İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan Hakan Fidana Zəngəzurla bağlı imtina mesajı?

2118 07.09.2023 15:10 Siyasət A A

“Ermənistanın nəzarəti və mülkiyyəti altında olmayan Zəngəzur dəhlizinin yaradılması İran üçün müzakirə mövzusu deyil” iddiasına reaksiyalar

“İran-Türkiyə münasibətlərində iqtisadi məsələlərlə yanaşı siyasi, təhlükəsizlik və hərbi məsələlər həmişə prioritet olub. Odur ki, Türkiyənin yüksək səviyyəli diplomatı ilə İran hakimiyyəti arasında aparılan danışıqlarda şübhəsiz ki, Qafqaz regionunda baş verənlər və mübahisəli Zəngəzur dəhlizi məsələsi kimi mövzular yer alıb”.

Bu fikirlər İranın Türkiyədəki keçmiş səfiri Firuz Dolatabadiyə məxsusdur. O, “İran” qəzetinə yazdığı məqalədə Türkiyə-İran münasibətləri, oxşar və toqquşan maraqlardan bəhs edib. Keçmiş səfir həmçinin Azərbaycanla İran arasındakı münasibətlərə, xüsusən də Zəngəzur dəhlizi mövzusuna da toxunub: “İran artıq Zəngəzur dəhlizinin yaradılmasına kəskin etirazını bildirib. Çünki bu, İran və Ermənistan arasında quru əlaqəsini pozur, regionun geosiyasi mənzərəsini dəyişdirir. Türkiyə də bundan əvvəl İranın öz ərazisi vasitəsilə Avropaya təbii qaz ixrac etmək planını rədd edərək, əmtəəni almağı və sonra nəql etməyi təklif etmişdi. İran hakimiyyətinin Türkiyənin xarici işlər nazirinə xatırlatması ondan ibarətdir ki, regionun geosiyasətinin dəyişdirilməsi və Ermənistanın nəzarəti və mülkiyyəti altında olmayan Zəngəzur dəhlizinin yaradılması İran üçün müzakirə mövzusu deyil”.

“İran Daily” qəzeti də Zəngəzur dəhlizi, mövcud koridorların İrana hansı zərərlər vurduğu barədə geniş yazı ilə çıxış edib.

“Koridorlaşma yolunda” adlanan məqalədə vurğulanır ki, dəhlizlərə əvvəlcə geosiyasi və siyasi, daha sonra isə iqtisadi nöqteyi-nəzərdən baxmaq lazımdır: “Çünki dəhlizin açılması iqtisadi nəticələrdən daha çox geosiyasi və strateji nəticələr gətirir”.

Nəşr yazır ki, dəhlizlərin real funksiyasına uyğun olduğu deyildikdə, bu o deməkdir ki, dəhlizlərin iqtisadi səmərəsini və forex gəlirlərini çox da böyütmək olmaz. Ona görə ki, dəhlizlərə bu cür münasibət əhatəli və düzgün deyil. “Minlərlə illik tarixə və mədəniyyətə əsaslanan unikal coğrafiyası, zəngin resursları və siyasi gücünə görə İran qlobal proseslərdə diqqətdən kənarda qala bilməz. Bununla belə, İranın rolu son bir neçə ildə zəifləyib və onu bərpa etmək lazımdır”. “İran Daily” hesab edir ki, dəhlizlər İranın qlobal təchizat zəncirindəki rolunu yenidən formalaşdıra bilər: “Eyni məsələ müsbət nəticəyə gətirib çıxara, yəni sanksiyalara qarşı çəkindirmə yarada bilər. Məsələn, Çin və Avropa arasında dəmir yolu ilə daşınan malların həcmi ildə 100 milyon ton təşkil edir. Əgər tranzit İrandan keçərsə, İranı iqtisadi müharibəyə və sanksiyalar oyununa cəlb etmək əvvəlki kimi asan olmayacaq. Çünki dünya güclərinin İrandan asılılığı onlara iqtisadi müharibədə o qədər də böyük təsir rıçaqları verməyəcək”.

Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da  artıracaq

Hikmət Babaoğlu

Deputat Hikmət Babaoğlu hesab edir ki, bu məqalə xüsusi sifarişlə də yazıla bilər: ““İran Daily” qəzetində İranın Türkiyədəki keçmiş səfiri Firuz Dolatabadinin yazdığı məqalədə səsləndirilən fikirlər İran rəsmilərinin davranışları ilə tam üst-üstə düşdüyü üçün məqalədə yazılanları ciddi qəbul etmək olar. Hətta bir addım daha qabağa gedərək bu məqalənin İran rəsmilərinin verdiyi materiallar əsasında xüsusi sifarişlə yazılması da mümkün ola bilər. Çünki qardaş ölkə Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdən dərhal sonra İranın xarici işlər naziri bildirdi ki, İran regionda geosiyasi vəziyyətin dəyişməsinə və kommunikasiyaların blokada edilməsinə qarşıdır. Bu açıqlamada nəzərdə tutulan regionda geosiyasi vəziyyətin dəyişməsinə qarşı olmaq Zəngəzur dəhlizinin açılmasına qarşı olmaq kimi başa düşülməlidir. Çünki İran hesab edir ki, Zəngəzur dəhlizinin açılması İranın Ermənistanla quru sərhədinin kəsilməsi deməkdir və belə olarsa, İran Azərbaycanın arxasından Ermənistanı silahlandıra, Hindistandan, Fransa şirkətlərindən Ermənistana göndərilən hərbi ləvazimatları ötürə, Azərbaycana qarşı savaşmaq üçün Livandan, Suriyadan daşnakları və Yaxın Şərqdə yaratdığl radikal terrorçuları Ermənistana göndərə bilməz və s. Kommunikasiyaların blokadasına qarşı olduğunu bildirərkən isə İranın xarici işlər naziri üstüörtülü şəkildə Azərbaycana mesaj göndərir ki, guya Azərbaycan Laçın yolunu blokada edib və İran da buna qarşıdır. Elə “İran Daily” qəzetində də iranlı nazirin bu fikirləri keçmiş səfir tərəfindən qələmə alınıb və daha geniş şəkildə şərh edilib. Məsələ bundan ibarətdir".

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI, en son xeberler 2023, xeberler bu gun 2023

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İranın bu siyasətinin ən çox özünə ziyan vurduğunu qeyd etdi: “İran II Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra ölkəmizə qarşı təxribatçı siyasətini gücləndirdi. Zəngəzur dəhlizi məsələsi gündəmə gələndə bunun əleyhinə çıxdı. Hətta Ermənistanın baş naziri Nikol Paşinyana təzyiq edirdi ki, o, Zəngəzur dəhlizinin açılmasına razılıq verməsin, buna mane olsun, İran bu məsələdə onu dəstəkləyəcək. Cənub qonşumuz bununla göstərmək istəyirdi ki, guya Zəngəzur dəhlizi onun Ermənistanla olan birgə layihələrinə mane olur. Halbuki birgə layihələri də yoxdur. Zəngəzur dəhlizindən istifadə birgə layihələrə mane olan bir məsələ deyil. Əksinə, bu dəhliz açılarsa, bütün region dövlətləri də bundan yararlana bilər. İran əslində Azərbaycanın güclənməsini, Türk dünyasının bütövləşməsini istəmir. Buna mane olmağa çalışır. Çinlə də əməkdaşlıq edir. Çünki Qərbin sanksiyaları çox sərtdir, iqtisadi və sosial vəziyyəti ağırdır. Çinlə böyük anlaşmaları var. Pekin guya İrana yüz milyardlarla yatırım qoymalıdır. Amma bunun özü İranda ciddi suallar yaradıb ki, ölkə Çindən asılı vəziyyətə düşə bilər. Cənub qonşumuzun istəyi odur ki, Çin öz mallarını məhz İran üzərindən Avropaya daşısın. Çin isə bu riski göz önünə almaz. Çünki İranın sanksiyalarla üz-üzə qaldığını yaxşı görür. Üstəgəl, Avropanın axı özü də İran üzərindən malların daşınmasına razılaşmaz. Buna baxmayaraq, İran yenə də təzyiq siyasətini davam etdirməyə üstünlük verir. Düzdür, son zamanlar Zəngəzur dəhlizi ilə bağlı açıqlamaların sayı sanki azalıb. Amma Azərbaycana qarşı təxribatçı siyasətlərindən hələ də vaz keçmirlər. Digər tərəfdən, İranın bu siyasəti Şimal-Cənub nəqliyyat dəhlizinin də böyük həcmdə işləməsinə mane olur. Çünki bu layihədə üç dövlər var: Rusiya, Azərbaycan və İran. Bu layihədə əslində İran maraqlı olmalıdır. Amma görünür, Azərbaycana qarşı bu təxribatçı siyasətini davam etdirdikcə, bu layihənin böyük miqyasda işləməsi də sual altındadır”.  

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov 

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov qardaş ölkənin buradakı əsas hədəflərindən söz açdı: “Türkiyə əslində İranın normal bir şəkildə prosesə qoşulmasını istəyir. Niyə? Çünki Türkiyə bilir ki, onun dünya gücü kimi qalmasında yol Rusiya və İranla birgə Qərb və regional assimetrik və simmetrik tərəfdaşlarının bölgədə rolunu azaltmaqdan və yox etməkdən keçir. Amma problemlər var. İran Azərbaycanın güclənməsindən ehtiyatlanır, ermənilərlə tərəfdaş, hətta ittifaqdadır. Amma ermənilər də yeni hakimiyyəti ilə Qərbə meyl edir. Bunu İranda düşünməmiş deyillər. İndi Zəngəzur dəhlizi dəmir yolu ilə İrana qoşulsa, İran Ermənistandan vaz keçə bilər. Türkiyə davam edərsə, buna nail də ola bilər. Allah bilir doğrusunu. Ona görə Türkiyə XİN-ə Hakan Fidan kimi kəşfiyyat sənətkarı gətirilib. Türkiyənin əsas hədəfi bu mərhələdə Turandır. Ərəblərlə iş alınmadı. Niyə? Çünki liderləri çox zaman amerikan, ingilis, rus və irançıdır. Məhəllə müqaviməti isə islamçıdır. Türkiyə isə hər nə qədər keçmiş siyasi islamçıların idarəsində olsa da, milli sekulyar bir dövlətdir. Eyni zamanda son zamanlar millətçi, dövlətçi ulusal qanad güclənib. Ona görə də Zəngəzur dəhlizi məsələsi Türkiyə-İran danışıqlarına çox bağlıdır”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR