı elə bu gözəl, ibrətamiz hədislə bitirirəm. Şübhəsiz, anlayanlar üçün burada böyük hikmət yatır. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR