İnsanlara hürriyət, millətlərə istiqlal!

Nərdivan qoyulmuş köşə - Zamin Hacı YAZIR...

439 04.08.2024 17:31 Yazarlar A A

Rayonlardan birində sel körpünü uçurtmuşdur, camaat nərdivandan istifadə etməyə başlayıb. Mən bu mükəmməl ixtiranın fotosunu qəzetdə görəndə çox sevindim. Hətta yerimdə dombalaq aşdım, özümü ippon fəndiylə götürüb çırpdım. Nəyə görə? Çünki xalqımızın yaradıcı ideyalar, novatorluq, postmodernizm baxımdan qabiliyyəti nəinki tükənir, daha da artmaqdadır. O şəkili İlon Maska göndərməliyik.

Doğrudan da körpünün paralanmış hissələri arasına nərdivan qoymuşdular, keçəndən 30 qızıl, keçməyənlərdən 40 qızıl alırdılar... Zarafat edirəm, bizdə hələlik körpülər xalq üçün ödənişsizdir. Qızıl söhbəti isə Dədə Qorqud dastanımıza işarədir, orda Duxa Qoca oğlu Dəli Domrul belə istismarçılıqla məşğul olurdu.

Sözgəlişi, bəzi tədqiqatçılarımıza görə dastandakı Duxa sözünün ilk variantı Dukak və Tokak olmuşdur, bu isə daha qədim türk sözü tok, dok-dan gəlmədir. Mahmud Kaşğarlının lüğətində tok – vurmaq mənasında işlənir.

Qəribədir, deyilmi? Biz indi kimisə “tok vurdu” deyərkən əslində tavtalogiya edirik. Toxunmaq, toqquşma, toxmaq kimi sözlərin kökü olan tok-tox da həmin tok sözünün dəyişmiş formasıdır. Buradan belə nəticə çıxır ki, xalqımızın Tik-toka olan həvəs və marağının qədim kökləri var, hətta deyərdim Tik-tok qədim türk sözüdür, ordan Çinə keçmişdir.

Qayıdaq selin apardığı körpüyə. Daha doğrusu, qayıtmayaq, nəyimizə lazımdır? Bu haqda ulu babalarımız yaxşı demişdir: “Keçmə namərd körpüsündən, Qoy aparsın sel səni”. Şeirin ardı da var: “Yatma namərd kölgəsində, qoy yesin aslan səni”. Ancaq bu ikinci hissəni hələlik istifadə eləmirəm, qalsın növbəti yazılara. Üstəlik, şeirdə demək asandır. Bəzən Abşeron yarımadasında günortalar elə yandırıcı istilər olur ki, adam başını soxmağa istənilən namərdin kölgəsinə yalvarır.

Yeri gəlmişkən, həmin kənd körpüsü haqda məlumatlarda deyilirdi ki, əslində onu hər hansı namərd-zad salmayıbdır, kənd camaatı özü, öz qüvvələri hesabına tikibmiş. Elə əvvəldən nərdivan qoymaq lazım idi. Hökumətdən ağıllı deyilsiniz ki? Lazım bilinsə hökumət körpü tikərdi. Hətta Bakıda sökdüyü Cavanşir körpüsünü traktorun arxasına qoşub rayona qədər sürüyərdi, ora yapışdırardı. Bunun üçün bizim hər cür imkanlarımız vardır.

Mövzuya dəxli yoxdur, ancaq hardansa yadıma sovet başçılarından Nikita Xruşşova aid edilən bir müdrik fikir düşdü: “Siyasətçilərin hamısı bir bezin qırağıdır. Çay axmayan yerdə körpü salmağı vəd edərlər”. Sonra da ayaqqabılarını çıxarıb BMT tribunasına döyəcləmişdi. Rəhmətliyin soyadı iki “ş” hərfiylə yazılsa da, BMT-nin gələcəyini, bir zibilə yaramayacağını uzaqgörənliklə proqnoz eləmişdi.

Həyatımızda postmodernizm elementləri çoxdur. Yenə təzəlikcə rayonlardan birində universitet müəllimi faciəli şəkildə həlak olmuşdu. Orada bina tikilib istifadəyə verilməliymiş, bu kişi də həmin binanın təhlükəsizliyinə, düzgün, tikinti qaydalarına uyğun olmağına rəy vermək üçün gedibmiş. Ancaq binada yıxılıb öldü. Bundan çıxış edərək həmin binanın təhlükəli olmağına inanmalıyıqmı? Allah bilir. Ekspert də düşüb ölüb. Bəs indi rəyi kim verəcək? Paradoks deyildirmi? Hətta düşünmək olar ki, eksperti binanı tikən şirkət itələyib üzü aşağı – tikintiyə mənfi rəy vermək istədiyi üçün. Ya da ayağı altından nərdivan qaçıb.

Buyur. Yenə hərləndik-fırlandıq, gəldik çıxdıq nərdivanın yanına. Lap qısa və konkret “çıxdıq nərdivana”. İndi bizə daha yüksək zirvələri fəth etmək qalır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR