Ermənistanda seçkilərin nəticələrini tanımadıqlarını bildirən müxalif “Güclü Ermənistan” bloku deputat mandatlarından imtina edib-etməmək məsələsində hələ yekun qərar verməyib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu siyasi qüvvənin nümayəndəsi Qoar Meloyan mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, məsələ ilə bağlı hələ siyasi qərar qəbul edilməyib və geniş müzakirələr aparılmayıb. Meloyan bildirib ki, əvvəlcə seçkilərin yekun nəticələrinin açıqlanmasını gözləmək lazımdır.
Müxalifət nümayəndəsi hesab edir ki, bülletenlərin yenidən sayılması zamanı müəyyən dəyişikliklər baş verə bilər. Xüsusilə də “Çiçəklənən Ermənistan” Partiyasının parlamentə düşüb-düşməyəcəyi məsələsinin hələ tam aydın deyil.
Meloyan eyni zamanda vurğulayıb ki, parlamentdə təmsil olunacaqları halda hakim “Vətəndaş Müqaviləsi” Partiyasının 3/5 çoxluq əldə etməsinin qarşısını almaq mümkün ola bilər. “Bu, təkcə baş prokurorun təyin edilməsi ilə bağlı deyil. Beynəlxalq müqavilələrin ratifikasiyası, yeni Konstitusiyanın qəbulu, anklavlar və xüsusilə Kərki məsələsi kimi mövzular da gündəmdədir”, – deyə o bildirib.
“Güclü Ermənistan” təmsilçisi mandatlardan imtina ilə bağlı qərarın seçicilərin mövqeyi nəzərə alınaraq veriləcəyini də vurğulayıb.
Qeyd edək ki, seçkidən dərhal sonra mandatlardan imtina çağırışları səsləndirən bəzi revanşist dairələrin indi daha ehtiyatlı danışması diqqət çəkir. Müxalifət düşərgəsində parlamentdən kənarda qalmağın siyasi təsirlərinin ciddi müzakirə olunduğu hiss olunur.
Musavat.com






