İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan Bakıya Haaqa hədəsi – Sırtıqların SON çırpıntısı

1931 12.01.2024 14:47 Siyasət A A

Adətən proqnoz vermək ciddi məşğuliyyət sayılmır, amma deyəsən 2024-cü il də N.Paşinyan hökumətinin təhlükəli sülh oyunları ilə yadda qalacaq. Keçək konkretliyə.

Təzə il başlar-başlamaz, bu hökumətin ədliyyə naziri Qriqor Minasyan bəyan edib ki, Ermənistan ratifikasiya elədiyi Roma Statutu vasitəsilə Beynəlxalq Cinayətlər Məhkəməsində (BCM, Haaqa Məhkəməsi) Azərbaycana qarşı “hərbi cinayətlərin araşdırılması”na çalışacaq. Minasyanın sözlərinə görə, İrəvan prosesə təcrübəli beynəlxalq prokurorları da cəlb eləmək fikrindədir.

İndi bunun adı nə? Hansı “hərbi cinayətlər”?

Əlbəttə ki, hədəf - Azərbaycana qarşı beynəlxalq səviyyədə yeni qarayaxma kampaniyası başladıb Bakıya təzyiqləri artırmaq və sülh sənədini imzalamaqdan yayınıb da revanşist planları başa çatdırmaqdır. Yəni niyyətin hara, mənzilin də ora. Beləcə, Nikol Paşinyan iqtidarı Azərbaycanla sülhü necə təsəvvür elədiyinin indidən və açıq-aşkar anonsunu verir.

Anladıq. O zaman bədəlinə hazır olsunlar. Azərbaycan Prezidentinin 10 noyabr müsahibəsindəki xəbərdarlıq mesajlarını da unutmasınlar.

İşə bax, genosidlə üzləşən ölkə, cinayət qurbanı, zərərçəkən tərəf qalıb qıraqda, az qala heç səsini çıxarmır, cinayətkar-cani isə nəinki əl-ayağa düşüb, hətta zərərçəkəni məhkəmə ilə hədələyir! Quduzluğun, erməni həyasızlığının “fəth edilən” daha bir zirvəsi. “Oğru”nun son bağırtısı...

Bu arada İsrailin Qəzza olaylarına görə Beynəlxalq Məhkəməyə verilməsi kapitulyant ölkədə üstəlik, dəxli olmayan bir ruh yüksəkliyi, eyforiya yaradıb. Təxminən birinci Qarabağ müharibəsindəki saxta hərbi qələbənin ermənilərdə doğurduğu məmnunluq kimi.

Məlumdur ki, dünən Haaqada, BCM-də Roma Statunun üzvü olan Cənubi Afrika Respublikasının (CAR) şikayəti əsasında Qəzza zolağında Soyqırımı Konvensiyasının pozulması ittihamı üzrə İsrailə qarşı iddia ilə bağlı dinləmələrə başlanıb. İddiaya dəstəkçi ölkələr arasında Roma Statutunun üzvü olmayan Türkiyə də var.

Daim Azərbaycanla barışığın əleyhinə təbliğat aparan erməni radikal-revanşist (əslində faşist) mediası isə görün vəcdə gələrək bu xüsusda nə yazır? Sitat: “Niyə hələ də Beynəlxalq Məhkəmədə Azərbaycana qarşı iddiaya baxılmır? Axı bu ölkə İsrailin törətdiyi cinayətlərdən çox da fərqlənməyən cinayətlər törədib. Hər iki halda söhbət yad torpaqların zəbt edilməsindən, etnik təmizləmədən, dinc əhalinin qırğınından gedir. Azərbaycanla İsrailin müttəfiq olması da əbəs yerə deyil”.

Sırtıqlığın növbəti anti-rekordu. Sözün bitdiyi, gücü çatmadığı yer. Gör nəyi nəylə, kimi kimlə müqayisə edir hələ də “çəhrayı eynək”də gəzən bu zavallılar...

Əvvəla, Qəzza İsrail torpağı deyil. Keçmiş Dağlıq Qarabağ isə beynəlxalq səviyyədə (həm də artıq Ermənistan tərəfindən) tanınmış suveren Azərbaycan torpağıdır, nəinki yad ərazi. Bir ölkə isə öz qanuni ərazisini zəbt edə bilməz, azad edər.

İkincisi, hər cür siyasi şou və hoqqalara, təbliğati demaqogiyaya və qarayaxmaya rəğmən, Qarabağdakı bir ovuc erməni əhaliyə qarşı heç bir etnik təmizləmə aparılmayıb. Nə 44 günlük müharibə, nə də 1 günlük antiterror əməliyyatı zamanı dinc əhalinin faktiki burnu da qanamayıb, həmçinin mülki infrastruktur zərər görməyib. Nə olubsa, yenə bizim dinc soydaşlarımıza olub.

Bütün bunlar eramızdan əvvəl, Daş dövründə baş verməyib ki, fərziyə ilə danışasan. Cəmi bir neçə il qabaq və bir neçə ay öncə dünyanın gözü önündə yaşanıb. Hamısı da sənədləşdirilib, BMT-nin iki missiyası tərəfindən təsdiqlənib.

Qısası, əleyhimizə heç bir fakt yox. Yalnız barmaqdan sovrulan feyk-iddialar. Hüquq elmi, məhkəmə, istintaq isə məhz daşdan keçən faktı, dəlil-sübutu sevir, yalançı hay-küyü və uydurma şahidləri, emosiyanı, timsah göz yaşını yox! Bu da elə bir haldır ki, erməni lobbisinin pulla ələ aldığı ən təcrübəli, ən bahalı “vəkillər” də bir qələt eləyə bilməz. Bu onların girdiyi “kol” deyil. Çünki əlahəzrət gerçəklik var. Ermənilər “5-ci nöqtələri” ilə göyə də çıxsalar, yekun etibarilə dünyaya həqiqəti baş-ayaq sırıya bilməzlər...

Bununla belə, erməni lobbisinin əlinin çox yerə çatdığını nəzərə alsaq, bizə arxayınlaşmaq düşməz, yaraşmaz. Dünənin işğalçısı olan Ermənistanı BMT-nin 4 məlum qətnaməsi də əlavə olunmaqla, beynəlxalq məhkəməyə verməyi sürətləndirməliyik. Bunu ən azı, şəhidlərimizin, soyqırımı qurbanlarımızın narahat ruhları tələb edir. Yoxsa haylar ağını çıxaracaqlar.

Axı söhbət erməni nağıllarından yox, konkret sübutlardan - 30 il ərzində qanunu torpaqlarımızda törədilən etnik təmizləmə və soyqırımı faktlarından, şəhər-kəndlərimizin altının üstünə çevrilməsindən, o sırada ekosid və urbisiddən, dini-mədəni irsimizin barbarcasına yer üzündən silinməsindən gedir. Bunların da hamısını vəhşi bir qəbilə törədib. Dünya onu yaxşı tanımalıdır!

Buyursun, Ermənistan törətdiyi vandallıqlara, bəşəriyyət əleyhinə cinayət əməllərinə cavab versin və təzminat ödəsin. Təzminata gücü çatmazsa, əvəzini torpaqla ödəsin – hərçənd oturduqları yer də Türk yurdudur. Etirazımız yox. Ancaq hər cinayətin yuridik cəzası olmalı, hər cinayətkar qarşılıq ödəyib layiqli cəzasını çəkməlidir. İstər ikiayaqlı vəhşi məxluq olsun, istərsə də yırtıcı və cinayətkar dövlət...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR