İranın ali rəhbəri Müctəba Xamenei ABŞ-nin hücum təhdidlərinə cavab olaraq Tehranın münaqişə zonasını genişləndirməyə hazır olduğunu bəyan edib. Bu barədə məlumat İran ali rəhbərinin rəsmi "Telegram" kanalında dərc olunub.
“Düşmənin zəif və lazımi təcrübəyə malik olmadığı cəbhələrin açılması istiqamətində işlər görülüb. Hərbi vəziyyət davam edərsə, maraqlarımıza əsasən bu əlavə cəbhələr açılacaq”, - deyə bəyanatda bildirilir.
İranın xəbərdarlığı reallığa əsaslanır, yoxsa sadəcə söz müharibəsidir? İran ABŞ-nin hansı zəif və lazımi təcrübəsinin olmadığı cəbhələri aça bilər?

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, Müctəba Xamenei tərəfindən səsləndirilən bu mesaj ilk növbədə psixoloji-strateji siqnaldır, amma tamamilə boş təhdid də sayılmaz: “İran uzun illərdir ABŞ və İsraillə birbaşa klassik müharibədən daha çox “asimmetrik qarşıdurma” modeli üzərində işləyib. Yəni Tehran bilir ki, ABŞ ilə açıq hərbi qarşıdurmada texnoloji və hava üstünlüyü baxımından geri qalır. Buna görə də İranın əsas strategiyası müharibəni geniş coğrafiyaya yaymaq, rəqibi eyni anda bir neçə böhran nöqtəsində yükləməkdir.
Müctəba Xameneinin “ABŞ-nin təcrübəsiz olduğu və zəifliyinin olduğu cəbhələr” ifadəsi bir neçə istiqamətə işarə edə bilər. Yaxın Şərqdə qeyri-dövlət aktorları və proksi-qüvvələr vasitəsilə aparılan müharibələr, enerji və dəniz ticarət marşrutlarının təhdid edilməsi, kiberhücumlar və daxili sabitliyi pozmağa yönəlmiş hibrid əməliyyatlar, ABŞ-nin uzunmüddətli işğal və qeyri-müəyyən münaqişələrdə yorulması faktoruna işarə edildiyi istisna deyil. İranın əsas üstünlüyü məhz burada yaranır.
Tehran İraq, Suriya, Livan və Yəməndə illərlə şəbəkə tipli təsir sistemi qurub. ABŞ isə Əfqanıstan və İraq təcrübəsindən sonra regionda yeni uzunmüddətli bataqlığa düşmək istəmir. İran rəhbərliyi də bunu yaxşı bilir. İranın aça biləcəyi mümkün əlavə cəbhələr ola bilər. Məsələn, İranın əsas regional müttəfiqlərindən olan “Hizbullah” vasitəsilə İsrailə qarşı cəbhənin genişlənməsi ehtimalı daim gündəmdədir. Bu halda ABŞ avtomatik şəkildə prosesə daha dərindən cəlb oluna bilər. Yəmən və Qırmızı dəniz istiqamətində də cəbhə açıla bilər. Bununla da “Ənsarullah” vasitəsilə beynəlxalq dəniz ticarətinə təzyiqin artması mümkündür”.
Politoloq hesab edir ki, Ali dini liderin bu bəyanatı həm də daxili auditoriyaya hesablanıb: “ İran rəhbərliyi göstərmək istəyir ki, ABŞ təzyiqləri qarşısında geri çəkilmir və regionda cavab imkanlarına malikdir. Xüsusilə İran daxilində təhlükəsizlik və müqavimət ideologiyasının qorunması üçün belə sərt ritorika vacib sayılır. Bununla belə, risk realdır. Əgər ABŞ və ya İsrail İran ərazisinə genişmiqyaslı zərbə endirsə, Tehran böyük ehtimalla münaqişəni regional səviyyəyə yaymağa çalışacaq. İranın “əlavə cəbhələr” mesajı məhz belə ssenari üçün çəkindirici xəbərdarlıq xarakteri daşıyır”.
Etibar Seyidağa,
Musavat.com






