İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandakı etiraz hərəkatında maraqlı gəlişmə - azərbaycanlı Musəvinin çağırışı...

1739 04.10.2022 10:10 Gündəm A A

İranın ali dini lideri Əli Xameneyinin qohumunun hərəkətə keçməsi proseslərə necə təsir edəcək?; şərhçilər fərqli düşünür

 İranda hakim rejim əleyhinə xalq etirazları davam edir. sentyabrın 16-da “Əxlaq” polisi tərəfindən 22 yaşlı Məhsa Əmininin öldürülməsi ilə başlayan etirazlar davam etdikcə, öldürülən nümayişçilərin sayı da artır. İran İnsan Haqları Təşkilatı öz hesabatında etirazlarda azı 141 nəfərin öldüyünü bildirib. İnsan Haqları Təşkilatı onların 52 nəfərinin sentyabrın 30-da Zahidan şəhərində törədilən qətliamda öldüyünü yazıb.

“İranda nümayişçilərin öldürülməsi, xüsusilə də Zahedanda baş verən kütləvi qırğın insanlığa qarşı cinayətin bariz nümunəsidir” - təşkilatın direktoru Məhmud Əmiri Muqəddəm belə deyib. Gunaz.tv bildirir ki, bəluç fəalların yaydığı məlumatlarda Sistan-Bəluçistan əyalətində hökumət qüvvələrinin öldürdüyü etirazçı sayının elan olunan rəsmi rəqəmlərdən bir neçə qat çox olduğu qeyd olunub. Azərbaycan şəhərlərində, o cümlədən Təbriz və Ərdəbildə milli fəallar həbs edilib. Onların bir neçəsi ötən həftə saxlanılsalar da həbsləri barədə məlumat oktyabrın 2-də təsdiqlənib. Ərdəbil şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan daha bir neçə nəfərin kimliyi məlum olub. Halə İrşadi, İbrahim Pakdel, Rza Qurbani, Babək Həmrəng, Əmir Qazizadə və Səccad Məcidinin etiraz aksiyaları ilə bağlı həbs edildikləri təsdiq olunub.

Bundan öncə yalnız Təbriz şəhərində kimliyi dəqiqləşdirilən məhbusların 170 nəfər olduğunu bildirən “Ərk”- Azərbaycan İnsan Haqları Təşkilatı Zəngan, Urmu və Ərdəbil şəhərlərində saxlanılanlarla birgə bu sayın 300-dən çox olduğunu bildirib. “Ərk”- Azərbaycan İnsan Haqları Təşkilatının məlumatında son günlər baş verən etiraz aksiyalarında 6 azərbaycanlının hökumət məmurları tərəfindən öldürüldüyü bildirilir.

Oktyabrın 2-də tələbələrin geniş etiraz aksiyalarından sonra Tehran hökuməti İranın nüfuzlu Şərif Texnologiya Universitetində dərslərin dayandırılması barədə qərar verib. “Azad İran” “Telegram” kanalı xəbər verir ki, növbəti bildirişə qədər tələbələrin universitetə girişinə qadağa qoyulub. Qeyd edək ki, bazar günü İranın onlarla şəhərində keçirilən kütləvi aksiyalarla yanaşı, universitetlərdə də etirazlar baş tutub. Şərif Texnologiya Universitetində təşkil edilən aksiyaya hökumət qüvvələrinin sərt müdaxiləsi olub və tələbələrə qarşı gözyaşardıcı qazdan, rezin dəyənəklərdən istifadə edilib. Universitet mühasirəyə alınıb, İranın elm naziri Məhəmmədəli Zülfi Gül hadisə yerinə gəlib və aranı sakitləşdirməyə çalışsa da, nəticə əldə olunmayıb. Çox sayda tələbənin yaralandığı və həbs edildiyi bildirilir. Təbriz Universitetində də 24 sentyabrdan etibarən dərslərin dayandırıldığı barədə xəbər yayılıb.

Etirazçıların qətlə yetirilməsi ictimai qəzəbi birə-iki artırır. Kürdüstan əyalətinin Mərivan şəhər polis bölməsinin komandiri polkovnik-leytenant Davud Abdullahi isə etirazçılar tərəfindən öldürülüb.

Hələ ki hərəkatda milli çalar özünü göstərmir. Çünki İrandakı bütün xalqların nümayəndələri eyni şüarlarla etiraza qalxıblar. Lakin maraqlıdır, bu, həmişəmi belə olacaq? İndiki situasiyada qəti fikir söyləmək çətindir. Bizi ən çox maraqlandıran soydaşlarımızın taleyidir, amma azərbaycanlıların etirazları da pərakəndə xarakterlidir və ortada lider yoxdur.

Bu arada İranın keçmiş baş naziri (1981-89-cu illərdə), 2009-cu ildə prezidentliyə namizəd olan və qalib gəldiyini elan edərək etiraz aksiyaları keçirdikdən sonra ev dustağı edilən Mirhüseyn Musəvi ölkəsində baş verən iğtişaşlarla əlaqədar bəyanat yayıb. Musəvinin şəxsi Teleqram kanalı xəbər verir ki, sabiq baş nazir İranın əxlaq polislərinin zorakılığı nəticəsində vəfat etmiş Məhsa Əminini “İranın, Kürdüstanın, bəşəriyyətin qızı” adlandırıb, onun ölümünün ürəkağrıdıcı olduğunu qeyd edib. Musəvi bildirib ki, məzlumun qanı zalımların zorakılığından daha güclü və qalibdir. O, hökumət qüvvələrinə müraciətlə yazıb ki, onlar bu həssas və acınacaqlı vəziyyətdə torpaqları, İranı, insanların canını, malını və hüquqlarını qorumalıdırlar: “Bu gün millətimizin qadın və kişiləri tələblərlə ayağa qalxdığı bir vaxtda heç kimin öz millətinin üzvlərinin qarşısında dayanıb millətlə bağladığı əhd-peymanı unutmağa haqqı yoxdur”. Musəvi silahlı qüvvələrə müraciətlə bildirib ki, onlara tapşırılan vəzifə xalqı müdafiə etməkdir, xalqa təzyiq göstərmək deyil; məzlumları qorumaqdır, güclü və qüdrətlilərə xidmət etmək deyil; laqeyd məmurların hakimiyyətinin möhkəmlətmək deyil, milyonların və xüsusən də məzlumların sülh içində yaşamaları üçündür. Sabiq baş nazir hərbçilərin haqqın, millətin tərəfində durmağı bacaracağına ümid etdiyini bildirib. Qeyd edək ki, Yaşıllar hərəkatından, prezidentliyə namizəd olaraq meydana çıxmasından yaxşı tanıdığımız Mirhüseyn Musəvi əslən Təbrizin məşhur Xamnə kəndindəndir, İranın ali dini lideri Əli Xameneyinin xalası oğludur. Yəni azərbaycanlıdır. Bu, daxildəki siyasi müxalifət liderlərindən kütləvi etirazlarla bağlı ilk reaksiyadır. Həm də Musəvi sıradan biri deyil, sərt rejimə müxalif olanlardandır. Əks halda, Xameneyinin qohumu olsa da, haqqında həbs qərarı çıxarılmazdı. Bu xüsusda Musəvinin çağırışı hansı effekti verə bilər?

Sahib Alıyev: Azərbaycan koronavirusa qarşı regional və qlobal müstəvidə  fəal mübarizə aparır - AZƏRTAC

Sahib Alıyev: “Bizim İrandakı soydaşlarımız onu yaxşı tanıyırlar”

Deputat Sahib Alıyev “Yeni Müsavat”a mövzumuzla bağlı fikirlərini bölüşdü: “Mirhüseyn Musəvi İranın bu günü və gələcəyi ilə bağlı onunla eyni kənddən olan, doğmaca xalası oğlu Seyid Əli Xameneyinin fikirlərini bölüşməyə bilər və bölüşmür də. Daha dəqiqi, onun yeritdiyi iç siyasətə qarşıdır. Amma digər məsələlərdə onlar nə dərəcədə bioloji qohumdurlarsa, ondan da artıq mənəvi qohumdurlar. Əgər belə olmasa idi, Musəvi İran hərbçilərinə çağırışında deməli idi ki, siz rəhbərliyinizin torpaqları işğal altında olan, məscidləri darmadağın edilib, xarabalıqlarında donuz saxlanılan Azərbaycanı hədəfə alan bəyanatlarına etiraz etməlisiniz. Siz deməlisiniz ki, nədən biz bir tərəfdən Azərbaycandakıları din qardaşlarımız adlandırır, yerli-yersiz dini təəssübkeşlikdən dəm vurur, digər tərfdən isə torpaqları işğal edilən, məscidləri dağılan bu ölkəni deyil də, bütün bu vəhşilikləri törədən işğalçı Ermənistanı dəstəkləyirsiniz. Musavi İranın dini liderinə deməlidir ki, Ermənistanla min illik sərhəddən danışırsınız. Min il öncə bu regionda Ermənistan vardı? Nədən "şiə ölkəsi" deyə təqdim etdiyiniz Azərbaycanın sərhədlərinin pozulması sizin üçün “qırmızı xətt” sayılmır, amma həmən “şiə ölkəsi”nin məscidlərinin altını üstünə çevirən Ermənistanınkı sayılır? Bir dəfə də olsun Musəvidən bu yöndə hər hansı bir bəyanat eşitmisinizmi? Əlbəttə, yox və eşitməyəcəksiniz də". S.Alıyev bildirdi ki, bizim İrandakı soydaşlarımız da onu yaxşı tanıyırlar: “Xatırlayırsınızsa, prezident seçkilərində o, baxmayaraq bütün cəmiyyətin, ilk növbədə də azərbaycanlıların böyük ehtiyac duyduqları islahatçı şüarlarla çıxış edirdi, onu elə də çox dəstəkləmədilər. Ona görə də, açığı, Musəvinin ölkəsindəki iğtişaşlarla bağlı çağırışı mənim üçün maraqlı deyil və onun molla rejiminin digər təmsilçilərindən elə də çox fərqləndiyini düşünmürəm”.

Tural İsmayılov: Ermənistan Rusiya və onun imzasına qarşı da açıq  hörmətsizlik nümayiş etdirir

Tural İsmayılov: “Musəvinin çağırışı aksiyaların fonunu dəyişə bilər”

Politoloq Tural İsmayılov isə fərqli düşünür. Hesab edir ki, İrandakı aksiyalar bu dəfə rejim üçün ciddi təhdid olmağa davam edir: “Artıq rejim aksiyaların qarşısını almaqda bütün üsullardan istifadə etməyə çalışsa da, insanların sərt etirazları hər gün daha da alovlanır və qarşısında duruş gətirmək qeyri-mümkün görünür. İrandakı etirazlarda siyasilər aparıcı qüvvə ola bilmir. Bunların bir çox səbəbləri var. Birincisi, İranda bütün müxalif səslər ya Evin həbsxanasına doldurulub, ya da ölkədən didərgin düşüb. Onların bütün təsir imkanları minimallaşdırılıb. İkincisi, BƏSİC, SEPAH, ETTELAAT kimi qüvvələr müxalif səsləri addım-addım izləyib zərərsizləşdirdiyi üçün həm də siyasi hərəkətlənmələrdə bir qorxu və narahatlıq eyforiyası var. Üçüncüsü, İranda teokratik rejimin əleyhdarı olan insanlar da siyasi müxalifətə inanmır. Çünki İranda heç bir qüvvə sekulyar dövlət modelini müdafiə etmir. Lakin istənilən halda hadisələr rejimin süqutuna doğru getdikcə siyasi simalar yenidən boy göstərməyə başlayacaq”. T.İsmayılov qeyd etdi ki, Musəvi zamanında uğurlu siyasətçi idi: “Təkcə rejimin basqıları deyil, onun özünün də mübarizədə sona qədər sabitqədəm olmamağı ciddi tərəfdar itkisi ilə nəticələndi. Musəviyə inam hazırda yüksək deyil. Bu baxımdan onun müraciətinin mitinqlərə hansısa yeni bir yön verəcəyini əsla zənn etmirəm. Amma bir fakt da var ki, aksiyalar siyasi canlanma yaradır və İrandakı mollakratiyanın hədəflərini sarsıdır. Musəvinin çağırışı aksiyaların fonunu dəyişə bilər. Siyasi tələblər də hüquq tələblərini üstələyə bilər. İrandakı son durumu bu baxımdan gərgin sayıram. İran tarixindəki ən ciddi etirazla üz-üzədir. Artıq ya olum, ya ölüm məsələsi reallaşır. İran xalqı insan haqları ilə bağlı bərbad mənzərənin dəyişməyinə çalışır. Qarşıdakı günlərdə gərginlik pik nöqtəyə çata bilər”.

Bu arada İranın hakimiyyətdən devrilmiş sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi ABŞ və Qərb ölkələrini İranda tətil edən fəhlələrin ailələrini dəstəkləmək məqsədilə fond yaratmağa çağırıb. Rza Pəhləvi ABŞ və digər Qərb ölkələrindən İran xalqını təkcə mənəvi cəhətdən dəstəkləməklə kifayətlənməməyi xahiş edib. Onun sözlərinə görə, Qərb İran fəhlələrinin indiki etiraz aksiyalarını nəzərə alaraq onların ailələrinə yardım üçün tətil fondu yarada bilər. “Report” xəbər verir ki, bu barədə o, Twitter səhifəsində yazıb. Rza Pəhləvi İran hərbi-polis qüvvələrinin Tehranda Şərif adına Texnologiya Universitetinə silahlı hücumu ilə bağlı ABŞ prezidenti Cozef Baydenə müraciət edərək yazıb: “Cənab Bayden, Siz indiyədək bizim insanlara yardım etməmisiniz”. O, İran hakimiyyətinə qarşı sanksiyaların sərtləşdirilməsinə çağıraraq yazıb ki, rəsmi Vaşinqton heç olmazsa insanların üzərinə atılan güllələrin alınmasının maliyyələşdirilməsinə imkan verməsin. Rza Pəhləvi əlavə olaraq bildirib ki, İslam Respublikası Şərif Universiteti tələbələrini güllələdiyi bir vaxtda ABŞ İran hakimiyyətinə milyardlarla dollar göndərməyi planlaşdırır.

Maraqlıdır ki, bu arada İranın “Nournews” mətbu orqanı ABŞ sanksiyalarına görə İranın dünya banklarındakı dondurulan hesablarının açılacağı barədə xəbər yayıb.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR