İnsanlara hürriyət, millətlərə istiqlal!

“Çiçəyi burnunda qalan” oliqarxın Azərbaycana dil uzatması

647 27.07.2026 17:18 Yazarlar A A

“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan 7 iyulda yüksək səs faizi əldə edib, parlamentə seçiləcəyini gözləyirdi, amma artıq 20 gündür ki, barəsində seçilən həbsqətimkan tədbirlərin dəyişdiriləcəyini gözləyir. İş adamı və partiya sədrini nəinki parlamentə buraxmadılar, heç ölkədən çıxışına da imkan verməyərək, burnundan vurub, “Zvartnos” hava limanından geriyə qaytardılar, ordan da “dam”a basdılar.

Bu, həmin “müxalifətçi”dir ki, keçirilən əməliyyat zamanı malikanəsindən üç şir və bir pələng, eləcə də 190 doldurulmuş heyvan dərisi, çoxsaylı digər canlılar aşkarlanmışdı. Oliqarxın şirlərini iynə vuraraq, yuxuya verdikdən sonra zərərsizləşdirmişdi əməliyyatçılar. İndi bu, “şirpərvər”, “pələngpərvər” siyasətçi hay-küy salıb ki, onu saxta ittihamlarla həbs ediblər. Bu barədə az sonra...

NİKOL SON.jpg (202 KB)

Belə görünür, Nikol Paşinyan Samvel Karapetyan kimi, digər milyarder rəqibi Karapetyandan da əl çəkən deyil. Vəkil Emin Xaçatryan deyib ki, Tsarukyan haqqında vergidən yayınma maddəsi üzrə yeni açıq cinayət təqibi başladılıb. Sonuncu dəfə Tsarukyana nə az-nə çox, düz 12 saatdan çox davam edən dindirmə məşəqqəti yaşadılıb.

Düzdür, vəkil bu icraatı absurd adlandıraraq iddia edib ki, Tsarukyan hələ 2003-cü ildə parlamentə seçildiyi vaxtdan bütün bizneslərini idarəetməyə təhvil verib. Müdafiəçi Tsarukyanın yeni cinayət təqibinin konyak zavodu ilə bağlı olduğunu deyərək, bunu “siyasi təqib, siyasi təzyiq” adlandırıb. Maraqlısı budur ki, ortada iranlı iş adamları ilə bağlı alış-veriş və fırıldaqçılıq söhbəti də var. Vəkil deyib ki, iranlı qardaşların əvvəllər verdiyi ifadələrlə sonr dedikləri arasında ziddiyyət olub.

Beləliklə, seçkilərdən dərhal sonra həbs edilən Tsarukyan külli miqdarda dələduzluq törətməkdə və çirkli pulların yuyulmasında ittiham olunur. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, iranlı biznesmenlərin dəyəri 21 milyon dollardan çox olan əmlakının mənimsənilməsini təşkil edib. Tsarukyanın vəkilləri isə iddia edirlər ki, əksinə, məhz iranlılar “Çiçəklənən Ermənistan” partiyasının liderinə borcludurlar və bu, borc qəbzləri ilə sübut olunur.

nJO1DK08KwEI5gXuaDAzJGtmAIN0bKO9QxL7b3ND_1200.jpg (188 KB)

Özü də bu gərginlik İran və Ermənistan arasında davam edən əməkdaşlıqlar fonunda, Qafan görüşü və müzakirələrdən sonra yaşanır. Elə bu gün “Çiçəklənən Ermənistan” Partiyasının nümayəndələri və tərəfdarları İrəvandakı İran səfirliyinin qarşısında aksiya keçirərək İranın Ermənistandakı səfiri Xəlil Şirqolamiyə ünvanlanmış məktubu təqdim ediblər.  Tsarukyanın mətbuat katibi İveta Tonoyan deyib ki, aksiya həm praktiki, həm də simvolik xarakter daşıyıb. Bundan əvvəl Ermənistanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərə, xarici ölkələrin səfirlərinə və beynəlxalq təşkilatlara məktublar göndərərək Tsarukyan ətrafında yaranmış vəziyyətə diqqət çəkən tərəfdarları növbəti dəfə İranın İrəvandakı səfirinə üz tutublar. Aksiya iştirakçıları İran səfirinə şəxsən təqdim etdikləri məktubda partiya liderinə qarşı həyata keçirildiyini iddia etdikləri “hüquqi özbaşınalıqlar” barədə ətraflı məlumat veriblər. Diqqət edin, Tonoyan bildirib ki, iki İran vətəndaşının ifadələri səbəbindən Ermənistan-İran arasında əsrlərə söykənən dostluq münasibətlərinin təhlükə altına düşməsi qəbuledilməzdir. Onu da iddia edib ki, iki iranlı iş adamının yalan ifadələri nəticəsində Ermənistan-İran dostluğu risk altına düşüb. Görün məsələni nə qədər şişirdirlər... Təkcə Tsarukyan məsələsindən söhbət getmir. Həm də Azərbaycanın tarixi ərazilərində 108 il əvvəl elan olunmuş, bu günə qədər də kadastr sənədi əldə edə bilməyən Ermənistanın İranla guya əsrlərlə münasibətindən bəhs olunur. Bir münasibətlər ki, Tsarukyan söhbətinə görə pozulacaqmış, olmaz olaydı...

Xatırladaq ki, Tsarukyanın rəhbərlik etdiyi partiya iyunun 7-də keçirilən parlament seçkilərində 3,99% səs toplayaraq 4 faizlik səs baryerini keçə bilməyib. Appelyasiya şikayəti nəinki təmin edilmədi, hətta bu partiyanın seçiciləri pulla ələ alması ilə bağlı faktlar ortaya qoyuldu və beləliklə, “Çiçəklənən Ermənistan”ın oliqarx başçısının “çiçəyi burnunda qaldı”. Tsarukyanla bağlı iki aylıq həbs qətimkan tədbiri seçilib, amma hələlik... Hələ 2022-24-cü illərlə bağlı 21 milyon dollar məbləğində dələduzluq və pul vəsaitlərinin qanuniləşdirilməsində ittiham olunan oliqarx anlayır ki, onun həbsdən tezliklə qurtulması mümkün olmayacaq, əks halda növbəti ittihamı “bel”inə yükləməzdilər...   

Amma yenə də “dil boğaza qoymur” və “içəri”dən tərəfdarlarına ünvanladığı müraciətində Azərbaycanın da adını çirkli dilinə gətirməyə cəhd göstərir. Bu, şir – pələng manyakı özünü az qala Ermənistanın və hayların “xilaskarı” kimi təqdim etməyə çalışıb: “belə mürəkkəb vəziyyətdə heç bir siyasi qüvvə təkbaşına Ermənistan üçün ən yaxşı həll yollarını tapa bilməz”, deyə, Qaqik Tsarukyanın “Kentron” Çəzaçəkmə Müəssisəsindən ünvanladığı müraciətində iddia edib. “Mənə və komandama qarşı edilən bütün ədalətsizliklərə baxmayaraq, mən bu gün də eyni fikirdə israr edirəm. Daxili həmrəyliyin alternativi yoxdur. Bunun əksi - düşmənin arzusudur. Əminəm ki, yaxın gələcəkdə bu dərketmə üstün gələcək”, Tsarukyan iddia edib. Daha sonra bildirib: “İndi məlumat çatışmazlığım olmasına baxmayaraq, müxtəlif sahələrdə çalışan iş adamlarımızın üzləşdiyi ciddi çətinlikləri təsəvvür edə bilirəm. İnsanların illərlə addım-addım yaratdıqları və tətbiq etdikləri hər şey bir anda süqut edə bilər. Mən Ermənistandan müxtəlif istiqamətlərə - yalnız Avropaya deyil, həm də ərəb dünyasına, ABŞ-a və s. ixracın tərəfdarıyam, lakin ixrac bazarını bir günə, bir aya, hətta bir ilə tamamilə dəyişmək qeyri-mümkündür. Yeni bazara sakit, peşəkarca, səbirlə, köhnəsini dağıtmadan, əvvəlki iqtisadi əlaqələri qırmadan daxil olmaq lazımdır. İndi isə biz bunun tam əksini edirik. Əvvəlki mesajlarımdan birində qeyd etmişdim ki, Azərbaycan bizim intensiv şəkildə tərk etdiyimiz bazarlara intensiv şəkildə daxil olur. Ənənəvi bazarları itirdikdən sonra əvvəlki mövqelərə qayıtmaq həddindən artıq çətin olacaq, bəzi hallarda isə bu, sadəcə qeyri-mümkündür. Real həyatda yaşayan və çalışanlar bunu çox gözəl bilirlər. Kabinetlərdə yaşayanlar operativ bunu təsəvvür edə bilməzlər. Əgər bu gün addımlar atmasaq, sabah yeni sahələr üçün problemlər yaranacaq. Addımlar isə var və elə etmək lazımdır ki, erməni iqtisadiyyatçısı, erməni iş adamı, erməni fəhləsi, erməni kəndlisi geri dönməz itkilərlə üzləşməsin. Təəssüf ki, mən hazırda konkret addımlarla kömək edə bilmirəm, lakin sizi əmin edirəm ki, addımlar və imkanlar mövcuddur. Biznes və iş yerləri illərlə yaradılır, lakin onları cəmi bir neçə həftəyə məhv etmək olar”, “çiçəyi burnunda qalan” lider ardınca bildirib. Göründüyü kimi, tərəfdarlarının sıralarını genişləndirmək və hakimiyyətə qarşı nifrəti artırmaq üçün Azərbaycanın adını hallandırır. Hələ də qana bilmir ki, Ermənistanın və erməniçiliyin başına gələnlər onların və Tsarukyan kimi anlamazların öz günahlarıdır. Azərbaycan isə regional əməkdaşlığın, bölgədə normal münasibətlər qurulmasının tərəfdarıdır.

RESMİ BAKU.jpg (186 KB)

Oliqarxın müraciətindəki digər məqamlara diqqət edin: “Mən həmçinin məndən asılı olmayan səbəblərə görə normal əmək şəraitindən məhrum olmuş və qeyri-müəyyənlik içində olan həmin müəssisələrin işçilərinə müraciət etmək istəyirəm. Sizin qayğınız - mənim qayğımdır, sizin ağrınız - mənim ağrımdır. Ölkənin onsuz da çətin iqtisadi vəziyyətdə olduğu bir vaxtda öz ölkələrində əmək müəssisələrinə şüurlu şəkildə zərər vuracaqlarını, müəssisələrin fəaliyyətini dayandıracaqlarını və minlərlə zəhmətkeşin işə getməsinə mane olacaqlarını təsəvvür etmək qeyri-mümkün idi, lakin bu, bizim reallığımızdır. Əminəm ki, ədalət zəfər çalacaq və siz hamınız öz adi iş həyatınıza qaydacaqsınız”. Ağrı “yaşayan”a baxın, görəsən, saxladığı şir-pələnglərə, digər heyvanlara gündəlik xərclədiyi vəsaitlərlə neçə ermənini miskinlikdən qurtara və Rusiya küçələrinə səpələnməyə qoymazdı?..

Amma gözündəki “tir”i görmədən yenə də Azərbaycana dil uzadır: “Ermənistan həqiqətən də ciddi problemlərlə üz-üzədir. Qarşılaşdığımız təhdidlərin böyük miqyasını anlamaq üçün təkcə İran-ABŞ müharibəsi, Rusiya-Ukrayna münaqişəsi, kəskin iqtisadi risklər və Azərbaycanın açıq-aşkar ambisiyaları kifayətdir”. Qozbeli qəbir düzəldər, amma qaqikkimiləri nə həbsxana, nə də qəbir düzəldəcək, buna qəti şübhə yoxdur...Həbsə atdıran Paşinyan, Azərbaycanın daşı ilə əlləşir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR