İnsanlara hürriyət, millətlərə istiqlal!

İrana qarşı koalisiya yaradılır - Bakı və Ankarının mövqeyi...

1276 01.02.2023 09:23 Siyasət A A

Son aylar və səfirlikdəki ötən həftə baş verən terror onu göstərir ki, Azərbaycan mövqeyində dəyişiklik edə bilər

Birləşmiş Ştatlar İrana qarşı genişmiqyaslı koalisiya yaratmağa başlayıb. ABŞ dövlət katibi Blinkenin Yaxın Şərq turnesinin də bu məqsədə xidmət etdiyi iddia olunur. Ərəb ölkələrindən ibarət koalisiyanın da formalaşma mərhələsində olduğu söylənilir.

İsrail İranın ekspansiyasına cavab vermək iqtidarında olan və bu ekspansiyanı bloklayacaq ərəb ölkələrindən ibarət koalisiyanı yaratmağa çoxdan cəhdlər edir. Lakin bu barədə çox danışılsa da, real nəticə olmayıb. Yada salaq ki, ötən ilin sonunda ABŞ-da rəsmi səfərdə olan İsrail Prezidenti İsxak Hersoq Ağ Evdə prezident Co Baydenlə görüşü zamanı bəyan edib ki, “İran bütün azad dünya üçün ən ciddi təhlükədir, qarşısını birlikdə almalıyıq”. İsrail Prezidenti İsxak Hersoqun bu bəyanatının açması bundan ibarətdir ki, İsrail İrana qarşı ABŞ-ın öncüllük edəcəyi koalisiyanın qurulmasını təklif edir. Blinkenin Yaxın Şərqə qəfil səfəri isə artıq İrana qarşı koalisiyanın yaradılmasına start verildiyi ehtimalını artırıb. NATO-nun İrana qarşı koalisiyada yer alması üçün ABŞ-ın bu prosesə qoşulması lazımdır. Digər tərəfdən, bu proses beynəlxalq hüquq çərçivəsində olmalıdır. Bildirilir ki, İranın Rusiyaya PUA-lar verməsi Tehranın BMT Təhlükəsizlik Şurasının sanksiyalarını pozduğunun təsdiqidir. Sanksiyaları pozması isə İrana qarşı hərbi əməliyyatlar üçün hüquqi əsasdır.

Əksər məsələlərdə koordinasiyalı siyasət yürüdən, Şuşa Bəyannaməsinə əsaslanan Bakı və Ankaranın Tehranda baş verənlərlə bağlı ortaq mövqeyinin olduğuna da şübhə yoxdur.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Azərbaycan və Türkiyənin anti-İran qüvvələrinə dəstək verib-verməyəcəyi Tehranın Azərbaycana qarşı hansı kursu seçməsindən asılıdır. Siyasi şərhçi hesab edir ki, koalisiya yaradılarsa, Qərbdəki anti-Azərbaycan və anti-Türkiyə qüvvələri də siyasətlərini dəyişmək məcburiyyətində qalacaqlar. Zülfüqarovun iddiasına görə, İranın Zəngəzurdakı konsulluğu yaxın vaxtlarda bağlanacaq.

Qeyd edək ki, ötən ilin oktyabrında İsrailin müdafiə naziri Benni Qantz və Türkiyə müdafiə naziri Hulusi Akarla eyni vaxtda Yaxın Şərqdə anti-İran koalisiyasının digər mühüm üzvü olan Səudiyyə Ərəbistanının xarici işlər naziri də Bakıya gəlmişdi. Bu ardıcıl səfərlər son vaxtlar Zəngəzur dəhlizinin açılmasının qarşısını almağa çalışan, Azərbaycana qarşı təhdid xarakterli bəyanatlar verən İrana xəbərdarlıq kimi də qiymətləndirilirdi. Son bir neçə il ərzində Azərbaycan İranın tarixi rəqibləri İsrail və ABŞ-la sıx iqtisadi əlaqələr qurub. Buna baxmayaraq, bu dövrdə Azərbaycan İranla da iqtisadi əlaqələrini inkişaf etdirmək üçün addımlar atıb - birgə nəqliyyat layihələri həyata keçirilib və rəsmilər arasında yüksək-səviyyəli görüşlər təşkil edilib. İllərdir ki, ABŞ-İran münasibətlərinin gərginləşməsi fonunda, rəsmi Bakı hər iki dövlət arasındakı artan gərginliyin sonda diplomatik yolla həll edilməsinə tərəf olub. Rəsmi Bakı dəfələrlə münaqişə halında Azərbaycanın hər hansı fəal rol oynamayacağını bildirib. Amma son aylar və səfirlikdəki ötən həftə baş verən terror onu göstərir ki, Azərbaycan mövqeyində dəyişiklik edə bilər.

Sahib Alıyev: Vətən müharibəsində Zəfər qazanmağımızın əsas səbəbi məhz  milli həmrəylimiz oldu - AZƏRTAC

Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında öncə son gəlişmələrə diqqət çəkdi: “ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Uilyam Börns İsraildə səfərdə olarkən İrana hava zərbələrinin endirilməsi onu göstərir ki, bu, təkcə razılaşdırılmış yox, həm də birgə əməliyyatdır. Onun birgə əməliyyat olduğunu vurulan hədəflərin daha çox Rusiyaya PUA-larla raketlər göndərən və göndərməyi planlaşdıran hərbi sənaye obyektlərinin olması da təsdiqləyir. Xatırladaq ki, Börns İsraildən çox az əvvəl də Ukraynada olmuşdu. Bir sözlə, İranın vurulmasından dərhal sonra dövlət katibi Blinken İsrailə getsə də, getməsə də, baş verənlərin birgə əməliyyat olduğu və nə məqsədlə reallaşdırıldığı aydın idi. Ancaq hələ demək olmaz ki, İsraillə ABŞ-ın İrana yanaşmaları tam üst-üstə düşür”. S.Alıyev bir mühüm məqama da diqqət çəkdi: “Unutmamalıyıq ki, ABŞ-da İranı NATO-dakı ayrı-ayrı müttəfiqlərindən daha çox özlərininki sayan çevrələr də var. Üstəlik, bütövlükdə Qərbdə İranın qonşularına qarşı Ermənistan kimi mərdimazar davranışlarının Yaxın Şərqdə həmişə gərginlik ocağının qalmasında mühüm rol oynadığını düşünərək bunun onların da maraqlarına xidmət etdiyini gizlətmirlər. Yəni paradoksal görünsə də, Qərbdə İrana qarşı nə qədər sərt ittihamlar səsləndirsələr belə, bir o qədər də onunla birgə əməkdaşlığa hazırdırlar. Sadəcə, İrandakı indiki rejimin bu əməkdaşlığın qarşılığında daha böyük güzəştlər və sərbəstlik istəyir ki, aralarındakı bütün narazılıqlar və "qulaqburmalar" onun üstündədir. Yəni çox təəssüf ki, Qərbdə fars şovinizminə İranla tərəfdaşlıq üçün əngəl yox, əksinə, maraqlarına tam cavab verən ideologiya kimi baxırlar". Ona görə də S.Alıyev düşünmür ki, Azərbaycan Qərbin İrana qarşı formalaşdırdığı hər hansı bir koalisiyada yer ala bilər: “Amma biz İranın düşməncəsinə davranışlarını da cavabsız qoymayacağıq və qoymaq fikrimiz də yoxdur. Dinsiz rejim həddini aşacağı halda koalisiya şəklində hərəkət edəcəyimiz müttəfiq və tərəfdaşlarımız da var. Bunlar qardaş Türkiyə, Pakistan, İsrail, Səudiyyə Ərəbistanı və digər dövlətlərdir”.

Elçin Mirzəbəyli: Azərbaycan döyüş meydanında olduğu kimi hüquq  müstəvisində də Ermənistanı məğlub etdi - AZƏRTAC

Elçin Mirzəbəyli

Siyasi şərhçi Elçin Mirzəbəyli əvvəlcə cənub qonşumuzun mahiyyəti barədə fikirlərini bölüşdü: “İran adlanan ölkənin mövcud rejimi təkcə Azərbaycanın, Türkiyənin, həmçinin Qərb blokunun yox, bütün sivil bəşəriyyətin və ilk növbədə mövcud sərhədləri daxilində yaşayan bütün xalqların, o cümlədən İslam dünyasının düşmənidir. Bu baxımdan, molla rejiminin tez bir zamanda süquta uğraması, həm də bu ölkədə yaşayan 40 milyon türkün və digər xalqların əsarətdən, zülm və istibdaddan xilas olması, insan hüquq və azadlıqlarının təmin olunması deməkdir. Yəni İranla bağlı məsələyə, sadəcə, geosiyasi proseslər müstəvisindən yanaşmaq doğru deyil, molla rejiminin tarixin səhnəsindən silinməsi, Xəzər hövzəsindən Mərkəzi və Ön Asiyaya, Ərəbistan yarımadasınadək nəhəng bir regionun uzun illər boyu sülh, əmin-amanlıq şəraitində yaşamasına, təhlükəsizliyə, əməkdaşlığa böyük töhfə verə bilər”. İrana qarşı koalisiya məsələsinə gəldikdə, E.Mirzəbəyli qeyd etdi ki, hazırda molla rejimi ilə kəskin münasibətdə olan və bu rejimi özünə təhlükə görən ölkələrin rəsmi Tehrana olan münasibətlərinin motivi tamamilə fərqlidir: “Və hətta ABŞ-ın strateji planlarının və uzaq hədəflərinin Azərbaycan və Türkiyənin baxış bucağından, maraqlarından tamamilə fərqli olduğunu da deyə bilərik. Vaşinqton və onun Avropadakı müttəfiqləri molla rejimi nüvə proqramından əl çəkəcəyi, Çinə və Rusiyaya münasibətini dəyişəcəyi təqdirdə rəsmi Tehrana qarşı mövqelərini asanlıqla dəyişə bilərlər. Vaşinqton İranın parçalanmasının əleyhinədir və azacıq rekonstruksiya olunmaqla mövcud fars hegemonluğunun davam etməsini arzulayır. Bunu ABŞ-ın və onun Avropadakı müttəfiqlərinin İrandakı xalqların nümayəndələrinə münasibətində də görə bilərik. Vaşinqton İrandakı kürdlərə, bəluclara və digər kiçik etnik qruplara, eləcə də mövcud rejimə müxalif olan farslara daha çox dəstək verir. Daha doğrusu, elə onlara dəstək verir. Bu aspektdən də Azərbaycan və Türkiyənin bu məsələdə öz strategiyası, öz baxış bucağı olmalıdır və yəqin ki, var”. Siyasi analitikin qənaətincə, İranın Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk günlərdən ölkəmizə qarşı həyata keçirdiyi saysız-hesabsız təxribat ssenariləri, həmçinin 44 günlük müharibədən sonra rəsmi Tehranın sərgilədiyi davranışlar və son terror olayı molla rejimi ilə münasibətlərimizin nə zamansa bərpa olunacağını istisna edir: “Rejimin fəaliyyətinin ana xəttini Azərbaycanın dünyəvi bir dövlət olaraq məhv edilməsi təşkil edir. Yəni molla rejimi Ermənistandakı revanşçı qüvvələr, ultramillətçi dairələr qədər bizə düşməndir. Hətta Ermənistanın nə zamansa öz mövqeyində dəyişiklik etməsi mümkündür, amma əmmaməli fars millətçilərinin yox. Fars millətçiliyi faşizmin ana xəttini təşkil edir.  Bu gün də Qərb sivilizasiyasının bir çox ultramillətçi dairələri Əhəmənilərə, Sasanilərə öz babaları kimi yanaşırlar. Və onlar, ola bilsin ki, İranın dəyişməsini istəyirlər, amma fars dövlətçiliyinin çətiri altında... Şübhəsiz ki, taktiki siyasi gedişlər, yaxud yaxın hədəflərə hesablanmış geosiyasi maraqlar müstəvisində İrana münasibətdə Qərb və region dövlətlərinin hansısa ortaq maraqlarının formalaşması mümkündür, amma uzaq strateji hədəflərlə bağlı yanaşmalar fərqlidir”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR