İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Türkiyədə HƏMAS-a qarşı əməliyyata başlayır? - Ərdoğandan şok xəbərdarlıq...

668 07.12.2023 14:27 Dünya A A

Cümhurbaşqanı Tel-Əvivə “Cürət edərlərsə, bunun bədəlini çox, amma çox ağır ödəyərlər” mesajı verdi; “Türkiyədə əməliyyat bu gün qeyri-mümkündür, çünki...” - ekspert

Türkiyə-İsrail münasibətləri düşmənçilik həddinə çatıb. Qəzzada müharibə olmasaydı, əlaqələr normallaşmaqda davam edəcəkdi. 

Amma müharibə səbəbindən bu proses pozuldu. Yəhudi prezident İsaq Hersoq Ankaraya səfər etməklə normallaşmanın təməlini qoymuşdu, qarşılıqlı pozitiv mesajlar verilirdi, lakin HƏMAS-ın 7 oktyabr hücumu, ardınca ÇAXAL-ın Qəzzada əməliyyatlara başlaması hər şeyi korladı. “Türkiyədə (əməliyyat) addım atmağa cürət edərlərsə, bunun bədəlini çox, amma çox ağır ödəyərlər”. Bunu dekabrın 6-da prezident Rəcəb Tayyib Ərdoğan İsrail xüsusi xidmət orqanlarının HƏMAS üzvlərinə qarşı Türkiyə ərazisində əməliyyat keçirəcəklərinə dair məlumatlara münasibət bildirərkən deyib. “Bizi tanımırlar. Türkiyənin kəşfiyyat sahəsində qət etdiyi məsafəni dünyada bilməyən yoxdur. Biz dünən qurulmuş bir dövlət deyilik”, - Ərdoğan qeyd edib. Eyni gündə İsrailin müdafiə naziri Yoav Qalant deyib ki, Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağına nəzarəti itirir. Bildirilib ki, HƏMAS silahlıları xeyli itkilər verir. “Nəticələrimiz çox əhəmiyyətli, təsiredici və dəqiqdir”, - deyə nazir bildirib.

Ötən həftə yayılan xəbərlərə görə, İsrail kəşfiyyat xidmətləri HƏMAS hərəkatının liderlərini məhv etməyə hazırlaşır. “Voll Strit Jurnal” nəşri yazıb ki, aparıcı kəşfiyyat qurumları baş nazir Benyamin Netanyahunun göstərişi ilə Livan, Türkiyə və Qətərdə yaşayan HƏMAS liderlərinin axtarışı üçün planlar hazırlayır. Noyabrın 28-də Türkiyə mediası yazmışdı ki, ölkənin Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın HƏMAS liderləri ilə danışıqlar aparıb. Belə ki, Türkiyə girovların azad edilməsi üçün HƏMAS-a bir sıra ölkələrin təkliflərini göndərib. Qeyd edilib ki, Ankaranın tələbi HƏMAS-ın Qəzzadakı hərbi qanadına daxili rabitə kanalları vasitəsilə çatdırılıb və azad ediləcək girovlar arasında həm İsrail, həm də üçüncü ölkə vətəndaşlarının olacağına zəmanət verilib. Altı həftə ərzində İbrahim Kalın dörd görüş keçirib: Dohada, ikisi Ankarada və biri İstanbulda. Bu görüşlər zamanı HƏMAS-dan ilk addım olaraq girovları azad etməsi istənilib - Türkiyə KİV-ləri məlumat yayıb. 

Onu da yada salaq ki, Ərdoğan HƏMAS-ı Fələstində seçkilərdə yarışıb, seçkini qazanan siyasi partiya adlandırıb. Son məlumatlara görə, İsrail ordusu Qəzza zolağının cənubundakı ən böyük şəhəri olan Xan Yunisin mərkəzinə daxil olub. Qeyd olunub ki, Qəzzada quru əməliyyatlarının başlanmasından bəri ən gərgin döyüşlər olub. “Heç bir beynəlxalq qüvvə Qəzza zolağının demilitarizasiyasını təmin etməyə qadir deyil, yalnız İsrail Müdafiə Qüvvələri anklavın demilitarizasiyasına zəmanət verə bilər”. Dekabrın 6-da İsrail baş naziri Benyamin Netanyahu bildirib. “Mən HƏMAS-dan sonrakı günlərdən danışmaq istəyirəm. Qəzza demilitarizasiya edilməlidir. Demilitarizasiyanın qayğısına qalmağa qadir olan yalnız bir qüvvə var. Bu qüvvə İsrail Müdafiə Ordusudur. Heç bir beynəlxalq qüvvə buna görə məsuliyyət daşıya bilməz”, - Netanyahu qeyd edib.

Ermənistanın əlində hansı silahlar var? Alparslan İmamqulu Sitat.info

Alp Arslan İmamqulu

Təhlükəsizlik eksperti Alp Arslan İmamqulu “Yeni Müsavat”a bildirdi ki, İsrailin məqsədi hərbi əməliyyatları genişləndirməkdir. Mütəxəssisin fikrincə, onun arxasında ABŞ kimi güclü dövlət dayanıb: “Elə İsrailin dövlət kimi yaranmasında da Biləşmiş Ştatların xüsusi rolu olub. Ona görə İsraildə əməliyyatları genişləndirməkdə bir əminlik var ki, güclü dəstək ala bilər. Sadəcə, Türkiyə ərazisində əməliyyatın olması bu gün qeyri-mümkündür. Çünki qardaş ölkədə güclü iqtidar var”. Ekspert hesab edir ki, Türkiyənin iradəsindən kənar müdaxilələr olarsa, o zaman başqa bir gərgin vəziyyət yarana bilər: “Ümumiyyətlə, Yaxın Şərq mürəkkəb bir dövrə daxil olub. İsrail məqsədyönlü şəkildə genişlənmə addımları atmaq istəyir. Ona görə də Türkiyə bu məsələdə diqqətli və həssas olmalıdır. Çünki tərəflər münaqişəyə girərlərsə, Türkiyə Qərb dövlətlərini qarşısında görə bilər”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR