İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan yenə sabotaja və şantaja keçdi - reaksiya

1384 16.01.2024 13:03 Siyasət A A

Ermənistan üçün gerisayım başlayıb; faktiki olaraq sülh prosesini bloklamaq kursu götürən Paşinyana Bakıdan sərt cavab və xəbərdarlıq

Prezident İlham Əliyevin yanvarın 10-da yerli telekanallara verdiyi geniş müsahibəyə Nikol Paşinyanın reaksiyası, onun həyasızcasına rəsmi Bakını hətta sülh prosesinə ciddi zərbə vurmaqda suçlaması qarşı tərəfin sülh bəyanatlarının əsl mahiyyətini bir daha nümayiş etdirdi. 

Baş nazirin reaksiyası Ermənistanın ədalətli sülh və barışıqda maraqlı olmadığı barədə gəldiyimiz qənaəti növbəti dəfə təqdiqlədi. Halbuki İlham Əliyevin 10 yanvar çağırış və təkliflərində beynəlxalq hüquqa və beynəlxalq praktikaya zidd heç nə yox idi. Məsələn, Prezidentin Azərbaycandan-Azərbaycana (Naxçıvana) keçidin maneəsiz olması haqda fikrində, görəsən, ədalətsiz və qanunsuz nə var? Heç nə! Dünyada neçə-neçə belə təcrübə mövcuddur (misal üçün, Kalininqrad). Üstəlik, 10 noyabr kapitulyasiya sənədi ilə (9-cu bənd) İrəvan maneəsiz hərəkətlə bağlı öz üzərinə yazılı öhdəlik götürüb. Nikol isə hiyləgərcəsinə yolun İran variantını bizə nümunə göstərir. Yəni İran marşrutunda yoxlama-zad olacaqsa, niyə Zəngəzur dəhlizində də olmasın? Hərçənd İranla bizim kommunikasiya və başqa problemimiz yox. Problem Ermənistanladır. Əgər o, həqiqətən yolların açılmasını və xarici aləmə çıxış istəyirsə, konstruktiv mövqe tutmaq zorundadır. Əks halda, Azərbaycan liderinin dediyi kimi, blokadada və dalan durumda qalmağa davam edəcək. Çünki o halda başqa heç bir kommunikasiya, sərhəd açılışı olmayacaq. 

İlham Əliyevin sərhədlərin delimitasiyası ilə bağlı dediklərinə də Paşinyanın əcaib münasibəti konstuktivlikdən uzaqdır. Ermənistan rəhbəri bu məsələdə Almatı Bəyannaməsini əsas gətirir və SSRİ dağılanda mövcud olan xətlər üzrə sərhədin müəyyən edilməsini irəli sürür. Bu da o anlama gəlir ki, sovet dövründə əkin və otlaq sahəsi adı altında Ermənistana bağışlanan ərazilərin müzakirəsi gündəmdən çıxarılır və Azərbaycan Ordusu hazırda durduğu sərhəd xəttindən geri çəkilməlidir. Azərbaycan Prezidenti isə bunun mümkünsüz olduğunu bildirib və delimitasiya ilə bağlı üç təklif irəli sürüb: siyasi metodologiya - AXC xəritələrinin əsas götürülməsi; xronoloji - SSRİ-nin ilk dövrünə aid xəritələrin əsas götürülməsi; xəritələr kənara qoyulur, ekspert qrupu tərəfindən sərhədin hissə-hissə müəyyən edilməsi. Bundan əlavə, Bakı delimitasiya uzunmüddətli proses olduğu üçün onu sülh sazişindən ayırmağı təklif edir, İrəvan isə sənəddə konkret xəritəyə istinadı (1970-ci illərin xəritələri) zəruri sayır. Sülh prosesinə əsl zərbə həm də budur. 

Qeyd edək ki, N.Paşinyan ötən ilin payızında da 8 kəndlə bağlı absurd iddia irəli sürmüşdü. Sitat: “Azərbaycan səkkiz kəndin məsələsini qaldırır, deyirik ki, bizim də səkkiz kənd problemimiz var. Bizim də Tauş regionunda Azərbaycan tərəfindən işğal olunmuş ərazilərimiz var: Berkaber, Ayqeovit, Vazaşen, Paravakar (?-red.) və sair. Anklavlardan söhbət gedəndə bura 29 800 kvadratkilometr hissəmizə daxil olan Arşaven (?-red.) də var”. Absurda baş vuran Nikol hətta saxtakarlığı da sonadək edə bilməyib, guya işğalda olan kəndləri sonadək saya bilməmişdi...

Bu dəfə isə N.Paşinyan “Azərbaycan 4 kəndin, Ermənistan isə Göyçə rayonu ərazisi də daxil olmaqla, həyati əhəmiyyətli əraziləri Azərbaycanın nəzarətində olan 32 kəndin məsələsini qaldırır”, - deyə, daha böyük sərsəmləmələrə “imza atıb”. “Mülki müqavilə” partiyasının təşəbbüs qrupunun Yeni Bəyaziddə (indiki Qavar) keçirilən iclasında belə deyib: “Başkənd 30 ildir ki, Azərbaycanın işğalı altındadır. Biz deyirik ki, kənd öz doğma limanına qayıtsın? Bəli, deyirik. İki variant var. Bizim sərhəd xəttimiz var və bu sərhəd xəttindən kənarda yerləşən eksklav Ermənistanın yurisdiksiyasına qayıtmalıdır. Lakin bunun üçün praktik olaraq biz anlamalıyıq ki, bu eksklavın sərhədi harada məhdudlaşır; bu onun sərhədini dəqiqləşdirməliyik ki, prosesi təşkil edə bilək. Başkəndin sahəsi nə qədərdir? Yerdə heç bir xətt yoxdur - bu xətti çəkmək lazımdır. Biz xəritəni canlandırmalıyıq və yeni razılaşmalar əldə etməliyik”. (Axar.az) 

Paşinyanın “32 kənd məsələsi”nə gəldikdə, çox güman ki, Azərbaycan sərhədçilərinin vizual olaraq müşahidə etdikləri yaşayış məntəqələrindən söhbət gedir. Baş nazirin sözlərindən belə çıxır ki, Azərbaycan sərhədçiləri erməni kəndlərini görməməkdən ötrü gözlərini bağlamalıdır. Elə bugünlərdə Paşinyan qoşunların güzgü prinsipi ilə geri çəkilməsi kimi əcaib, qəbulolunmaz təklif vermişdi.

Bəs bundan sonra danışıqlar nəyin ətrafında gedəcək, əgər İrəvan açıq-aşkar prosesi sabotaj yolu tutubsa? İlham Əliyevin müsahibədə dediyi kimi, sülh danışıqları dayana bilərmi?

Deputat Sahib Alıyev: "Sağalmaq üzrəyəm" | 1news.az | Xəbərlər

Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a şərhində bildirdi ki, Ermənistan baş nazirinin Azərbaycanı sülh prosesinə ciddi zərbə vurmaqda ittiham etməsi onun bir etirafında dediyi açıqlamalar qismindəndir: “Xatırladım ki, bir neçə ay bundan əvvəl Paşinyan boynuna almışdı ki, bəli, ölkəsinin maraqları tələb edəndə o, yalan danışır. İndi də yalan danışır, amma fikirləşmirəm ki, bu yalan onun ölkəsinin maraqlarına cavab verir. Ümumiyyətlə, Ermənistan baş nazirinin Kəvərdəki çıxışı ağ yalanlar və cəfəng fikirlərlə dolu idi. Baxın, o deyirdi ki, üçtərəfli bəyanatda Ermənistan Zəngəzur dəhlizinin açılması və orada təhlükəsizliyi Rusiyanın təmin etməsi ilə bağlı üzərinə heç bir öhdəlik götürməyib. Üçtərəfli bəyanatın 9-cu maddəsinə ötəri göz gəzdirən hər kəs bunun ağ yalan olduğunu aydın görə bilər. İndi belə birinin Azərbaycanı sülhdə maraqlı olmadığını deməsinə heç kim, hətta cənab Prezidentin təbirincə desək, Ermənistan plyusdakılar da inanmaz. Özlərini inanmış kimi göstərərlər, amma inanmazlar. Çünki onlar gözəl bilirlər ki, Azərbaycan və Türkiyə qədər heç kim bu regionda davamlı sülhdə maraqlı deyil”. 

S.Alıyev bildirdi ki, əgər Paşinyan iki ölkə arasında qarşılıqlı etimad istəyirsə, onda Azərbaycan ərazisinə mina basdıranların sağ qalanlarını, əllərində də həmən sahələrin dəqiq xəritəsi göndərsin, gəlib birgə nəzarət mexanizmi çərçivəsində oraları minadan təmizləsinlər: “Açığı, mənim cənab Prezidentin yerli kanallara verdiyi son intervüdən gəldiyim nəticə belədir ki, Ermənistanla normallaşma prosesi çox uzun vaxt aparacaq və Nikol Paşinyanın son açıqlamaları da elə onun təsdiqidir”.

Beştərəfli görüş Azərbaycanın növbəti diplomatik qələbəsi ilə yadda qaldı”-Tural  İsmayılov

Tural İsmayılov 

Politoloq Tural İsmayılov da bildirdi ki, Ermənistan sülh prosesini daim bloklayır: “Əvvəlcə Qarabağla bağlı nələrisə sənədə saldırmaq istəyirdi. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsində Qarabağla bağlı hər hansı məqam yer ala bilməzdi. Çünki nəzərə almaq lazımdır ki, Azərbaycan öz torpaqlarını azad edib. Bundan sonra Ermənistanın Qarabağla bağlı məsələni Azərbaycanla danışıqlarda və yaxud da Bakı ilə sülh məsələsində bir variant kimi nəzərdən keçirməsi çox kobud bir səhv olardı. Çox kobud səhv olmaqla yanaşı, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi baxımından da ciddi bir yanlışlıq olardı. Paşinyan bunun fərqində olduğu üçün bununla bağlı açıq təxribata getməkdən çəkinir. Cənab Prezidentin müsahibəsində də Azərbaycanla Ermənistan arasında sülhün gələcəyi ilə bağlı çox konkret və dəqiq mesajlar var idi. Bu baxımdan, hesab edirəm ki, sözügedən məsələdə hansısa süni manipulyasiya cəhdləri Ermənistan tərəfindən aparılmağa çalışılsa da, reallıqda heç bir perspektiv yoxdur. Azərbaycan Qarabağ və Qarabağ erməniləri məsələsinin, Bakı-İrəvan münasibətlərinin gələcəyində bir variant olaraq nəzərdən keçirilməsinə əsla icazə verə bilməz. Çünki ölkəmizin konkret olaraq bununla bağlı mövqeyi var. Bu da ondan ibarətdir ki, Qarabağ məsələsi həll olunub”. T.İsmayılov qeyd etdi ki, Ermənistanla imzalanacaq sülh məsələsində Azərbaycanın daxili işi olan mövzular müzakirə predmeti ola bilməz: “Bu baxımdan, cənab Prezidentin müsahibəsində sözügedən məqamlar xüsusi vurğulanır. Bir daha Ermənistan-Azərbaycan danışıqlarında hansısa süni məsələləri variant kimi istifadə etməyə çalışan həm İrəvana, həm də onun havadarlarına aydın cavab verildi. Yəni sülh müqaviləsi imzalanacaqsa, bununla bağlı delimitasiya və digər məsələlər Azərbaycanla müzakirə edilməlidir. Azərbaycanın daxili işi olan məsələlər əsla müzakirə mövzusu ola bilməz! Faktiki müşahidə edilən odur ki, Qərb dövlətləri guya sülhə dəstək olduğunu bildirsə də, əslində Ermənistanı əlaqələrin normallaşmasından uzaqlaşdırırlar. İlin sonuna qədər sülhlə bağlı Azərbaycanın qalib ölkə kimi diktə etdiyi şərtlər Ermənistan tərəfindən qəbul olunmuş görünsə də, rəsmi İrəvandan siyasi rıçaq kimi istifadə edən qüvvələr prosesin "ölü nöqtə"dən tərpənməməsi üçün əllərindən gələni əsirgəmirlər. Sülhün aktuallaşdığı və delimitasiya komissiyalarının görüşlərinin keçirilməsi fonunda Fransanın Ermənistanı silahlandırması, ABŞ-ın bütün vasitələrlə Azərbaycana qarşı haqsız dezinformasiya hücumları sülh prosesinə əngəl törədir. Qərb şəbəkələri hazırda Ermənistan cəmiyyəti içərisində Azərbaycan əleyhinə aqressiv ritorikanın qalmağında maraqlı tərəf kimi görünür. Ermənistanın sülh prosesi ilə bağlı qeyri-səmimi mövqeyi həm də bir daha nümayiş etdirir ki, bu ölkənin normal siyasi baxışları mövcud deyil. Ermənistan dövlətçiliyi sanki formal xarakter daşıyan bir strukturdur. Belə ki, xarici güc mərkəzlərinin Ermənistanın qərarlarına ciddi təsirləri də var. Bütün bunlar isə regionu təhdid edən vacib amillərdir". T.İsmayılov qeyd etdi ki, Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı pozitiv mövqeyi də Qərbi narahat edir: “Həmçinin Qərb Ermənistanı rəsmi Moskvaya qarşı qızışdırmaqla regional platformaları da sabotaj etmək məqsədi güdür. Ümumiyyətlə, bu bölgənin əsas güclərinin koordinasiyalı fəaliyyətinin və regional əməkdaşlığının pozulması Ermənistandan təsir aləti kimi istifadə etmək istəyən müstəmləkəçi Fransa və ABŞ mərkəzli qüvvələrin əsas hədəflərindəndir. Bundan əlavə, Ermənistanı sülhdən yayındıranlar, regionda qızışdıranlar heç Ermənistan xalqını da düşünmürlər”. 

Ekspertin qənaətincə, Ermənistanın dövlət kimi mövcudluğu təkcə Azərbaycanla sülh müqaviləsinin imzalanmasından asılıdır: “Ermənistan iradə göstərməli, Türkiyə ilə münasibətləri normallaşdırmalı, eyni zamanda regional əməkdaşlıqdan imtina etməyərək bölgənin güc mərkəzləri ilə hesablaşmağı bacarmalıdır”.

Ümumilikdə hesab etmək olar ki, Ermənistan üçün gerisayım başlayıb və daxili auditoriyaya hesablanmış sərsəm iddialar Paşinyan başda olmaqla, hakim komandanı, eyni zamanda bu, qondarma ölkəni xilas etməyəcək, əksinə, uçuruma yuvarlanmasını sürətləndirəcək...  

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR