İrəvan rəsmilərinin seçkisonrası nikbin bəyanatları davam edir. Onların nuhum bir hissəsi qonşu Azərbaycan və Türkiyə ilə münasibətlərlə bağlıdır.
“Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi davam edir və yaxın gələcəkdə daha da irəliləyiş əldə edilə bilər”.
Bunu xarici işlər naziri Ararat Mirzoyan bildirib. “Türkiyə ilə dialoqumuz davam edir. Gümrü-Qars dəmir yolunun bərpası üçün yaradılan işçi qrupunun görüşləri və bir sıra digər görüşlər keçirilib”, - Mirzoyan deyib.
Onun sözlərinə görə, yaxın gələcəkdə münasibətlərin normallaşdırılması prosesində nəzərəçarpacaq nəticələr əldə etmək mümkündür. Nazir qeyd edib: “Çox yaxın gələcəkdə Türkiyə ilə münasibətlərimizin tam normallaşdırılması baxımından nəzərəçarpacaq irəliləyiş əldə edəcəyimizi gözləyirəm və inanıram”.
O, normallaşdırma prosesinin məntiqi sonluğuna çatacağına əminlik ifadə edib: "Əmin olduğumu bildirmək istəyirəm ki, yaxın gələcəkdə tam razılaşmaya nail olacağıq”.
Xarici işlər naziri həmçinin qeyd edib ki, iki ölkə arasında birbaşa ticarət artıq mövcuddur: “Mən yalnız son inkişafdan bəhs edəcəyəm. Hesabat dövrü ilə əlaqəli olmasa da, hazırda Ermənistanla Türkiyə arasında birbaşa ticarət mövcuddur - gömrük baxımından birbaşa, coğrafi baxımdan, baxmayaraq ki, bu, hələ də üçüncü ölkələrin ərazisindən keçir”.
“Yaxın gələcək” deyərkən, yəni, nə vaxt? Mirzoyan bununla kimə və nəyin mesajını verir? Bakı ilə sülh müqaviləsi imzalanmadan Türkiyə ilə əlaqələr necə qaydaya düşə bilər?

Politoloq Xəyal Bəşirov Musavat.com-a bildirib ki, Mirzoyanın açıqlaması daha çox siyasi optimizm nümayişidir. O, seçkilərdən sonra Ermənistanın regional inteqrasiya kursunun davam etdiyini göstərməyə çalışır: “Bu açıqlama ilk baxışda nikbin diplomatik bəyanat təsiri bağışlasa da, onun arxasında həm daxili siyasi, həm də regional mesajlar dayanır. Diplomatik dildə “yaxın gələcək” adətən konkret tarix deyil. Bu ifadə bir neçə ay, bəzən isə bir ilədək dövrü əhatə edə bilər. Mirzoyan Ermənistanda parlament seçkilərindən sonra yaranmış siyasi sabitlik fonunda Ankara ilə danışıqların sürətlənəcəyinə ümid etdiyini göstərir. Burada diqqət çəkən məqam onun "tam normallaşma" ifadəsini işlətməsidir. Bu, yalnız diplomatik əlaqələrin qurulmasını deyil, sərhədin açılmasını, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasını və iqtisadi əməkdaşlığın genişlənməsini nəzərdə tutur.
Mirzoyanın bəyanatının bir neçə ünvana hədəfləndiyini qeyd etmək mümkündür. Bu bəyanatla İrəvan Türkiyəyə göstərmək istəyir ki, bundan sonra da normallaşma kursu dəyişməyəcək və Ermənistan siyasi iradəsini qoruyur. Azərbaycana isə dolayısı ilə bildirir ki, regionda kommunikasiyaların açılması və münasibətlərin normallaşdırılması prosesində maraqlıdır. İrəvan Qərbə özünü regional sabitlik və əməkdaşlıq tərəfdarı kimi təqdim etməyə çalışır. Mirzoyanın bəyanatında daxili auditoriyaya mesaj verilir ki, qurulacaq yeni hökumət qonşularla münasibətlərin normallaşması istiqamətində real nəticələr əldə etməyə çalışacaq”.
Politoloq qeyd edib ki, Bakı ilə sülh müqaviləsi olmadan Türkiyə-Ermənistan münasibətləri tam normallaşa bilməz: “Türkiyə rəsmiləri dəfələrlə bildiriblər ki, Ankara ilə İrəvan arasındakı normallaşma prosesi Azərbaycan-Ermənistan münasibətlərindən ayrı deyil. Türkiyə-Azərbaycan strateji müttəfiqliyi nəzərə alınanda Ankaranın Bakının maraqlarını nəzərə almadan sərhədləri tam açması və ya münasibətləri tam normallaşdırması real görünmür. Lakin burada bir incəlik var ki, tam normallaşma ilə mərhələli normallaşma fərqli anlayışlardır. Türkiyə və Ermənistan arasında xüsusi nümayəndələrin görüşləri, hava əlaqələri, ticarətin müəyyən formaları, texniki işçi qrupları və Gümrü-Qars dəmir yolunun müzakirəsi sülh müqaviləsindən əvvəl də mümkündür. Amma sərhədin tam açılması və diplomatik münasibətlərin tam bərpası məsələsində Ankara böyük ehtimalla Bakı-İrəvan sülh prosesinin nəticələrini gözləyəcək”.
Etibar Seyidağa
Musavat.com






