İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın azərbaycanlı prezidentinin səfər edəcəyi ilk ölkə - eyni millətin rəhbərləri yaxınlaşmaq zorunda

1523 10.07.2024 15:15 Siyasət A A

Sayman Aruz: “Pezeşkian ona görə prezident seçilə bildi ki....”

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev seçkinin nəticələri bəlli olandan dərhal sonra azərbaycanlı islahatçı Məsud Pezeşkianı İranın yeni prezidenti seçilməsi münasibətilə təbrik edib. Onu ölkəmizə səfərə dəvət edib. Yəni həm təbrik, həm də dəvət ilk olaraq İlham Əliyevdən gəlib. 

Bəs İranda bu xüsusda hansısa ənənə varmı, formalaşıbmı? Pezeşkian xaricə ilk səfərini hansı ölkəyə edə bilər? 

“Prezident İlham Əliyevin yeni seçilmiş prezident Məsud Pezeşkianı Azərbaycana səfərə dəvət etməsi yerində idi. Azərbaycanlının İranın dövlət başçısı seçilməsi iki ölkə arasındakı münasibətlərə yeni nəfəs verə bilər”.

Elxan Şahinoğlu: “Paşinyan etirazları yatırtmağa çalışmalıdır”

Bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

“Eyni millətin rəhbərləri yaxın olmağa çalışmalıdırlar. Bu fürsətdən yararlanmaq Pezeşkianın əlindədir. Əlbəttə, ali dini lider və onun ətrafı, o cümlədən SEPAH yeni prezidentin daxili və xarici siyasətdəki təşəbbüslərinin qarşısını almağa çalışacaq. Əngəllərə baxmayaraq, Pezeşkianın birinci xarici səfərini Azərbaycana və ya Türkiyəyə etməsi bölgədə canlanma yaradacaq. Bu, İran üçün də faydalıdır. Məzhəbçilik üzərindən başqa dövlətlərin daxili işlərinə qarışmaq, maraq qrupları formalaşdırmaq, onları maliyyələşdirmək və silahlandırmaq İranın gələcəyinə və qonşuları ilə münasibətlərinə yaxşı heç nə vəd etmir”, - politoloq vurğulayıb.

“Yeni prezident fəaliyyətə başladıqdan sonra biz münasibətlərin daha da inkişaf etdiriləcəyini gözləyirik”.

Bunu isə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov yerli jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Azərbaycan İranla münasibətlərin inkişafında maraqlıdır. “İran bizim böyük qonşumuzdur. Ölkələrimiz arasında tarixi əlaqələr mövcuddur. Gələcəyə baxış proqramımız var. İnanırıq ki, münasibətlər daha da inkişaf edəcək”, - Ceyhun Bayramov əlavə edib.

Sayman Aruz arvadını ETTELAAT-a niyə saxlatdırıb? -

 Sayman Aruz

Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Öncə onu qeyd edim ki, Ali Baş Komandanın ünvanlandığı təbrik heç də təsadüf deyil. Azərbaycan Prezidenti İlham Əliyev İranda yaşayan 45 milyondan çox soydaşımızın hüquq və mənafelərinin, təhlükəsizliyinin qorunması üçün lazımi addımların atılması ilə bağlı mesajlar verib, tarixi çıxışlar edib. Soydaşlarımızın ana dilində təhsil alması məsələsini hər zaman xüsusilə də Türk dünyasının diqqətinə çatdırıb tələb edib. Bu gün Cənubi Azərbaycanda Azərbaycan Respublikasına olan sevgi əslində Arazın o tayı və bu tayındakı cəmiyyətimiz arasında olan tarixi və sarsılmaz bağlılığın göstəricisidir. Biz bir xalqıq və o tayda, bu tayda keçmişimiz, bu günümüz, eləcə də gələcəyimiz birdir”.

Sayman Aruza görə, statistika da göstərir ki, Pezeşkianı İran cəmiyyəti deyil, cənubi azərbaycanlı soydaşlarımız prezident seçib: “Pezeşkianın prezident seçilməsində birmənalı olaraq birbaşa Azərbaycan sevdası, soyu, kökü, soydaşlarmızın əməyi və dəstəyi oldu. Əgər belə olmasaydı, Pezeşkian seçkilərdə qalib gələ bilməyəcəkdi. Güney Azərbaycanda soydaşlarımızın bu şəkildə aktivləşməsi Azərbaycanın Qarabağda 2020-ci ildən sonra qazandığı zəfərlər, daha sonra siyasi masalarda, görüşlərdə, dialoqlarda qazandığı qələbələrdən yarandı və deyə bilərik ki, bugünkü İranda baş verən hadisələrin hamısının memarı da məhz Azərbaycan sevgisi, sevdasıdır. 

Bu baxımdan hesab edirəm ki, İlham Əliyevin Pezeşkiana ünvanlandığı təbrik heç də təsadüfi deyildi. Pezeşkianın xaricə ilk səfəri Azərbaycana olmalıdır. Bu, həm də cəmiyyətimizin istəyidir. Çünki biz hələ Pezeşkianın təbliğat kampaniyasını zamanı cəmiyyətimizdə  “biz Pezeşkiana səs versək, ondan birinci tələbimiz budur ki, ilk xarici səfərini Azərbaycana etsin” deyə fikirlərə rast gəlirdik. Prezident İlham Əliyev də hər zamankı kimi, cəmiyyətin tələbini nəzərə alaraq Pezeşkiana bu dəvəti, təklifi edib. Hesab edirəm ki, Pezeşkian prezidentimizin bu təklifini və dəvətini mütləq şəkildə qəbul etməlidir. Bununla da nümayiş etdirməlidir ki, güneyli soydaşlarımızın verdiyi səsi anlayır, dərk edir, bu səsin arxasındadır, Azərbaycanın yanındadır".

Sayman Aruz bildirib ki, Azərbaycan liderinin təbrik və dəvətinə İranda böyük reaksiyalar olub: “Xüsusilə də milli-mədəni fəallarımız arasında yaxşı mənada böyük əks-səda saldı. Prezidentimizin bu təbriki, dəvəti milli-mədəni fəallarımızın və bu yolda əməyi olan hər kəsin ürəyindən xəbər verdi. Ona görə də reaksiya olduqca yüksək idi. Onu da qeyd edim ki, Pezeşkianın prezident seçilməsindən narahat olanlar da oldu. Məlum olduğu kimi, tarix boyu, xüsusilə də son 30 ildə İranda molla təfəkkürü ilə birləşən panfars təfəkkürü daim Azərbaycan və Türk dünyasının əleyhinə siyasət yürüdüb. İndi birdən-birə bu fikrin 180 dərəcə dəyişməsi, yeni siyasi xəttin Türk dünyası və Azərbaycana tərəf olması panfars cəmiyyətində birmənalı qarşılanmır. 

Bu baxımdan təbii ki, müqavimətlər göstəriləcək, buna mane olmaya cəhd edəcəklər. Amma İranın ali rəhbərliyi məsələləri məntiqi, sağlam düşüncə və təfəkkürlə məsələləri şərh etsə, onlar da bizim gəldiyimiz qənaətə gələcəklər. Çünki bugünkü İran iqtisadi-siyasi baxımdan çökmüş vəziyyətdədir, bütün dünya ilə müharibə astanasındadır. İranda olan türk cəmiyyətini, türk nüfuzunu nəzərə alaraq deyə bilərik ki, İranın yeganə çıxış, nicat yolu Azərbaycandır, onunla birləşmək, dostlaşmaq, onun geosiyasi və geoiqtisadi maraqlarına xidmət etmək və ona şərik olmaqdır. Başqa heç bir yol yoxdur və hesab edirəm ki, onlar da öz nizamlarını, rejimlərini qorumaq naminə müəyyən siyasi dialoqa getməyə məcbur qalacaqlar". 

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR