İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Azərbaycanla barışıq hazırlığı - iki mühüm qərar gözləntisi

1175 20.09.2023 09:22 Siyasət A A

Ekspertlərə görə, Tehran Bakı ilə münasibətlərdə maraqlıdır, ona görə də yenidən yumşalma xəttini tutdu, amma...

Həftəsonu xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında yenə telefon danışığı olub. Telefon danışığı zamanı son həftələrdə iki ölkə arasında baş prokurorlar, eləcə də hərbi sahədə yüksək səviyyəli görüşlərin və qurumlararası təmasların Azərbaycan-İran münasibətlərinin inkişafı istiqamətində verdiyi töhfə yüksək qiymətləndirilib.

Nazirlər arasında eyni zamanda iki ölkə arasında münasibətlərin tam normallaşması üçün atılması zəruri olan tədbirlər müzakirə olunub. Belə görünür ki, İranın Bakı ilə barışıq hazırlığı azərbaycanlı tələbənin  azadlığı, terrorçuya ağır cəza kəsilməsi vədindən başlamaq istəyindədir. Güman ki, bundan sonra İran səfirliyinin işinin qismən bərpası və məhdud saylı diplomatımızın qayıdışı mümkün ola bilər. 

Rəsmi Tehrandan gözləntilər olduğu bir vaxtda isə İran parlamentinin Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Şəhriyar Heydəri sərsəm fikirlər səsləndirib. O, Ermənistanla sərhədi qorumağı qırmızı xətt adlandıraraq Azərbaycanı hədələyib.

“Azərbaycan problemlərini diplomatiya yolu ilə həll etsin”, - Heydəri qeyd edib.

Deputat deyib ki, İranın hazırda Ermənistanla 47 kilometr ümumi sərhədi var və bu məsələ İran üçün çox vacibdir. Çünki Ermənistan vasitəsilə Avropaya çıxışları var.

O həmçinin vurğulayıb ki, Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsi də İranın qırmızı xəttinin bir hissəsidir: “Bizim üçün aydın məsələdir ki, bu ölkə sabit və təhlükəsiz olmalıdır. Lakin təəssüf ki, Azərbaycan "sionist rejim", Türkiyə və Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edərək bölgənin coğrafiyasını dəyişməyə çalışır. Azərbaycan öz qərarlarına yenidən baxmalıdır. Ən yaxşı yol diplomatiya yoludur, əgər Azərbaycan “sionist rejim” və ABŞ-ın İran sərhədləri yaxınlığında mövcudluğu istiqamətində hərəkət edərsə, İran mütləq reaksiya verəcək". 

Göründüyü kimi, Tehran yüksək post tutan iranlı diplomatın dilinin dinc saxlamasına nəzarət edə bilmir.

Fikrət Yusifov: Müharibələrin və terrorun ali məqsədi - İqtisadi maraqlar

 Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Azərbaycanın heç bir dövlətə güzəştə getməyəcəyini bildirdi: “İran bizə qonşu dövlət olsa da, İranda on milyonlarla soydaşımız yaşasa da, bu dövlət bizim səmimi dostumuz olmayıb və heç vaxt ola da bilməyəcək. Çünki İranın regional və milli maraqları ilə bizim regional və milli maraqlarımız üst-üstə düşmür. Torpaqlarımızın işğal altında saxlandığı dövrdə ermənilərlə qardaşlıq nümayiş etdirən, onları silah-sursat və yanacaqla təmin edən bir ölkə bizə necə dost ola bilər ki? Biz İranla, sadəcə, qonşu kimi müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq edə bilərik. Azərbaycan hökuməti buna həmişə hazırdır. Çünki qonşu ölkələrlə belə davranış bizim dövlətimizin xarici siyasətinin fəlsəfəsini təşkil edən əsas xətlərdən biridir. Lakin haqqımızı tapdalayan, suverenliyimizə kəm baxan heç bir dövlətə güzəştə gedə bilmərik. 

Bir qədər öncə Tehrandakı səfirliyimizdə baş vermiş terror aktına çox yarıtmaz bir münasibət bəsləyən İran Azərbaycan hökuməti tərəfindən ciddi şəkildə qınandı. Terror törətmiş adamı zindana atmaq əvəzinə, ondan dövlət televiziya kanalında müsahibə alınması bizə əsas verdi deyək ki, bu terror aktında İran hökumətinin əli var. Baş vermiş bu hadisədən sonra iki ölkə arasında diplomatik əlaqələrin dondurulmasına qədər yol açılsa da, İran hökuməti terrorçunun cəzalandırılması istiqamətində heç bir addım atmaq istəmədi". 

Sabiq nazir son günlərdə münasibətlərdə yaşananları müsbət elementlərdən biri kimi qəbul edir: “Son günlər münasibətlərdə yaranmış buzun əridilməsi istiqamətində İranın təşəbbüslərini Azərbaycan hökuməti təbii ki, müsbət qarşılayır. Həbs olunmuş azərbaycanlı tələbənin azadlığa buraxılması, səfirliyimizdə terror aktı törətmiş şəxsin ciddi cəzalandırılacağı ilə bağlı bəyanatlar, iki ölkə arasında münasibətlərin nizama düşməsi üçün yaxşı perspektivlər açır.

Bütün bu baş verənlər İran-Azərbaycan münasibətlərində pozitiv haldır. Lakin ortada bir sual dolaşır. Nədən yaxın günlərə qədər Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan və bu məsələdə Ermənistandan da aqressiv mövqe sərgiləyən İran, birdən-birə Azərbaycanla münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlar atmağa başladı. İranın mövqe dəyişikliyinin başlıca səbəbi, Ermənistanın öz ərazisində ABŞ-la birgə hərbi təlimlər keçirməsidir. İran qardaş dediyi Ermənistandan bunu gözləmirdi. O, sərhədlərinə yaxın ərazilərdə Amerika hərb maşınını heç bir formada görmək istəmir.  

İndi İrana da əyan olsun ki, erməni deyilən məxluqlar üçün müqəddəs heç nə olmur. Onlar öz maraqları üçün kimin əlində alət olmaq lazımdırsa, onun da əlində alət olurlar. İran başbilənləri bir tarixə nəzər salsınlar - ermənilər onları qoynuna almış Türkiyəyə, Azərbaycana xəyanət etdilər, onlara dövlət vermiş Rusiyaya xəyanət etdilər. İndi də növbə erməniləri qucağında gəzdirən İrana çatdı. Heç kim unutmasın ki, ermənilər sabah Fransaya da, ABŞ-a da məmnuniyyətlə xəyanət edəcəklər..."

Akif Nağı MSK-dan cavab gözləyir - Novator.az

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı cənub qonşumuzun Azərbaycandan bu cür qətiyyətli mövqe gözləmədiyini qeyd etdi: “Azərbaycan bütün cəhdlə İranı düzgün əməkdaşlıq müstəvisinə cəlb etməyə çalışır. Amma İrandan qarşılıq görmür. Tehran qeyri-stabil, bəzən isə çox primitiv siyasət yeridir, üstəlik, Azərbaycandan bu siyasətə xoş münasibət gözləyir, bunu görməyəndə inciyir. Məlum qanlı olay, gəncin həbsi və digər hadisələrdən sonra xeyli müddət münasibətlərdə sərt gərginlik hökm sürdü. Azərbaycan İranın gözləmədiyi qətiyyətli mövqe nümayiş etdirdi, geri çəkilmədi. Tehran Azərbaycanla münasibətlərdə maraqlıdır, ona görə də yenidən yumşalma xəttini tutdu. Bu ölkə həm Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir, həm də primitiv davranışlarından geri çəkilmir. Bugünlərdə parlamentin komissiya sədri "qırmızı xətt" iddiası ilə çıxış etdi. Guya Ermənistanla sərhədlərinin qorunub saxlanılması və Ermənistanın ərazi bütövlüyü bunlar üçün “qırmızı xətt” imiş. Bu, məntiqsiz bir mövqedir, izahları da gülüncdür. Guya Ermənistan vasitəsilə Avropaya çıxırmışlar. Ermənistan özü Türkiyə vasitəsilə Avropaya çıxır. Bunların Ermənistan üzərindən Avropaya neçə çıxdıqları məlumdur. Və Avropaya çıxmaq istəyirlərsə, bunun üçün niyə Türkiyə ilə Azərbaycanı seçmirlər? Qarabağda məscidləri dağıdan ermənilərlə niyə bu qədər yaxınlıq edirlər? Ermənistanın ərazi bütövlüyü bunlar üçün niyə bu qədər əziz olub? Bunları sualdan daha çox ittiham kimi səsləndirirəm. Əhalisinin 50 faizinin azərbaycanlılardan ibarət olduğu bir ölkə bu cür erməni sevdası ilə danışmamalıdır. Deməli, Tehran anti-Azərbaycan mövqeyindən geri çəkilməyib. Ona görə də münasibətlərin normallaşmasından danışmaq mənasızdır. Səfirliyimizin fəaliyyəti bərpa oluna bilər. Amma bununla münasibətlərin nizama salınacağından danışmaq yersizdir. Tehran hələ də regionun lideri olan Azərbaycan Respublikası və İranda əksəriyyət təşkil edən azərbaycanlı faktorları ilə hesablaşmaq istəmir. Bu dönüş baş verəndən sonra yeni münasibətlərdən danışmaq mümkün olacaq".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR