İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbula sunami təhlükəsi - Xəzərdən də Bakıya belə təhlükə varmı

942 18.07.2023 08:13 Gündəm A A

Qurban Yetirmişli: “Xəzər qapalı hövzə olduğuna görə orada heç vaxt sunami ola bilməz”

İstanbul Meriyasının Zəlzələlər üzrə Alimlər Şurasının üzvü Haluk Eyidoğan bildirib ki, güclü zəlzələ zamanı şəhər üçün sunami təhlükəsi olacaq və bir sıra ərazilər su altında qala bilər. Bu barədə "RİA Novosti" seysmologiya üzrə professordan sitat gətirir. Onun sözlərinə görə, İstanbulun bir çox ərazilərində sunami zamanı evakuasiya planları artıq sahillərdə asılıb.

O, həmçinin qeyd edib ki, 2019-cu ildə Türkiyənin böyük bir şəhərində təbii fəlakətlərin mümkün riskləri və nəticələrinin aradan qaldırılması nəzərə alınmaqla plan hazırlanıb. “Şəhərin 39 rayonunun hər biri, hər sahili üçün sunami riskinin qiymətləndirilməsi ilə bağlı xəritə hazırlanıb və internetdə dərc edilib. Ərazinin hansı hissəsinin su altında qala biləcəyi qeyd edilib. Dəniz 1.5 kilometr içəriyədək ərazini basa və xeyli ziyan vura bilər”, - deyə o bildirib.  Alimlərin hesablamalarına görə, sunami baş verərsə, şəhər sakinlərinin dalğanın gəlməsinədək 5-20 dəqiqə vaxtı olacaq.

İndiyədək Türkiyədə sunami halları və onun ağır fəsadları qeydə alınıbmı? Azərbaycanda, Xəzərdə də vaxtaşırı zəlzələlər olur. Bəs sunami təhlükəsi necə, varmı? Statistika nə deyir?

Qurban Yetirmişli: Zəlzələ daha çox şimal rayonlarında hiss olunub

Qurban Yetirmişli

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, İstanbulla bağlı dəfələrlə deyilib, çünki İstanbulda o tikililər ki var, onlar çoxdan istifadə müddətini bitirib, qəzalı vəziyyətdədir. Bu barədə çoxlu fikirlər də söylənilib, yoxlamalar da aparılıb: “İstanbulda köhnə binalar yenidən bərpa olunmalıdır. Bərpa olunmayanlar sökülüb yenisi ilə əvəz olunmalıdır. Çünki İstanbulda təhlükə Mərmərə dənizindən gələn güclü zəlzələ ocaqları ki var, orada tez-tez zəlzələlər baş verir, onun təsiri nəticəsində İstanbulda fəsadlar törədə bilər. Amma sunamilərin olması ilə bağlı məsələyə ədəbiyyatda rast gəlməmişəm. İstanbul dərəli-təpəli bir yerdir. Orada Mərmərə dənizində əmələ gətirə bilən sunami ilə bağlı gərək hesablama aparasan, sahildən hansı dərinlikdə, hansı təsirdə zəlzələ olacaq, bunların hamısını riyazi üsulla hesablamaq olar. Amma mənə elə gəlir ki, o gücdə sunami ola bilməz ki, İstanbul tam suyun altında qalsın”. 

Mərkəzin baş direktoru Azərbaycanla bağlı məsələyə toxundu: “Bizdə zəlzələlər olur, ancaq şükürlər olsun ki, bu cür dağıdıcı gücə malik, böyük fəsadlar, dağıntılar əmələ gətirən  o zəlzələlər uzun illərdir baş vermir. Axırıncı zəlzələ Şamaxıda 1902-ci ildə keçən əsrin əvvəlində baş verib. Minlərlə insan tələfatı olub. Nə qədər binalar çöküb. Üstündən 120 il keçib, bundan sonra Azərbaycanda o gücdə, 7 baldan yuxarı, 9 bal gücündə zəlzələ olmayıb. Bizə məlum olmayan zəlzələlər də olub. 1663-cü ildən bu yana maqnitudası 7-dən yüksək olan zəlzələlər də baş verib. Apardığımız tədqiqatlar göstərir ki, baş vermiş zəlzələlər tarixi zəlzələlərdir. Xəzər qapalı hövzə olduğuna görə orada heç vaxt sunami ola bilməz. Onu dalğa əmələ gətirə bilər. Onu bilin ki, güclü küləklər bu fırtınalardır. Xəzərdə güclü küləklər 8 metr, 15 metr, hətta bir az da hündür dalğalar əmələ gətirir. Bu gücdə dalğa sunami əmələ gətirə bilməz. O vaxt Moskva alimlərindən biri ilə hesabladıq ki, maksimum 50-70 santimetr, zəlzələ təsirindən dalğanı bu qədər ata bilər. Ona görə deyirəm ki, zəlzələ təsirindən Xəzərdə sunami ola bilməz”. 

Qurban Yetirmişli bəzilərinin seysmik xəritənin olmaması ilə bağlı dediklərinə münasibət bildirib: “Maqnitudası 5-dən yuxarı olan zəlzələlərin xəritəsini də biz qurmuşuq. O vaxtkı tikililərlə indiki tikililər arasında böyük fərqlər var. Bu sahədən xəbəri olmayan adamlar seysmik xəritə yoxdur deyə danışırlar. Seysmik xəritəni gətirib sizə də payladıq. Nə verir o?! Biz seysmik təhlükə zonalarını ayırmışıq, neçə bal ola bilər, o xəritə var, ehtimal olunan ərazilər hansılardı, o da var. Ən önəmli olanı bizdə var, halbuki dünyada tək-tük halda aparılır. Misal üçün, elə Türkiyəni götürək, güclü zəlzələ niyə dağıntıya səbəb oldu? Elə xəritə ilə hesabladıqlarına görə. Hər bir bina altı ayrıca tədqiq olunmalıdır. Onu da biz edirik. Bir məhəllədə yan-yana durmuş binanın biri 8, o biri 9 baldır. Deyirlər, bu qədər əzabla bu işlər görüləcək məgər?! Bəli, əsas da budur ki, baş verəcək zəlzələyə bina davam gətirə bilsin. Türkiyədə biz Kahramanmaraşda bazarlıq deyilən episentrdə işlədik, yan-yana durmuş 8 metr arası olan binalar var ki, çöküb. Özü də yetərincə normativlərə uyğun tikilib. Eyni layihə ilə tikiblər, o birisinə heç nə olmayıb. Aşağıda layların yatımı var, növləri, layların sıxlığı var, qrunt suları var, onların hamısı dalğa gələndə nəzərə alınmalıdır ki, öz enerjisini necə buraxır, təsiri necə olmalıdır. Buna görə bir bina çökür, o birinə təsir etmir. Azərbaycanda, Bakıda bu işləri belə aparırıq. Rayonlarda da çox aparmışıq. O xəritələri ayrı-ayrı rayonlar üzrə davam etdiririk, hələ başa çatmayıb. O xəritələri biz tamamlayandan sonra burada əsas məqsəd,  baş verən zəlzələ həmin ərazilərə öz təsirini necə göstərsin, ilkin yardım haradan başlansın, xilasedicilər haradan başlasın. Önəmli olan budur, yoxsa xəritə-xəritə deyib durublar”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR