İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç Rusiya burulğanında - İLGİNC DETALLAR

1007 28.07.2023 18:57 Son xəbər A A

“İsveç Rusiyanın dezinformasiya təbliğatının hədəfinə çevrilib. Məqsəd İsveç dövlətinin “Quran”ın yandırılmasına dəstək verdiyi təəssüratı yaratmaq, NATO üzvlüyünə namizəd olan bu ölkənin imicini korlamaqdır”. ABŞ-ın “Reuters” agentliyinin məlumatına görə, İsveçin mülki müdafiə naziri Karl-Oskar Bolin belə deyib.

Novator.az xatırladır ki, Rusiyanın 2022-ci ilin fevralından Ukraynada apardığı müharibə bütövlükdə Avropanın təhlükəsizliyinə təhdid sayıldığından iki neytral ölkə – Finlandiya və İsveç hərbi bloka qoşulmaq məcburiyyətində qalıb. Bu ölkələr 2022-ci il mayın 12-də Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olmaq üçün müraciət edib. Qaydaya görə, yeni ölkə NATO-ya onun hər bir üzvünün razılığı olduqda götürülə bilər.

1952-ci ildən NATO-nun üzvü olan Türkiyə həm Finlandiyanın, həm də İsveçin Türkiyədə separatçılığa, terrorçu kimi tanınan qurumlara dəstək verdiyini əsas gətirərək onları alyansa buraxmayacağını bəyan edib. Lakin sonradan Finlandiya, ardınca isə İsveç Türkiyəni narahat edən məsələlərin çözümü üçün öhdəlik götürüb, Türkiyə isə veto hüququndan istifadə etməməyə razılaşıb. Nəticədə 2023-cü il aprelin 4-də Finlandiya NATO-nun üzvünə çevrilib. Yaxın zamanda İsveçin də NATO-ya qəbul ediləcəyi gözlənir.

“Reuters” qeyd edir ki, İsveçin NATO üzvlüyünə namizəd ölkə olması onu beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevirib: “Belə bir zamanda isə İsveçdə keçirilən bəzi etiraz aksiyalarında islam dininin müqəddəs kitabı “Quran”ın nüsxələri yandırılıb və bu, bütün dünyada müsəlmanları qəzəbləndirib”.

Karl-Oskar Bolin mediaya açıqlamasında deyib ki, Kremlin dəstəklədiyi subyektlər fəal şəkildə bu mövzuda manipulyasiyalar edərək guya müqəddəs kitabın təhqir olunmasının arxasında İsveç dövlətinin dayandığı haqda iftira yayır: “Belə iddialar tam əsassızdır. Rusiyanın bu iftirası çaşqınlıq yaratmağa, İsveçin beynəlxalq imicini zədələməyə hesablanıb”.

İsveçin baş naziri Ulf Kristersson da məsələyə münasibət bildirib. O, “Facebook” sosial şəbəkəsində yerləşdirdiyi açıqlamasında vurğulayıb ki, İsveçin hüquq mühafizə orqanları icazəni “Quran”ın yandırılmasına yox, ictimai toplantıların keçirilməsinə verir. Sərbəst toplaşmanın konstitusiyada təsbit edilmiş hüquq olduğunu xatırladan baş nazir bildirib ki, dövlət yalnız bu və digər hüquqlara, o cümlədən ifadə azadlığına təminat verir, amma heç bir etirazın arxasında dayanmır.

İsveç Psixoloji Müdafiə Agentliyinin təmsilçisi Mikael Ostlund da “Reuters”ə deyib ki, Rusiya “Quran”ın yandırılmasından öz ambisiyalarını yeritmək üçün sui-istifadə edir: “Rusiya İsveçin NATO-ya qoşulmasına mane olmaq üçün informasiya məkanında əsassız ittihamlar irəli sürür”.

“Reuters” yazır: “Son aylar tək İsveçdə yox, Danimarkada da keçirilən nümayişlərdə “Quran” nüsxələri yandırılıb. Buna cavab kimi iyulun 19-da bir qrup müsəlman İsveçin İraqdakı səfirliyinə hücum edərək orada yanğınlar törədib.

Danimarka və İsveç hökumətləri “Quran”ın yandırılmasından təəssüfləndiklərini, lakin ifadə azadlığının müdafiəsinə yönəlmiş qaydaları poza bilməyəcəklərini, yəni kitabların yandırıldığı aksiyaların qarşısını almaq imkanında olmadıqlarını vurğulayıblar.

Türkiyə də “Quran”ın yandırılması ilə nəticələnmiş aksiyaları pisləyib və Stokholmu bunu edən şəxslərə qarşı tədbir görməyə çağırıb”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR