İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kraudfandinq haqqında” qanun layihəsi parlamentdə

596 07.07.2026 12:23 Gündəm A A

Milli Məclisin iclasında “Kraudfandinq haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Musavat.com-un xəbərinə görə, layihə barədə İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib.

Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilmiş innovativ fəaliyyətin dəstəklənməsinə dair qanun layihələri dövlətimizin yeni mərhələdə rəqəmsal və texnoloji inkişaf sahəsində təşəbbüslərini və strateji hədəflərini əks etdirir:

“İqtisadi siyasət komitəsinin iclasında qanun layihələrinin geniş təqdimatı keçirilib. Aparılmış müzakirələr çərçivəsində səsləndirilən bəzi təklif və tövsiyələr hazırda qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılmaqdadır. İkinci oxunuşda bu barədə məlumat veriləcək”.

Komitə sədri deyib ki, bu layihələr mahiyyətcə ayrı-ayrı sənədlər deyil, əslində bir-biri ilə sıx bağlı olan, vahid innovasiya zəncirinin hüquqi təminatını yaradan inteqrə olunmuş qanunvericilik paketidir:

“Bu səbəbdən də həmin layihələri birləşdirən vahid dövlət strategiyasını, innovasiyalar sahəsində qanunvericilik təşəbbüslərini 1-ci oxunuşun tələblərinə uyğun konseptual olaraq təqdim etmək istərdim. Bu kontekstdə hazırkı təqdimatla "qanun nəyi dəyişir" sualına deyil, "niyə bu qanunları qəbul edirik" sualına cavab verilməsini məqsədəuyğun hesab edirik. Təbii ki, hər şeydən əvvəl ölkəmizdə qurulmaqda olan vahid rəqəmsal inkişaf arxitekturasını vurğulamalıyıq. O bir tərəfdən rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik üzrə fəaliyyət istiqamətlərini əhatə edir. Digər tərəfdən də bütöv bir sistem kimi rəqəmsal dövlət idarəçiliyini, rəqəmsal iqtisadiyyatı və rəqəmsal cəmiyyəti özündə birləşdirir.

Əsas məqsəd ölkənin texnoloji potensialını gücləndirmək, innovasiyaya əsaslanan iqtisadi modelə keçidi sürətləndirmək və bu sahədə vahid dövlət siyasətini koordinasiyalı şəkildə həyata keçirməkdir.

İnnovasiyaların dövlət siyasətinin əsas istiqaməti olaraq elan edilməsi və müəyyənləşdirilməsi düşünülmüş, müasir çağırışları nəzərə alan uzunmüddətli strategiyadır. Strategiya dövlət siyasətini müəyyən edir, dövlət siyasəti innovativ iqtisadi modeli formalaşdırır, qanunvericilik isə həmin modeli dayanıqlı hüquqi sistemə çevirir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev rəqəmsal inkişafı dövlətimizin gələcəyini müəyyən edən mühüm amil kimi xüsusi vurğulayıb. Təqdim etdiyimiz qanun layihələri də məhz həmin strateji baxışın qanunvericilik müstəvisində həyata keçirilməsinə xidmət edir.

Xatırlatmaq istərdim ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 3-cü strateji istiqaməti “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” adlandırılıb.

Azərbaycanda rəqəmsal inkişaf sahəsində həm strateji baxışı müəyyən edən "Rəqəmsal İnkişaf Konsepsiyası”, “Süni İntellekt Strategiyası”, həm də icranı təmin edən “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı” təsdiq olunub. Bunun məntiqi davamı olaraq 2026-cı ilin fevral ayının 11-də dövlət başçısının sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Bu tədbir rəqəmsal inkişafla bağlı siyasi iradəni bir daha nümayiş etdirdi”.

A.Əmiraslanov bildirib ki, rəqəmsal keçidin sürətlənməsi, nəzərdə tutulan tədbirlərin səmərəli icrası prosesin institusional aspektlərinə zəruri diqqət yetirilməsini şərtləndirir:

“Rəqəmsal transformasiya sistemli xarakter daşıdığına görə bu sahədə dövlət orqanlarının birgə fəaliyyəti və müvafiq təşkilati mexanizmin yaradılması tələb olunur. Bu kontekstdə xatırlatmaq istərdim ki, 11 fevral tarixli müşavirədə Prezident İlham Əliyev rəqəmsal keçid sahəsində dövlət qurumları arasında sıx koordinasiyanın aparılmasını, pərakəndəliyə yol verilməməsini xüsusi olaraq tapşırıb. Bu məqsədlə az bir müddətdən sonra Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın ilk iclasında müvafiq proqramların icrası, innovasiya siyasətinin vahid yanaşma əsasında həyata keçirilməsi və bu sahədə qanunvericilik bazasının formalaşdırılması məsələləri geniş müzakirə edilib.

Formalaşmış institusional çərçivə rəqəmsallaşma ilə bağlı hər bir qurumun fəaliyyət dairəsini və mandatını müəyyən edir. Belə ki, rəqəmsal inkişaf strategiyası Prezident tərəfindən müəyyən edildikdən sonra, onun icrasını hökumət həyata keçirir, hüquqi bazasını isə parlament formalaşdırır”.

Komitə sədri qeyd edib ki, Azərbaycanın rəqəmsal inkişaf arxitekturası, siyasi iradəyə əsaslanan strateji baxış artıq ölkə ictimaiyyətinə təqdim edilib:

“İndi isə bu strategiyanın hüquqi arxitekturasının qurulması zərurəti yaranır. Strategiya inkişafın məqsədini və istiqamətini müəyyən edir, qanunvericilik isə həmin inkişafın dayanıqlığını, hüquqi mexanizmlərini təmin edir.

Strategiya siyasi iradəni ifadə edir, qanunlar isə həmin siyasi iradəni hüquqi normaya çevirir. İnnovativ iqtisadiyyat platformasında yeni maliyyələşdirmə mexanizmləri, investorların hüquqlarının etibarlı müdafiəsi, intellektual mülkiyyətin qorunması, startapların təşviqi heç şübhəsiz qanunla təmin edilməlidir.

Müzakirəyə çıxarılan qanun layihələri ölkə rəhbərliyi tərəfindən elan edilmiş strateji kursun məntiqi davamıdır və mahiyyət etibarilə innovativ iqtisadiyyatın hüquqi əsaslarının yaradılmasına xidmət edir.

Eyni zamanda bu layihələr innovasiyalar sahəsində özəl sektorun genişlənməsini, bu sahəyə investisiyaların cəlb edilməsini və Azərbaycanın regional innovasiya mərkəzlərindən birinə çevrilməsini dəstəkləyən mühüm qanunvericilik təşəbbüsü kimi dəyərləndirilməlidir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR