İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandakı etirazlara Bakı nə deyir - kimin yanındayıq...

1160 27.09.2022 09:10 Gündəm A A

İranda baş verən etirazlar bu ölkədə iqtidarın çökməsinə səbəb olacaqmı? Belə bir gedişat olarsa, qonşu ölkədə çıxan iğtişaşlara görə oranın əhalisi Azərbaycana axışarmı? Bu etirazlar İranın bölünməsinə gətirib çıxarsa, bu qədər qlobal prosesə Azərbaycan-Türkiyə ittifaqı hazırdırmı?

Rusiyada da ciddi və narahatedici proseslər gedir -  müharibədə iştirak etmək istəməyən gənc kişi əhali Rusiya Federasiyasını kütləvi şəkildə tərk edir. Ruslar və orada yaşayan azərbaycanlıların da bir çoxu Azərbaycana can atırlar... Azərbaycan dövləti iki ildən çoxdur ki, özünün quru sərhədlərini israrla açmadı - Rusiyada və İranda olacaq prosesləri öncədən proqnozlaşdırmanın nəticəsi idi, yoxsa olası hərbi əməliyyatlar zamanı hər iki qonşumuzun ölkə daxilinə agent-provokatorlar dəstəsi yollamağının qarşısını almaq üçün atılan pereventiv addımlar idi?

İstənilən halda, rəsmi Bakının İranda baş verən hadisələrə, Rusiyadan başlanan köç prosesinə münasibəti necə olmalıdır?

“Yeni Müsavat” qəzetinin yazarı, analitik Elçin Xalidbəyli mövzu ilə bağlı bunları şərh etdi: “İranda baş verən hadisələrin bu ölkə üçün hansı nəticələri verəcəyi hələlik tam aydın deyil. Çünki İranda hakimiyyətə qarşı kütləvi iğtişaşlar hələ yeni başlayıb. Halbuki İran hakimiyyəti üçün zaman böyük sürətlə ötür. Belə davam edəcəyi təqdirdə, rəsmi Tehran İranda cərəyan edən proseslərə nəzarəti tamamilə itirə bilər.

Putin Ukrayna savaşında hədəfini reallaşdıra bilmədi" - Politoloqdan ŞƏRH

Elçin Xalidbəyli: “Rəsmi Bakı həm İranda, həm də Rusiyada baş verən hadisələrə təmkinli yanaşmalıdır”

İrandakı iğtişaşlar nəticəsində bu ölkənin əhalisinin kütləvi şəkildə Azərbaycana axışa biləcəyi indiki situasiyada o qədər də inandırıcı görünmür. Ancaq əgər İranda baş verən iğtişaşlar daha da böyüyərək, vətəndaş müharibəsi mərhələsinə keçərsə, bu halda digər qonşu dövlətlərlə yanaşı, Azərbaycana da bu ölkədən qaçqın axını ola bilər.

Ümumiyyətlə, Azərbaycan dövləti həm İranda, həm də Rusiyada hadisələrin ən pis inkişaf variantlarına mütləq indidən hazır olmalıdır. Çünki bu iki dövlət kəskin sosial-siyasi toqquşmalara, ölkədaxili iğtişaş və xaosa, hətta parçalanma təhlükəsinə məruz qala biləcək situasiyaya doğru istiqamət almış kimi görünür.

Onu da nəzərə almaq lazımdır ki, İranın və ya Rusiyanın parçalanması, sadəcə, bir ölkənin coğrafi ərazisində bir neçə dövlətin yaranması ilə məhdudlaşacaq proses deyil. Bu, baş verərsə, həm bölgədə, həm də qlobal səviyyədə yeni münasibətlər sisteminin ortaya çıxması qaçılmaz ola bilər. Nəticədə regional və qlobal faktorlar istər-istəməz yeni geopolitik çağırışlara yol açacaq. Və bu geopolitik çağırışlar, dünyanın yenidən bölüşdürülməsi prosesinin fonunda həm müsbət, həm də mənfi, hətta təhlükəli məzmun daşıya bilər.

Ona görə də rəsmi Bakı həm İranda, həm də Rusiyada baş verən hadisələrə təmkinli yanaşmağa üstünlük verməlidir. Azərbaycanın sadə vətəndaşları İranda və Rusiyada baş verən hadisələrə verəcəyi reaksiyada daha sərbəstdir. Ancaq Azərbaycan dövləti, etirazçılara qarşı kütləvi qətliamlar törədilməyəcəyi təqdirdə, İran və Rusiyada baş verənləri bu ölkələrin daxili işi kimi dəyərləndirməklə kifayətlənməlidir".

Analitik onu da əlavə edib ki, rəsmi Bakının Azərbaycan sərhədlərini qapalı saxlaması hazırda ölkəmizin üzləşə biləcəyi bəzi problemlərin əvvəlcədən bloklanmasını təmin edir: “Hər halda, Rusiya ilə həmsərhəd olan digər ölkələrin, xüsusilə də, Gürcüstan və Qazaxıstanın qarşılaşdığı qaçqın axını ilə Azərbaycan hələlik üzləşmir.

Eyni zamanda sərhədlər açıq olsaydı, Rusiya və İran xüsusi xidmət servisləri ilə yanaşı, Ermənistan da bundan Azərbaycana gələn rusların arasına qatıb, erməni terror-diversiya qruplarının göndərilməsi üçün istifadə edə bilərdi. Bu baxımdan, rəsmi Bakının sərhədləri bağlı saxlaması Azərbaycanı həm rusların humanitar böhran yarada biləcək axınından, həm də müxtəlif təxribatçıların gəlişindən qoruyur".

Elşad Paşasoy deputatlığa namizədliyini irəli sürəcək

 Elşad Paşasoy

“Yeni Müsavat” qəzetinin yazarı, siyasi şərhçi Elşad Paşasoyun da mövzu ilə bağlı  fikirləri diqqət çəkir: “İranda etiraz aksiyaları ölkənin əksər bölgələrinə yayılmaqdadır. Gənc qızın hicaba görə əxlaq polisi tərəfindən öldürülməsindən sonra baş verən qanlı hadisələr ölkədə idarəolunmaz vəziyyət yaradıb. Artıq belə görünür ki, rejim hadisələrin istiqamətini dəyişməyə cəhd göstərir. Bir neçə gün öncə İranın absurd bir iddia irəli sürməsi bizi də Azərbaycan vətəndaşı olaraq ciddi şəkildə narahat edir. Xudafərin bölgəsində saxlanılan iki nəfərdən silah-sursat əldə olunduğu barədə iddialar irəli sürüldü, ardından rəsmi məlumat yayıldı. Bu da onu göstərir ki, müxtəlif güc strukturları etirazların silahla yatırılmasına bəraət qazandırmaq niyyətindədir.  Rəsmi açıqlamaya görə, bu günə qədər etirazlar zamanı 55 insan qətlə yetirilib. Qətlə yetirilənlərin demək olar ki, hamısı gənclərdən ibarətdir.  Dinc insanlara qarşı törədilənlərlə bağlı artıq beynəlxalq aləmdən də reaksiyalar gəlməkdədir. Amma bu reaksiyaların nə dərəcədə təsirli olacağını demək çətindir. Çünki İran hakimiyyəti artıq bu məsələlərə "ölüm ya qalım" prizmasından yanaşır. İnsanlar çox qəzəblidir. İran rejimi elə vəziyyətlə üz-üzə qalıb ki, nəinki geyim qaydaları pozulur, artıq gənc xanımlar nümayişkaranə şəkildə saçlarını kəsib atırlar, çadranı açırlar, polis, güc strukturlarının üzərinə yalın əllə də olsa hücuma keçirlər. Təəssüflər olsun ki, bu hadisələr zamanı soydaşlarımız, azərbaycanlılar da itkilər verməkdədir. Azərbaycan ictimaiyyəti bu məsələləri, sadəcə, müşahidə edib keçə bilməz. Söhbət bizim soydaşlarımızdan gedir. Azərbaycan Respublikası dünyada yaşayan azərbaycanlıların bir nicat, ümid yeridir".

Siyasi şərhçi qeyd edib ki, İran hakimiyyəti son günlərə qədər Tehranda və digər bölgələrdə baş verən hadisələrə qədər Azərbaycanın sərhədlərinə Arazboyu istiqamətində 45 minə yaxın ordu cəmləmişdi: “İran rəsmiləri Ermənistanın sərhədlərini qırmızı xətt elan edib. Azərbaycanın daxili işlərinə müxtəlif formada qarışıb, buna dəfələrlə cəhdlər edib. İşğal dövründə Şuşa şəhərində "Yuxarı Gövhər Ağa" məscidinin farslaşdırılması məqsədilə ermənilərlə işbirliyinə giriblər. Orada təmir adı ilə tarixi abidəmizə ciddi xələl gətiriblər. Bu kimi faktlar var. Amma Azərbaycan dövləti hər zaman təmkinli davranıb. Məncə, Azərbaycan qardaş Türkiyə ilə bu məsələlərlə bağlı müxtəlif səviyyədə müzakirələr aparmalı olacaq. Çünki Azərbaycan və Türkiyənin sərhədində baş verir bütün hadisələr, artıq silahlar da işə salınıb. Bu hadisələrin genişlənməsi sərhədlərimizə, Azərbaycan və Türkiyəyə doğru qaçqın axının olacağını proqnozlaşdırmağa rəvac verir".

E.Paşasoy əlavə edib ki, İranın illər boyunca öz sərhədlərinə nəzarət etməməsi Azərbaycanda da narazılığa səbəb olub: “İrandan Azərbaycana silahlı şəxslərin, narkotacirlərin rahat şəkildə keçməsi, sərhədimizdə Sərhəd Xidməti əməkdaşları ilə qanlı toqquşmaların baş verməsi göstərir ki, İran hətta dinc şəraitdə öz sərhədlərinə nəzarət edə bilməyib. Deməli, indiki halda Azərbaycanla, Türkiyə ilə sərhədlərini mühafizə edə bilməyəcək. Bu da müxtəlif şəkildə sərhədlərimizin pozulması ilə nəticələnə bilər. Bu mənada sərhədlərimizə nəzarətin artırılmasına daha ciddi şəkildə ehtiyac var”.

E.Paşasoy deyib ki, İranın parçalanması indiki halda real görünmür: “Azərbaycan türkləri indiki məqamda qazanc əldə edə bilərlər. Özlərinin konstitusion haqlarına,  ana dilində təhsil almaq hüququna nail ola bilsələr, ciddi bir nəticə ola bilər. O ki qaldı Rusiya ilə bağlı məsələyə, Rusiya Ukraynada dərin bataqlığa girib. İndiki halda ölkə ərazisində yaşayan əhalini ölümə göndərməklə əslində hakimiyyətin mövcudluğunu qorumaq istəyi var. Burada yaşayan əhali ayılıb, eyni zamanda bir milyondan çox azərbaycanlıdan da söhbət gedir. Artıq yüz minlərlə insan müharibədə iştirakdan imtina edir, bu da Azərbaycan üçün əlavə problem vəd edir. Çünki azərbaycanlıların kütləvi şəkildə axını baş versə, bu, ölkədə idarəolunmaz bir vəziyyət yaradar, ölkəni iflic edər. Bu mənada hansısa bir ortaq yol tapılmalıdır. Rusiyanın başladığı müharibə həm də işğalçı bir missiyadır. Buradan uduşla çıxmaq çox çətin olacaq. Vətəndaş olaraq çox çətin seçim qarşısında qalıblar. Amma bu gün Rusiyanın Azərbaycana səfər edən Dövlət Dumasının sədrinin səfərində də bu durumun müzakirə ediləcəyi ehtimal olunur. Hər iki tərəfdə anlaşma olacaq. Çünki Rusiya ilə Azərbaycan arasında bir müttəfiqlik anlaşması da var. Hesab edirəm ki, rəsmilər arasında bu görüş Rusiyada yaşayan azərbaycanlıların taleyi məsələsindən də bəhs olunacaq. Çünki hazırda Rusiya vətəndaşları etiraz edir, amma azərbaycanlılar bu etirazlara qoşulmayıblar. Kütləvi toqquşmalara səbəb olmadan dinc yolla həll yolu tapılmalıdır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR