İnsanlara hürriyət, millətlərə istiqlal!

Kasprşik indi də Laçın postuna gəlir: ATƏT bizdən nə istəyir?

651 18.08.2023 11:02 Siyasət A A

Politoloq: "ATƏT sədrinin nümayəndəsinin gəlişinə Bakı ona görə razılaşıb ki..."

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Buyar Osmaninin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan-Azərbaycan şərti sərhədindəkii vəziyyətlə tanış olmaq məqsədilə sərhədə gələcək. Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani bildirib.

Osmani deyib ki, o, bu qərarı ötən həftə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışıqlarından sonra verib.

""Laçın dəhlizi"ndən sərbəst keçidlə bağlı çağırışımı bir daha təkrar edirəm. Digər marşrutlar paralel olaraq açılmalıdır. Humanitar aspektlər həmişə üstünlük təşkil etməlidir. Siyasi məsələlər üzrə dialoq davam etməlidir və ATƏT buna kömək etməyə hazırdır”, - deyə Osmani qeyd edib.

Bakıdan bu açıqlamaya cavab gecikməyib.

“Hər gün Laçın sərhəd-buraxılış məntəqəsindən hər iki istiqamətdə Azərbaycanın onlarla erməni sakini keçir. Cənab nazir, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da sərhəd keçidi yaxşı tənzimlənir və "sərbəst keçid" anlayışı heç yerdə yoxdur. Bölgəyə böyük həcmdə yüklərin çatdırılmasına gəlincə, Azərbaycan bu məqsədlə Ağdam-Xankəndi yolunu ayırdı. Əgər on gün əvvəl ermənilər tərəfindən razılaşma pozulmasaydı, Ağdam-Xankəndi yolundan istifadə oluna bilərdi".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə “X”də Kasprşikin regiona səfərinə münasibət bildirərkən yazıb.

Məlumdur ki, Kasprşikin adı dərhal bədnam Minsk Qrupunu (MQ) yada salır. Bu da təbiidir. Biz 27-28 ildə ATƏT-dən və onun erməni işğalını rəsmiləşdirməyə çalışan MQ-dən Azərbaycana münasibətdə yaxşı heç nə görmədik. Odur ki, sual: rəsmi Bakının yəqin ki, zorən razılıq verdiyi bu səfərin Azərbaycan üçün hər hansı səmərəsi olacaqmı? ATƏT nə istəyir?

Vardanyanın həbs olunması ilə bağlı konkret addımlar atılmalıdır' — Oqtay  Qasımov

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, ATƏT-in sədrinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıqdan sonra bölgəyə öz nümayəndəsini göndərməsi qərarı, verdiyi açıqlama Azərbaycan tərəfindən müəyyən iradlarla qarşılanıb: “Bununla bağlı Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə nazirliyin mövqeyini bildirdi. Azərbaycanın əsas iradı və narazılığı Laçın yolundan sərbəst keçidə şərait yaradılması ifadəsinədir. ATƏT-in sədri həm də bir ölkənin xarici işlər naziridir və şübhəsiz o da bilir ki, dünyanın heç bir ölkəsinin ərazisinə sərhəd-buraxılış məntəqəsində yoxlama olmadan sərbəst keçidə icazə verilmir. Nəzarət-buraxılış məntəqəsi də hər bir dövlətin daxili məsələsidir, həm beynəlxalq, həm də milli qanunvericiliklə tənzimlənir.

Azərbaycan bölgədə gərginliyin azalması, sülhün əldə olunması üçün bütün platformalarda konstruktiv əməkdaşlıq etməkdədir. Baxmayaraq ki, ATƏT 28 ildən artıq müddətdə bu prosesdə Minsk Qrupu vasitəsilə əsas rola sahib idi, lakin Minsk Qrupu üzərinə düşən missiyanı yerinə yetirmədi və ya yetirə bilmədi. Onun vasitəçiliyi sülhün əldə olunmasına yox, sonda müharibənin başlanmasına gətirib çıxardı.

Minsk Qrupu fiaskosundan sonra ATƏT rəhbərliyinin hələ də Qarabağ məsələsinə müdaxilə etmək cəhdləri təəccüb doğurur. Azərbaycan cəmiyyətində ATƏT platformasına zərrə qədər etimad, inam yoxdur. ATƏT-in prosesə hansısa töhfə verməsi də mümkün deyil. Bütün bunlara baxmayaraq, ATƏT əl çəkmək istəmir. Azərbaycan ATƏT nümayəndəsinin bölgəyə səfərinə razılıq verməyə də bilərdi. Sadəcə, BMT Təhlükəsizlik Şurasında 16 oktyabrda keçirilən müzakirələr ərəfəsində beynəlxalq qurum olan ATƏT-in təklifini geri çevirməmək məqsədi daşıyıb. ATƏT sədrinin nümayəndəsinin bölgəyə səfərinin hansısa ciddi dəyişikliklərə gətirəcəyi də gözlənilmir.

Osmaninin açıqlamasında diqqət çəkən məqamlardan biri digər kommunikasiyalardan istifadə olunması ilə bağlı fikirlərdir ki, bu da Azərbaycanın Ağdam-Xankəndi yolu ilə bağlı etdiyi təklifə uyğun olan fikirdir. Azərbaycan ATƏT sədrinin təklifinə ona görə müsbət cavab verib ki, alternativ marşrut olan Ağdam-Xankəndi yolu ilə bağlı reallığı bir daha ATƏT sədrinin nümayəndəsinin diqqətinə yerində çatdırsın. Qurumun nə istədiyinə gəlincə, bu beynəlxalq təşkilat yenidən proseslərdə aktiv iştiraka can atır. Eyni zamanda ATƏT-in mərkəzi bürosunda məhz bu işlə məşğul olan diplomatlar üçün büdcə ayrılmışdı, onları ştatda fəaliyyət göstərirdilər. İndi faktiki olaraq üç ildir ki, həmin şəxslər-diplomatlar işsiz qalıblar. ATƏT onların hansısa formada prosesdə iştirakını istəyir".

Lakin politoloqa görə, ATƏT-in bölgədə fəallaşma imkanları məhduddur: “Ən azı o baxımdan ki, artıq danışıqlar prosesində bir neçə platforma mövcuddur. Bu platformalar üzərindən prosesi irəliyə aparmaq üçün fəaliyyətlər göstərilir. ATƏT-in artıq bu prosesdə aktiv iştirak edə biləcəyi gözləntimiz yoxdur. Odur ki, Anjey Kasprşikin bölgəyə gəlişini səfər xatirinə səfər də adlandırmaq olar. Onun səfəri xüsusi bir anlam daşımır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR