İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın erməni sevgisi Şanxay platformasında da fışqırdı: Rəisi niyə belə etdi... - Rəsmi Tehran növbəti dəfə müsəlman sınağından sınıq çıxdı

4133 17.09.2022 17:49 Analitika A A

Azərbaycan-Ermənistan sərhədində baş verən son toqquşmaya Tehranın reaksiyası yenə də təəccübləndirmədi. Hadisələrin ilk günü Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı İran-Ermənistan sərhədinin toxunulmazlığından bəhs edən prezident İbrahim Rəisi Səmərqənddə keçirilən Şanxay zirvəsində də eyni mövqeni təkrarladı.

Səmərqənd sammitindəki çıxışı zamanı İbrahim Rəisi bəyan etdi ki, Qafqazda sülh, sabitlik və təhlükəsizlik İran üçün çox mühümdür. Amma əlavə etdi ki, Tehran ərazi bütövlüyü və sərhədlərin dəyişməməsini, milli suverenliyə hörmət göstərilməsini dəstəkləyir, Azərbaycan və Ermənistan arasında sərhədlərdə hər hansı dəyişikliyi rədd edir. Münaqişə dialoq və beynəlxalq hüquqa əsaslanmaqla həll olunmalıdır.

risi-iranin-mqsdi-qonsuluq-siyastini-guclndirmkdir-13758.jpg (19 KB)

Başqa deyimlə, Tehran növbəti dəfə Zəngəzurun “qırmızı xətti” olduğunu elan etdi. Və təbiidir ki, bu mövqe Azərbaycanda qınaq və qəzəblə qarşılandı. Haqlı olaraq belə bir sual var: Əgər İran üçün sərhədlərin dəyişməzliyi, BMT tərəfindən tanınan sərhədlər mühüm idisə, o zaman Tehran rəsmiləri bu mövqeni ötən 30 ildə Ermənistan rəhbərliyi ilə keçirilən bütün toplantılarda indi olduğu kimi, qəti və sərt formada ifadə etməli idilər. Hətta İran ordusu sərhədə yeridilib Ermənistana hədə-qorxu mesajı verilməli idi ki, işğalçı olduğunu unutmasın, ən əsası, İranın bu işğala qarşı olduğunu hiss etsin.

Amma bütün bunların heç biri 30 il davam edən işğal dövründə baş vermədi. Dünyada İslamın himayədarı kimi çıxış edən, Filippindən Afrikaya qədər bütün müsəlman icmalarının problemlərini həll etmək üçün sinəsini qabağa verdiyini deyən İslam Respublikasının rəsmiləri beynəlxalq tədbirlərdə, həmçinin Azərbaycan rəsmiləri ilə görüşdə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını desələr də, indiki olduğu kimi, sərhəd dəyişikliyini, işğal faktını Ermənistan rəhbərliyinə xatırlatmadılar. Hətta İran rəhbərliyi tərəfindən qəbul olunan Ermənistan dövlət və ya hökumət başçılarına işğal faktı və onun cinayət olması kimi ritorik cümlələr söylənmədi. Ən azı bu cümlələri İran rəsmilərinin dilindən eşitmədik.

Bunun əksinə, müharibə dövründə İran rəsmiləri açıq şəkildə olmasa da, Azərbaycana qarşı ehtiyatlı və məsafəli davranış ortaya qoydular. Müharibə dövründə Azərbaycan əleyhinə informasiya savaşında qarşı cəbhədə yer alan Tehran hakimiyyəti Bakını az qala İrana qarşı düşmənçilikdə ittiham etdi.

Zəngəzur dəhlizi mövzusu isə Tehranı daha çox həyəcanlandırmağa başladı. İran rəhbərliyi az qala bütün rəsmi beynəlxalq tədbirlərdə Ermənistanla sərhədin itirilməsi ilə barışmayacaqlarını deyir, hər fürsətdə Azərbaycana hədə-qorxu gəlir.

4db7f651-722c-3074-93b6-965d0de33ddb_850.jpg (144 KB)

Əvvəla, Azərbaycanın Ermənistanın İranla sərhədini təşkil edən ərazilərini anneksiya etmək kimi bir planı və ya cəhdi olmayıb. Hətta son toqquşmalar belə Zəngəzur dəhlizi hesab olunan ərazidən çox kənarda qeydə alınıb.

Azərbaycanın Ermənistandan tələbi və 10 noyabr sazişində yer alan kommunikasiyaların açılması bəndində söhbət Zəngəzur dəhlizindən gedir ki, bu dəhliz əlbəttə, İran-Ermənistan sərhədinə maneə deyil, nəqliyyat qovşağıdır.

Üstəlik, Cənubi Qafqazın əsas “sahibi” olan Rusiya Zəngəzur dəhlizinə qarşı deyil, hətta son Azərbaycan-Ermənistan sərhəd toqquşmasına təmkinli və neytral yanaşdı.

f31f84a8-6770-39e6-961c-447c2c50dd77_850.jpg (89 KB)

Amma İran deyil, son hadisələrin mənzərəsində Tehran regionda indi Ermənistanın yeganə havadarı kimi görünür.

Hətta Rusiyanın qarşı çıxmadığı, əksinə, dəstəklədiyi Zəngəzur dəhlizi layihəsinə İranın açıq şəkildə qarşı çıxması Tehranın təkləndiyini göstərir. İran yeni regional konfiqurasiyanı özünə qarşı hesab edir və bunun üçün qəzəblidir. Buna görə də narazılığını Ermənistanın ərazi bütövlüyünün vacibliyi tezisi üzərində qurur. İran-Ermənistan nəqliyyat dəhlizinin min illik yol olduğunu irəli sürərək Azərbaycan-Ermənistan gərginliyində qarşı tərəfdə yer alır, Azərbaycanla münasibətlərini getdikcə daha da korlayır, başqa deyimlə, çapaladıqca batır.

6c77d144-becc-33ca-a71a-7726d241cafb_850.jpg (70 KB)

Aydın məsələdir ki, bu siyasətin sonu yoxdur. İranın Azərbaycana qarşı bu mövqeyi hər keçən gün daha dərin çıxmaza girir. Qafqazda və ümumilikdə regionda yeni geosiyasi konfiqurasiyada yerini ala bilməyən Tehran acığını Azərbaycana təzyiq etməklə çıxır. Amma bu, nəticəsiz cəhddir. Çünki birincisi, Tehran rejimi 30 il davam edən işğal dövründə ədalətli davranmadığı, işğalçıya qarşı çıxmadığı üçün indi ədalət və beynəlxalq hüquq barədə arqumentləri dişsiz görünür. İkincisi, Tehran yeni geosiyasi vəziyyətdə yerini ala bilmədiyi üçün Bakını hədəfə alması onu proseslərdən daha da təcrid edir. Bu səbəbdən də indi Tehran üçün çıxış yolu Bakı ilə dil tapmaqdan keçir, nəinki düşmən olmaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR