İnsanlara hürriyət, millətlərə istiqlal!

İranı etirazlar bürüyür - rejim dəyişikliyi ideyası baş tutacaqmı...

1920 22.09.2022 10:00 Gündəm A A

İranda bir qadının hicabı düz taxmaması iddiası ilə həbsi və ardınca müəmmalı şəkildə ölməsindən (işgəncə səbəbindən vəfat etdiyi iddia olunur) sonra bu ölkədə kütləvi etiraz aksiyaları başlayıb.

Hazırda etirazlar ən müxtəlif şəhərlərdə vüsət almaqdadır. Xüsusilə də gənc nəsil İranı viran qoymaqda, qarşısına keçən hər şeyi yaxıb-yandırmaqdadır.

Cənub qonşumuzda baş verənlərin miqyasının artacağı, hətta rejim dəyişikliyinə səbəb olacağını iddia edənlər də var. Bir qisim hesab edir ki, İranı hazırkı geopolitik proseslərdən dolayı ABŞ dairələri qarışdırır. Bir qisim isə bildirir ki, hazırda əslində Amerika ilə Tehran yaxınlaşmaqdadır, prezident Rəisinin Nyu-York səfəri də buna misal kimi göstərilir.

Bəziləri isə iddia edir ki, Rəisi Amerikanın adamıdır, ABŞ İranda dəyişiklikləri elə onun əli ilə həyata keçirəcək və gedən proseslər İranın dünyəvi dövlətə çevrilməsinədək irəliləyəcək.

İranda inqilab başlaya, ölkə parçalana bilərmi? Bu prosesin gedişində Cənubi Azərbaycan məsələsini hansı perspektiv gözləyə bilər? Şimali Azərbaycan bu məsələdə nə etməlidir -  İran dövlətinəmi, etirazçılaramı dəstək verilməlidir? Bu prosesdə İrandakı 40 milyon azərbaycanlının mövqeyi necədir?

Bakupost.az - Sabir Rüstəmxanlı səfirlikdən şikayətləndi: "Nə iş  gördü..." - VİDEO

Sabir Rüstəmxanlı: “Güney Azərbaycan xalqının taleyi ilə bağlı ciddi narahatlıq yaransa...”

VHP sədri, deputat Sabir Rüstəmxanlı bu proseslərin davamlı olacağını düşünür: “Qadının öldürülməsi və ona qarşı olan zorakılıq-təbii ki, bir insan taleyi xırda məsələ deyil-bir millətin taleyində epizoddur. Etirazların olması normaldır. Amma bütün ölkə qaynaya bilməz. Sadəcə, bu cinayəti törədənlərin cəzalandırılması tələb oluna bilər. Sonra da məsələ sakitləşər. Amma burada baş verənlər illər uzunu İranda baş verənlərin nəticəsidir. Orada bütün bölgələrdə mövcud olan problemlərin həlli yubadılır. Güney Azərbaycanda qəsdən Urmiya gölünün qurudulması, Azərbaycanın sərvətlərinin talanıb aparılması, soydaşlarımızın yaşadıqları yerlərə sərmayənin qoyulmaması, orada zavodların tikilməməsi, əhalinin işləməli olduqları müəssisələrin azaldılması, işsizlik, dolanışıq imkanlarının son dərəcə məhdudluğu prosesləri bu yerə gətirib çıxarırdı. Sadəcə, bir bəhanə lazım idi ki, əhali öz etirazını bildirsin. Bu hadisə də son damla oldu. Proses davamlı olacaq. Amma nə ilə nəticələnəcəyini deyə bilmərəm. Təəssüflər olsun ki, insanlar həyatını itirir. Ən zorakı yollarla etirazların qarşısı alınır. Nəticənin necə olacağını gözləyək. İlk dəfə deyil ki, cənub qonşumuzda belə hadisələr yaşanır. Getdikcə rejimə qarşı belə etirazlar güclənəcək və bu rejimin zəif tərəfləri durmadan üzə çıxacaq”.

Milli Məclisin deputatı koronavirusa yoluxub - Azər Badamov xəstəxanaya  yerləşdirilib

Azər Badamov: “İranın Azərbaycanın bu yüksək münasibətini ayaq altına atması heç düzgün deyil”

Deputat İbrahim Rəisinin Amerikanın adamı olması barədə gəzən söz-söhbətlərə də toxundu: “İranda çox ölkənin əli var. Bu dövlət neft-qaz ölkəsi olduğu üçün diqqət mərkəzində olması normaldır. Tarix boyu bu maraq olub. Vaxtilə orada Pəhləviləri devirənlər belə ingilislər, avropalılar olub. Atom silahı ilə bağlı uzun illərdir ki, bu ölkə ilə danışıqlar aparılır. İranda dünyəvi dövlətin yaradılması oradakı bütün xalqların ümumi maraqlarına xidmət edir. Onlar hətta şah rejimində indikindən sərbəst idilər və bunu yaxşı bilirlər. Amma şah rejimini heç də geri qaytarmaq haqqında düşünmürlər. Sadəcə, haqları olan dövləti qurmaq istəyirlər və bu da onların haqqıdır. Bu, indi dini, yaxud dünyəvi dövlət olacaq, artıq o xalqın öz işidir. Bununla bağlı proqnoz verə də bilmərik. Amma hər halda, dini rejimin uzun müddət davam edəcəyi mümkün deyil. Əgər bir baş örtüyünə görə bir insan öldürülə bilirsə, o cəmiyyətdə həmin quruluş çox yaşaya bilməz. Hər halda, gec-tez İranda dəyişiklik olacaq. Bu prosesin qarşısını almaq mümkün deyil. Çox ciddi narazılıqlar var”.

Müsahibimiz Cənubi Azərbaycanın taleyindən də danışdı: “Oradakı 40 milyon soydaşımız özünün taleyini özü həll edəcək. Baxmayaraq ki, həmin 40 milyonun yarısı assimilyasiya olunub, milli şüur son dərəcə zəifdir, gələcəkləri barədə düşünmək qabiliyyətlərini bir çoxları itirib. Baxırsan ki, onlarda cəhalət hansı səviyyədədir, insanda xəyal qırıqlığı yaranır. Amma cəmiyyətdə hər şeyi bütöv kütlə həll etmir. Güney Azərbaycanın gələcəyini düşünən insanlar az deyil. Burada siyasi qüvvələr də mövcuddur. İranın özünü nəzərdə tuturam. Bizim müdaxiləmizə əslində qonşu dövlət olaraq ehtiyac yoxdur. Özləri hər şeyi həll edəcəklər. Təbii ki, Güney Azərbaycan xalqının taleyi ilə bağlı ciddi narahatlıq yaransa, təbii ki, xalqımızın bir parçasıdırlar və onları müdafiə etməliyik. Amma indiki halda Ermənistanla ciddi problemlərimiz olduğuna görə, bir sıra başqa məsələlər də yaşandığı üçün İranın bütün təxribatlarına baxmayaraq, məsələlərə sakit yanaşmışıq, səbirli davranış nümayiş etdirmişik. Onların ərazi bütövlüyünə sayğı göstərmişik. İqtisadi inkişafımızı düşünmüşük. İndiki vaxtda Cənubi Azərbaycanla əlaqələrimiz ildən-ilə güclənir. Dövlətlərin dinc yaşamaq siyasətini Azərbaycan hələ ki qoruyur. Bu xəttin dövlətimiz üçün daha uyğun olduğunu düşünürük. Güney Azərbaycana indiki halda ancaq mənəvi dəstəyimiz ola bilər”.  

YAP-çı deputat Azər Badamov isə cənub qonşumuzun Ermənistana verdiyi dəstəyi qabartdı və bunun ölkə daxilində bir sıra proseslərə təkan verdiyini bildirdi: “İranda baş verən hadisələr bu dövlətin daxili işidir və hesab edirəm ki, xalqla dövlət ümumi bir razılığa gələrək qərar qəbul edəcəkdir. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, İranın Azərbaycanın haqq işinə ədalətsiz mövqeyi də bu ölkənin gündəminə təsir edib. İran dövləti ölkəsinin təxminən yarısını təşkil etdiyi azərbaycanlılara heç bir hüquq vermədiyi halda Azərbaycanın ərazisində qara yuva salmış ermənilərə dəstək verir. Tarixin reallıqlarını düzgün dəyərləndirməməsi və birtərəfli şəkildə Ermənistana dayaq çıxması ədalətsiz mövqenin sərgilənməsidir və İran dövlətinin öz ərazisində yaşayan 40 milyona yaxın azərbaycanlıya qarşı hörmətsizliyin ifadəsidir. Azərbaycan dövləti  qonşuluq münasibətlərini və beynəlxalq hüquq normalarını üstün tutaraq dostluq əlini uzadıb, İranla ikitərəfli münasibətlərin inkişafına yüksək dəyər verir. İran dövlətinin isə Azərbaycanın bu yüksək münasibətini ayaq altına atması heç düzgün deyil. Ona görə də İran Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl yaratmaq əvəzinə öz resurslarından istifadə edərək Ermənistana  təsir göstərsə regionda, o cümlədən İranın özündə də sabitlik yaranar”.

Dünyanı tolerantlığa səsləyən Qərbin dini dözümsüzlüyü...

Kənan Rövşənoğlu: “İran əhalisi siyasi rejimləri dəyişməyi bacarır”

Tanınmış siyasi yazar Kənan Rövşənoğlu isə qeyd etdi ki, İranda vaxtaşırı bu cür kütləvi etiraz dalğası baş verir: “İldə bir-iki dəfə müxtəlif sosial, məişət mövzuları səbəbilə kütləvi etiraz dalğası baş verir. Bu dəfə kürd əsilli xanımın Tehranda polis tərəfindən saxlanıldıqdan sonra ölümü səbəb oldu. Əlbəttə, adətən bu cür hadisələr etirazlar üçün bəhanə olur. İranda sosial-iqtisadi vəziyyətin ağırlığı bu cür etirazları alovlandırır. İran Yaxın Şərqin ən çox əhalisi olan və bunun böyük hissəsinin gənc nəsil olduğu ölkələrdən biridir. Üstəlik, ölkə dinamikdir, istənilən bir qığılcım kütləvi etirazlara səbəb olur. Bu hadisələrin sonradan siyasi şüarlara çevrilməsi onu göstərir ki, daha əvvəl olduğu kimi müəyyən siyasi qüvvələr də bundan istifadə edərək hakimiyyətə təzyiq etməyə çalışır. Ənənəvi olaraq monarxistlər, sol ”Xalqın Mücahidləri" kimi təşkilatlar bir qayda olaraq bu tip aksiyaları körükləyir. Amma indiki halda bu etirazların İranda hakimiyyət dəyişikliyinə səbəb olacağını demək sadəlövhlük olardı. Çünki birincisi, bu cür aksiyalar vaxtaşırı olur. İkincisi, bu aksiyanın konkret bir hədəfi və ya idarə edən siyasi qüvvə yoxdur. Nəhayət, hazırda hakimiyyət güclüdür, xüsusən də son illərdə İnqilab Keşikçiləri dövlət daxilində ən güclü aktora çevrilib, siyasi proseslərə nəzarəti ələ keçirib. Dövlətin güclü ideologiyası və ona sadiq güc aparatı var. Əgər hətta etirazlar siyasi hədəfi olan inqiabi proseslərə çevrilsə belə, Sepah və Bəsic kimi ideoloji və hərbi gücü olan strukturlar meydana çıxacaq. Bu mənada hazırda dövlət aparatının zəif olduğunu demək olmaz.  O ki qaldı xarici amilə, xüsusən də ABŞ-a, ABŞ İranda hakimiyyət dəyişikliyini dəstəkləyir. Amma indiki aksiyanın kənardan xüsusi xidmətlər tərəfindən təşkil olunduğunu demək olmaz. Bu spontan baş vermiş etirazdır, sadəcə, sonradan fərqli şüarlarla qruplar ona qoşulub. Rəisinin ABŞ-ın adamı olduğunu iddia etmək üçün mənim heç bir əsasım yoxdur, ümumiyyətlə, bu versiyanı ilk dəfədir eşidirəm. İbrahim Rəisi islam inqilabının yetirməsidir, inqilab liderinə sadiqdir, dini və hərbi rəhbərlik tərəfindən dəstəklənir. Baxmayaraq ki, prezidentliyi dövründə sosial-iqtisadi sahədə ciddi dəyişikliyə səbəb ola bilməyib. Amma ən üst səviyyədə dəstəyi var. Azərbaycan həssas regionda yerləşir və hazırda müharibə şəraitindədir. Belə bir vəziyyətdə ölkəmizin digər bir qonşusu, xüsusən də güclü bir qonşusu ilə münasibətlərdə problem yaratması əlverişli deyil. İranda hansı rejimin qurulmasına İran xalqı - ölkə vətəndaşları qərar verir. Son 100 ilin təcrübəsi onu göstərir ki, İran əhalisi siyasi rejimləri dəyişməyi bacarır. Bunu onların öz ixtiyarına buraxmaq daha yaxşı olardı. Seçimi özləri etsin".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR