İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildən ŞOK ADDIM - Bu ölkənin suyunu kəsdi

1575 09.07.2026 16:25 Dünya A A

İsrail ilə İordaniya arasında 1994-cü ildə imzalanmış sülh sazişinin əsas müddəalarından biri olan su təchizatı ilə bağlı yeni gərginlik yaranıb. İsrail hökuməti İordaniyaya əlavə su verilməsini nəzərdə tutan müqavilənin uzadılmasını təsdiqləməyərək bu məsələni siyasi danışıqlarda təzyiq vasitəsi kimi istifadə etməkdə ittiham olunur.

Musavat.com xəbər verir ki, İsrailin Kan 11 telekanalı və Ynet portalının məlumatına görə, Təl-Əviv rəhbərliyi 1994-cü il sülh sazişi çərçivəsində İordaniyaya hər il ayrılan 50 milyon kubmetr əsas su həcminin verilməsinin davam etdiyini bildirir. Lakin Ammanın tələb etdiyi əlavə suyun təmin olunmasının öhdəliklərinə daxil olmadığını qeyd edir. İsrail rəsmiləri son yüz ilin ən quraq dövrünün yaşandığını, ölkədə su ehtiyatlarının və fermerlərin qorunmasına üstünlük verildiyini əsas gətirirlər. Onların sözlərinə görə, əlavə su tədarükü yalnız iki ölkə arasında münasibətlərin yaxşılaşması halında mümkün ola bilər.

Məlumata görə, bu yanaşma İsrailin energetika naziri Eli Kohenin daha əvvəl səsləndirdiyi "təbii resurslardan ölkənin regional mövqeyini gücləndirmək üçün istifadə olunacağı" barədə bəyanatı ilə əlaqələndirilir.

Su ehtiyatları baxımından İsraildən yüksək dərəcədə asılı olan İordaniya bu qərara etiraz edir. Amman rəsmiləri bildirirlər ki, su məsələsi ölkənin suverenliyi və 1994-cü il sülh sazişinin ayrılmaz hissəsidir, buna görə də onun siyasi təzyiq vasitəsinə çevrilməsi qəbuledilməzdir.

İordaniya alternativ su mənbələrinin yaradılması istiqamətində iş aparır. Məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri gərginliyin azaldılması məqsədilə Əbu-Dabidə iki ölkə arasında münasibətlərin normallaşdırılması və birgə dəniz suyunun duzsuzlaşdırılması layihəsini əhatə edən görüş təşkil etməyə çalışır.

Mövcud böhran son aylarda regionda baş verən hərbi hadisələr fonunda daha da dərinləşib. İranın İsrailə qarşı raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar zamanı İordaniya hava məkanına daxil olan raketləri və pilotsuz aparatları vuraraq zərərsizləşdirmişdi. Amman bu addımın İsraili qorumaq üçün deyil, öz hava məkanını və vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını bildirsə də, hadisə ölkə daxilində və regionda geniş müzakirələrə səbəb olmuşdu.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR