İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandakı terror abidəsi - “Nemezis” sökülməsə... - Ermənistan öz “nəfəslikləri”ni bağlayır

1077 09.05.2023 08:51 Gündəm A A

Paşinyan bu qərarı yanlış adlandırsa da, ekspertlərin fikrincə, erməni baş nazir yalan danışır; heykəlin açılışında Nikolun adamı Tiqran Avinyan iştirak edib - politoloqların şərhi

Xəbər verildiyi kimi, Türkiyə keçən həftədən Ermənistan üçün öz hava məkanını bağlayıb. Qadağa baş nazir Nikol Paşinyanın təyyarəsinə də aiddir. Səbəb isə uydurma soyqırımın 108-ci ildönümü ərəfəsində İrəvanda Osmanlı (Türkiyə) və Azərbaycan diplomatları və siyasi xadimlərini ötən əsrin əvvəllərində qətlə yetirmiş “Nemezis” terror qruplaşmasının üzvlərinə abidə qoyulmasıdır.

“Yeni Müsavat” yazır ki, bu, əlbəttə ki, açıq-aşkar Ermənistanın Türkiyə və Azərbaycanla barışıq istəyində qeyri-səmimiliyinin təzahürü, hətta sülh yolundan imtinası deməkdir. Hərçənd vəziyyətin ciddiliyini görən İrəvan rəsmiləri durumu yumşaltmaq üçün iddia edirlər ki, guya abidənin Paşinyan iqtidarına dəxli yoxdur. Təbii ki, ağ yalandır. Ən azı ona görə ki, saxta “soyqırımı” məsələsində N.Paşinyan komandası daxil, iqtidarlı-müxalifətli erməni toplumunda çoxdan yekdil yanaşma mövcuddur - Türkiyə “genosid” törədib, bunu etiraf etməli, təzminat ödəməlidir, o cümlədən torpaq məsələsində!

İkinci yandan, kapitulyant ölkənin konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Gerbində Türkiyədəki Ağrı dağı (“Ararat”) əks olunub. Yəni abidə məsələsində konsensusun olduğuna şəkk-şübhə yoxdur. ""Nemezis" abidəsi ilə bağlı yanlış qərar verilib, onun həyata keçirilməsi də yanlış olub". Bunu ötən həftəsonu Ermənistan baş nazir Nikol Paşinyan deyib. AzadlıqRadiosuna müsahibəsində o iddia edib ki, qərarı hökumət verməyib və əlavə edib ki, demokratiyanın çatışmazlıqlarından biri hökumət başçısının hamıya nəzarət etməməsidir. Öz növbəsində Ermənistan parlamentinin spikeri Alen Simonyan bir neçə gün qabaq Türkiyədə olarkən bildirib ki, abidənin guya hakimiyyətə dəxli yoxdur. O, Ermənistanın qonşularına qarşı ərazi iddiası olmadığını da vurğulayıb.

Elə Paşinyan da ondan əvvəl demişdi ki, Ermənistanın dövlət kimi mövcudluğu ərazi iddialarından əl çəkməsi olmalıdır. Elə isə terrorçuluğu təşviq edən bədnam abidə söküləcəkmi? Hakimiyyətin buna hünəri çatarmı? Çatmazsa, o zaman bir daha sübut olunacaq ki, ermənilər terrorçu bir xalqdır. Terrorçu ilə isə sülh danışıqları aparmırlar, onun layiqli cəzasını verirlər. Ümumiyyətlə, belə bir zehniyyət daşıyıcılarına barışıq əli uzatmağa dəyərmi? Əlavə edək ki, bir neçə il öncə İrəvanda Türk düşməni, irqçi və faşist Qaregin Njdeyə də abidə ucaldılıb və faktiki ermənilərin “sitayiş yerinə” çevrilib. “Nemezis” kimi.

Məlumat üçün deyək ki, “Nemezis” əməliyyatı - Daşnaksütyun Partiyasının həyata keçirdiyi terror aksiyasıdır. Aksiyanın məqsədi qondarma erməni soyqırımını və Bakıda 1918-ci ildə “erməni əhalisinin qətlini təşkil etmiş” şəxslərdən qisas alınması idi. Qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Demokratik Respublikasının keçmiş rəhbərləri var idi. Əməliyyatın adı, qədim yunan intiqam ilahəsi “Nemezidanın” adından götürülüb. Əməliyyatın keçirilməsi Şaan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında, İrəvanda keçirilən Daşnaksütyun Partiyasının IX qurultayında qərara alınıb. İndi isə terrorçuların əməliyyatının adını daşıyan bir abidə İrəvanda ucaldılıb. Paşinyan “yanlış qərar” dediyi halda səhvini düzəldəcəkmi?

Elxan Şahinoğlu: "Laçında sərhəd məntəqəsinin yaradılması tarixi hadisədir"

 Elxan Şahinoğluc

Politoloq Elxan Şahinoğlunun fikrincə, Paşinyan yalan danışır: “Onun abidənin qoyulmasından əvvəlcədən xəbəri olub və o bu təxribatın qarşısını almayıb. Məsələ burasındadır ki, abidənin İrəvanda qoyulmasının təşəbbüskarlarından biri şəhərin vitse-meri Tiqran Avinyan olub. O, abidənin açılışında da iştirak edib. Tiqran Avinyan Nikol Paşinyanın lideri olduğu "Mülki Müqavilə" Partiyasının üzvüdür. O, bir müddət Paşinyanın administrasiyasında rəhbər vəzifədə də çalışıb. Paşinyan partiyadaşının terrorçulara qoyulan abisəsi ilə bağlı çalışmasından məlumatlı olub və bunun qarşısını almayıb, ona deməyib ki, “bu abidə indiki həssas məqamda - Azərbaycan və Türkiyə ilə danışıqların getdiyi mərhələdə əlavə gərginlik yaradacaq”. Nəticədə Türkiyə doğru qərar verərək Ermənistan təyyarələrinə hava sahəsini qapadıb".

Asif Nərimanlı yazır...

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, İrəvanda “Nemezis” adibəsinin qoyulmasından sonra başlanan bu gərginliyin arxasında Türkiyə-Ermənistan münasibətləri ilə yanaşı, Bakı-İrəvan sülh danışıqlarını da əhatə edən nüanslar var: “Paşinyan bildirir ki, abidənin qoyulmasından xəbərləri yoxdur və bu addım yanlışdır. Erməni baş nazirin yalan danışdığı bəllidir, abidə İrəvan meriyasında hakim komandanın təşəbbüsü ilə qoyulub. Abidənin qoyulması, daha sonra Nikolun bu addımı tənqid etməsi İrəvanın Ankara qarşısında "geri çəkilməsi" kimi görünsə də, əslində bunun erməni ictimai rəyinə hesablanan plan olduğu versiyası istisna deyil: “Nemezis” mirasına hörmətlə “satqın türk” ittihamlarına qarşı “milli xətt”i unutmadıqlarını göstərir, eyni zamanda belə “milli xətt”in davam etdirilməsinin ziyan gətirdiyini - hava məkanının bağlanması - də nümayiş etdirirlər". Təhlilçi hesab edir ki, Türkiyənin cavab tədbirləri isə təkcə “Nemezis” abidəsinə görə erməniləri “ağıllandırmaq” yox, həm də sülh danışıqlarında prosesi dalana dirəyən İrəvana xəbərdarlıq etməyə hesablanıb: “Və bunu həm diplomatik, həm hərbi dillə izah edirlər: Çavuşoğlunun "Nemezis"lə bağlı açıqlamasında İrəvana “Bakı ilə razılaşmayacaqları təqdirdə, Ankara ilə də əlaqə mümkün deyil” mesajı, Hulusi Akarın “Qafqaz regionu: sülh və barışıq üçün unikal imkan” adlı məqaləsində isə “sülh sazişinin imzalanmamasının hərbi addımlara zərurət yarada biləcəyi” mesajı var idi".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR