İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Bakıya yenə “yox” desə...

1543 19.03.2024 10:55 Siyasət A A

Paşinyan komandası sülh mətninin məzmununu müxalifətə göstərməkdən imtina edib; Azərbaycanla Ermənistan sülhə hər zamankındən daha yaxındır...

Bəllidir ki, Rusiya Qərbə üz tutacağı təqdirdə Ermənistanı “Ukrayna ssenarisi” ilə hədələyir: bu o deməkdir ki, Kreml Paşinyanın siyasətinə cavab olaraq Ermənistana qarşı hərbi rıçaqlardan istifadə etməyə hazırdır. 

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin taleyi qeyri-müəyyən olaraq qalır. Hərgah son vaxtlar danışıqları intensivləşdirmək yönündə hərəkətlənmələr, səylər artmış kimi görünür. Hətta bu ilin noyabrında Bakıda keçirilməsi nəzərdə tutulan COP29 tədbirinədək sülh sənədinin imzalana biləcəyi, Nikol Paşinyanın da Azərbaycana gələ biləcəyi haqda ümid və gözləntilər səslənib. Prezident İlham Əliyev bu xüsusda ötən həftə XI Qlobal Bakı Forumunun açılışı zamanı bildirib ki, Azərbaycan və Ermənistan sülhə hər zamankındən daha yaxındır. “Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və indi biz düşünürük ki, sülhə nail olmaq mümkündür. Biz bunu istəyirik. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymağın vaxtı yetişib”, - Prezident əlavə edib. Forumda çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan da hazırda Azərbaycanın və Ermənistanın sülh müqaviləsinə çox yaxın olduğunu vurğulayıb.

Bu arada Ermənistan XİN-i müxalifət deputatlarına Azərbaycanın sülh müqaviləsi ilə bağlı son təklifləri ilə tanış olmağa imkan verməyib. Qadağa barədə sosial şəbəkələrdə parlamentindəki müxalif “Hayastan” fraksiyasının nümayəndəsi Qeqam Manukyan bildirib. Deputat deyib ki, Bakının fevralın 23-də təqdim etdiyi son təkliflər paketi ilə tanış olmaq xahişini XİN rədd edib. Nazirlik hesab edib ki, məlumatların ilkin mərhələdə açıqlanması danışıqlara mane ola və sazişin yanlış təfsirinə səbəb ola bilər. Lakin Manukyana görə, imtina üçün heç bir hüquqi əsas yoxdur. O, sənədlərə girişin qadağan edilməsinin daha əvvəl müxalif erməni deputatlar üçün razılaşmaların mövcudluğundan narazılığını bildirən Azərbaycanın təzyiqinin nəticəsi olduğunu iddia edib. Onun sözlərinə görə, Ermənistan XİN-in bu qərarı deputatların ictimaiyyəti məlumatlandırmaq işini çətinləşdirmək və bilərəkdən çaşdırmaq cəhdindən başqa bir şey deyil.

Yada salaq ki, bu ilin yanvarında müxalifət deputatları Azərbaycanın təklifləri ilə tanış olmuşdular. O zaman Manukyan açıq şəkildə bildirmişdi ki, Bakının təklifləri sülh yolu ilə nizamlanmaya kömək etmir. Buna cavab olaraq Ermənistan XİN deputatlara gələcəkdə bu cür sənədlərə girişin məhdudlaşdırıla biləcəyi haqda xəbərdarlıq etmişdi. Maraqlıdır ki, məhz belə bir qadağa fonunda XİN rəhbəri Ararat Mirzoyan ötən həftəsonu bəyan edib ki, Azərbaycan və Ermənistan sülhə, delimitasiya və ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün əsas kimi 1991-ci il sərhədlərinin tanınması ilə bağlı konsensusa yaxındır. “Hazırda iki ölkənin mövqeləri hətta bir ay əvvəlkindən də yaxındır”, - nazir vurğulayıb. Bəlkə elə buna görə sənədin məzmunu erməni müxalifətindən gizlədilir? Doğrudanmı Bakı İrəvan sülh müqaviləsini imzalamağa heç vaxt olmadığı qədər yaxındır? Bakının son təkliflər paketində nə var və demək olarmı ki, İrəvan onunla razılaşmaq üzrədir? 

Arzuxan Əlizadə: “Qarabağ ermənilərinin Ermənistanı tərk etməsi prosesi  dayanmayacaq” - Azərbaycan Milli İstiqlal Partiyası

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, bir müddət əvvəl parlamentin müxalifətdən olan üç deputatı iqtidardan sülh mətni ilə tanışlığı istəmişdi: “O zaman sülh mətni, delimitasiya prosesi ilə bağlı görüş olmuşdu, məzmunu onlara çatdırılmışdı. Sonra həmin erməni deputatlar açıqladılar ki, mətndə narahatedici məqamlar var və Azərbaycanın şərtləri ağırdır, əgər qəbul olunarsa, o halda Ermənistanı böyük problem gözləyir. Ona görə də bu dəfə müxalifəti sülh mətni ilə tanış etmək istəməyiblər”. A.Əlizadənin fikrincə, görünür ki, bəzi məsələləri ictimaiyyətdən gizlətməyə çalışırlar: “Bu prosesin uzanması həm də onu deməyə əsas verir ki, Azərbaycan mövqeyində israrlıdır”. Partiya sədrinin sözlərinə görə, onlar da istərdi ki, sülh mətni ilə tanış olsunlar: “Biz ən çətin məqamlarda dövlətin yanında olmuşuq, dövlətçiliyi dəstəkləmişik. Əgər bəzi məsələlərin açıqlanması məsləhət deyilsə, ən azı siyasi təşkilatlarla bunu bölüşmək olar. Xatırlayıram ki, mərhum Heydər Əliyevlə partiyaların birgə iclası olmuşdu, qapalı tədbirdə Qarabağ məsələsi müzakirə olunmuşdu. Bu dəfə də belə bir toplantı mümkündür və siyasi təşkilatlar dövlətçiliyin maraqları naminə ictimaiyyəti sülhlə bağlı yönləndirmək istiqamətində addımlar ata, ümumi işə fayda verə bilər”. 

Samir Əsədli: “Bu birmənalı şəkildə Laçın dəhlizinin bağlanması ilə  nəticələnəcək” - pia.az

Samir Əsədli 

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli qəzetimizə açıqladı ki, erməni iqtidarı sənədi müxalifətdən daxili təpkilərə görə gizlədir: “Paşinyan komandasına elə gəlir ki, müxalifət sənədlə tanış olduqdan sonra ictimai rəydə manipulyasiya edə biləcək. Yəni siyasi qüvvələr iqtidarı təslimçilikdə, torpaq verməkdə, iddialardan əl çəkməkdə ittiham etməyə başlayacaqlar. Müxalifət bəyan edəcək ki, sənəd Ermənistanın milli maraqlarına uyğun deyil, xalqın istəklərini fadə etmir və hakimiyyətin güzəştə getmək aktıdır. Bunu bildikləri üçün mətni müxalifətin əlinə vermirlər. Çünki bir dəfə eyni aqibət yaşanıb. O səbəbdən müxalifət daxili auditoriyada populyarlıq qazanmasın, iqtidar satqın obrazında təqdim olunmasın deyə danışıqların detallarını gizlədirlər”. VHP funksioneri qeyd etdi ki, sülhün alternativi olmadığını erməni müxalifəti də dərk edir, sadəcə, iqtidara basqı etməkdədirlər. S.Əsədli bildirdi ki, Paşinyan cəmiyyəti mərhələli şəkildə sülhə hazırlayır: “Ona görə bəyan etdi ki, xalq istəyəndə referendum olacaq. Qanunvericiliyə dəyişiklik üçün münbit siyasi şərait gözləməkdədir. Sonra Müstəqillik Aktından ərazi iddiaları referendumda dəyişikliklərlə aradan qaldırılacaq. Bunu indi edəcəyi təqdirdə müxalifət iqtidarın üzərinə getməyə başlayacaq. O cəhətdən həm sülh danışıqlarının məzmunu müxalifətə təqdim olunmur, həm referendum keçirilməsi üçün tələskənliyə yol vermək istəmirlər. Hər halda, Böyük Britaniyanın baş nazirinin sözləri də kifayət qədər cəlbedici idi. Rişi Sunak eyham vurmuşdu ki, COP29-dək tarixi sülh müqaviləsinin imzalanması istisna deyil”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR