İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan ABŞ və İsrailə sərt mesaj: “Ən həssas məqamımızda bizi sınağa çəkməyin”

678 02.07.2026 18:31 Dünya A A

İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə iyulun 4 və 5-də Tehrandakı Mosalla kompleksində keçiriləcək vida və dəfn mərasimləri öncəsi cənub qonşumuzun rəhbərliyindən diqqətçəkən mesajlar gəlməkdədir. Rəsmi Tehran bir tərəfdən ölkə daxilində keçiriləcək mərasimlərə hazırlaşdığını nümayiş etdirir, digər tərəfdən isə regiondakı gərginliyin yenidən alovlana biləcəyi ilə bağlı sərt xəbərdarlıqlar edir. Xüsusilə ABŞ və İsrailə ünvanlanan açıq mesajlar İranın təhlükəsizlik gündəliyinin yenidən ön plana çıxdığını göstərir.
Son olaraq, İran ordusunun “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı Əli Abdollahinin “istənilən təhdidə sərt cavab veriləcək” bəyanatı bölgədə onsuzda həssas olan vəziyyətə yeni siyasi çalarlar əlavə edib. O, ABŞ və İsraili yanlış hesablamalardan çəkinməyə çağıraraq, İran ərazisinə yönələcək istənilən təhdid və ya təcavüzə görə ordunun sərt cavab verəcəyini vurğulayıb.
Bu açıqlama sadəcə növbəti xəbərdarlıqdır, yoxsa Tehran mümkün hərbi ssenarilərə hazırlaşdığı barədə mesaj verir? Dəfn mərasimləri fonunda verilən bu sərt bəyanatlar Vaşinqton və Təl-Əviv tərəfindən necə qarşılanacaq? Regionda yeni eskalasiya riski artırmı?

Xanım deputatdan həmkarına dəstək: "əgər ailədə qadın işləmirsə..."

Milli Məclisin deputatı Elnarə Akimova Musavat.com-a bildirdi ki, İranın verdiyi bu mesajları təkcə növbəti ənənəvi hərbi ritorika kimi qiymətləndirmək düzgün olmazdı: “Xüsusilə ölkə üçün simvolik əhəmiyyət daşıyan vida və dəfn mərasimləri ərəfəsində səslənən sərt bəyanatlar həm daxili auditoriyaya, həm də xarici rəqiblərə ünvanlanmış çoxqatlı siyasi mesajdır. Tehran göstərməyə çalışır ki, hakimiyyət sistemində zəiflik və ya idarəetmə boşluğu yoxdur, dövlət bütün təhlükəsizlik strukturları ilə ayıq vəziyyətdədir və istənilən təzyiqə cavab verməyə hazırdır.
Əli Abdollahinin açıqlaması da məhz bu kontekstdə oxunmalıdır. Burada məqsəd birbaşa müharibə anonsu verməkdən daha çox qarşı tərəfi çəkindirməkdir. İran yaxşı anlayır ki, belə həssas mərhələdə baş verəcək hər hansı hərbi insident həm ölkədaxili sabitliyə, həm də regional nüfuzuna ciddi təsir göstərə bilər. Buna görə də əvvəlcədən "cavabımız sərt olacaq" mesajı verərək mümkün risklərin qarşısını almağa çalışır.
Vaşinqton və Təl-Əviv isə bu cür bəyanatlara emosional deyil, daha çox hərbi və kəşfiyyat prizmasından yanaşacaqlar. Onlar İranın ritorikasını diqqətlə izləsələr də, əsas məsələ sözlərdən çox real hərbi hazırlığın səviyyəsidir. Əgər İranın raket qüvvələrinin, hava hücumundan müdafiə sistemlərinin və proksi qüvvələrinin aktivliyində artım müşahidə olunarsa, o zaman bu bəyanatlar adi siyasi mesajdan daha ciddi siqnal kimi qiymətləndiriləcək”.
Parlament təmsilçisi hesab edir ki, hazırkı mərhələdə ən böyük təhlükə tərəflərin yanlış hesablamalar aparmasıdır: “Belə gərgin atmosferdə kiçik bir insident belə zəncirvari reaksiyaya səbəb ola bilər. Buna görə də regionda eskalasiya riski tam aradan qalxmış hesab edilə bilməz. Lakin bu gün üçün nə İranın, nə də ABŞ və İsrailin genişmiqyaslı müharibəyə başlamaqda maraqlı olduğu görünür. Daha çox qarşılıqlı çəkindirmə, psixoloji təzyiq və güc nümayişi siyasəti davam edir. Məhz buna görə də dəfn mərasimləri fonunda səslənən sərt bəyanatları müharibənin qaçılmaz olduğunun deyil, İranın “ən həssas məqamımızda bizi sınağa çəkməyin” xəbərdarlığı kimi qiymətləndirmək daha doğru olardı. Region isə əvvəlki kimi barıt qoxusu içində qalır və burada bəzən bir yanlış qərar uzun müddət qurulan tarazlığı bir anda dağıtmağa kifayət edir”.
Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR