İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvana son xəbərdarlıq - Kreml “B planı”na keçsə, 10 noyabr sənədinin taleyi necə olacaq?

1897 28.01.2023 10:45 Siyasət A A

Hərbi ekspert: “Rusiya özünün müəllifi olduğu 10 noyabr sənədini vaxtında yerinə yetirsəydi...”

Ermənistan iqtidarının Qərblə Rusiya arasında “iki stul” siyasəti, deyəsən, sona yaxınlaşır. Paşinyan hökumətinin Azərbaycanla sərhədə 2 illiyə KTMT-nin deyil, Avropa Birliyinin müşahidə missiyasını gətirməyə nail olması, Moskvanın “səbir kasası”nı doldurub. Bunu Rusiya XİN-in srağagünkü kifayət qədər sərt bəyanatından aydın görmək olar.

“Avropa İttifaqının nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək, Rusiyanın vasitəçilik səylərini geri çəkmək cəhdləri ermənilərin və azərbaycanlıların regionun sülh yolu ilə inkişafına qayıtmaq səyləri kimi köklü maraqlarına zərbə vurmağa qadirdir”.

Bu barədə Rusiya XİN-in Avropa İttifaqının yeni mülki missiyası ilə bağlı bəyanatında deyilir.

“Aİ-nin Ermənistanda mövcudluğunun konkret parametrləri yaxın gələcəkdə müəyyən ediləcək. Amma onun ötən ilin oktyabrından dekabrına kimi Ermənistanda fəaliyyət göstərən Aİ-nin monitorinq mexanizmindən daha genişmiqyaslı olacağı artıq göz qabağındadır. Rusiyanın Qafqaz regionunda qeyri-regional amilin konsolidasiyası ilə bağlı prinsipial mövqeyi dəyişməyib. Ermənistan-Azərbaycan sərhədində baş verənlərə Aİ "ekspert"lərinin nəzarətində heç bir “əlavə dəyər” görmürük. Əgər Brüssel səmimi qəlbdən Qafqaz regionunda sülhün bərqərar olmasında maraqlı olsaydı, onlar öz missiya işi şərtlərini Azərbaycanla razılaşdırardılar. Biz İrəvanın KTMT missiyası istiqamətində işi məntiqi sona çatdırmadan Aİ-nin xeyrinə seçim etməyi üstün tutduğunu görürük", - deyə bəyanatda qeyd olunur.

Rusiya xarici siyasət qurumundan əmin olduqlarını bildiriblər ki, yaxın gələcək üçün regionda sabitlik və təhlükəsizliyin əsas amili Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatı əsasında yerləşdirilən Rusiya sülhməramlı kontingenti, eləcə də Ermənistan sərhədlərində xidmət edən rusiyalı sərhədçilərdir, onlar vəziyyətin “yerdə” inkişafını nəzərə alaraq Aİ müşahidəçilərinin davranışına reaksiya verəcəklər.

Göründüyü kimi, Kreml İrəvanın özünə yeni ağa axtarmasına bərk qəzəblidir. Bəs bu qəzəb özünü nədə və necə göstərəcək? Rusiya “B planı”nı - Paşinyanı devirmək planını işə sala bilərmi, yoxsa Ukraynadakı müharibənin bitməsini gözləyəcək? Bəzi siyasi şərhçilərə görə, Nikol Paşinyan öldürülə də bilər. O halda onu kim əvəzləyəcək - Kremlin kuklası Ruben Vardanyanmı? Bəs 10 noyabr kapitulyasiya sənədinin aqibəti necə olacaq?

Təqaüdlərin artımı ehtiyatda olan zabitlərə niyə şamil olunmadı? – Üzeyir  Cəfərov “Çətin sual"da - YouTube

Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, son dönəmlər, xüsusən də 2022-ci ilin fevralından Rusiya Federasiyasının bir çox işləri dalana dirənib və onlar xeyli problemlərlə baş-başadırlar: “Məlum Rusiya-Ukrayna müharibəsindən başlayan uğursuzluq, iqtisadi sanksiyalar, dünyada get-gedə artan basqılar və azalan nüfuz, hamısı dediklərimizlə bağlı olan məsələlərdir. Bunu görən Qərb və Avropa da uzun illər Rusiyanın təsiri altında olan Ermənistanla bağlı daha çevik, daha realist addımlar atmaqdadır. Və Rusiya XİN-in Ermənistanda yerləşmiş Avropa İttifaqının missiyası ilə bağlı bəyanatı da, narazılığı da çox gecikmiş addımdır. Artıq qərarlar verilib və proses sürət götürüb.

Əgər Rusiya özünün müəllifi olduğu 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatının müddəalarını vaxtında yerinə yetirmiş olsaydı, bu gün yaşanan vəziyyətlə baş-başa qalmazdı. Həm özü, həm də vassalı olmuş Ermənistan imzalarına hörmətsizlikdə axtarmalıdırlar bölgədə baş verənləri. Avropa qərarını verəndən, praktiki işləri yekunlaşdırandan sonra indi hansısa addımlarım atılmasını bəyan etmək də çox gecdir. Avropa İttifaqının qərarı bizə qarşı ola bilsin kənardan hansısa təsir göstərə biləcək görüntüsü yarada bilər. Olsa-olsa proses bir az yubanacaq və məsələlər uzanacaq. Bütövlükdə isə hesab edirəm ki, Rusiyanın təxribatçı addımlarından, imitasiya xarakterli davranışlarındansa bu mənzərə daha məqbul sayıla bilər".

Polkovnikə görə, biz öz işimizi görməkdə davam etməliyik: “Siyasi, iqtisadi, lazım olacağı təqdirdə isə hərbi gücümüzdən də öz sərhədlərimiz daxilində faydalanmağı bacarmalıyıq. 2020-ci ilin Zəfər tarixindən kifayət qədər vaxt keçib və bu müddət ərzində Rusiya-Ermənistan cütlüyü üzərinə götürdükləri öhdəliklərin çoxunu yerinə yetirməyib və onların son zamanlar sərgilədikləri davranış tamam başqa mətləblərdən xəbər verir. Rusiya Qafqaz regionunda olan nüfuzunu itirməkdə davam edir və bu proses yaxın dönəmlərdə daha da dərinləşəcək. Nə qədər ki, Rusiya səmimi və dost münasibətlərini imitasiya edəcək, bir o qədər böyük problemlərlə baş-başa qalacaq. Ola bilsin, mənim fikirlərim bir qədər qəribə görünsün, amma Qarabağda sülh yaranmasını Avropa və Qərb daha çox arzulayır və bu istiqamətdə addımlar atır, nəinki Rusiya”.

Hərbi ekspert bildirdi ki, bunu biz yaxın aylarda da açıq-aydın gördük: “Rusiya bölgədə Vardanyanın timsalında separatizmi var gücü ilə gücləndirmək yolunu açıq-aydın büruzə verib və çalışır ki, öz emissarının əli ilə iki Cənubi Qafqaz respublikasını daha çox qarışdırsın və onlara xeyli problem yaratsın. Ona görə də Azərbaycan öz siyasətini Avropa ilə elə qurmalıdır ki, biz ölkəmizin ərazi bütövlüyünü tam təmin edə bilək və hər hansı ağrılı proseslərlə üzləşməyək. Avropanın Rusiya ilə öz haqq-hesabı var və onların məqsədi Rusiyanın hegemonluğuna bütün dünyada, o cümlədən də Qafqazlarda son qoymaqdır”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR