İnsanlara hürriyət, millətlərə istiqlal!

İran yeni əməliyyata başladı: Tel Nof və Nevatim bazaları hədəfə alındı - “Ya Heydər Kərrar” şifrəsi...

889 08.06.2026 09:52 Dünya A A

İsrail və İran arasında yenidən alovlanan qarşıdurma daha təhlükəli mərhələyə keçir. Dünən axşam saatlarında İranın İsrail ərazisinə raket zərbələri endirməsindən sonra İsrail Hərbi Hava Qüvvələri gecə və səhər saatlarında İranın müxtəlif şəhərlərində yerləşən hərbi obyektlərə hücumlar həyata keçirib. Tehran, Təbriz, İsfahan və Kərəcdə partlayış səslərinin eşidildiyi barədə məlumatlar yayılıb.

Musavat.com xəbər verir ki, bu fonda İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) yeni hərbi əməliyyatın başladığını elan edib.

SEPAH-ın yaydığı rəsmi bəyanatda bildirilir ki, Hava-Kosmik Qüvvələrin bölmələri “Ya Heydər Kərrar” şifrəsi ilə “Nəsr əməliyyatı”na start verib. Bəyanata görə, əməliyyat çərçivəsində İsrailin strateji əhəmiyyət daşıyan Nevatim və Tel Nof hərbi hava bazalarındakı mühüm mərkəzlər hədəfə alınıb.

SEPAH əməliyyatın son günlərdə İsrail tərəfindən İran ərazisində yerləşən radar məntəqələrinə endirilən raket zərbələrinə cavab olaraq həyata keçirildiyini bildirib.

WhatsApp Image 2026-06-08 at 09.49.28.jpeg (448 KB)

“Ali Allaha təvəkkül edərək və Rəbbimizin köməyi ilə Hava-Kosmik Qüvvələrin cəsur döyüşçüləri 12 günlük müharibənin şəhidlərinə ithaf edilən “Nəsr əməliyyatı”nı başladaraq strateji Nevatim və Tel Nof bazalarındakı mühüm hədəfləri vurublar”, - deyə bəyanatda qeyd olunur.

SEPAH rəhbərliyi İsrail ordusunun hücumlarına operativ cavab vermək imkanlarının qorunduğunu və hədəf bankının genişləndirildiyini vurğulayıb.

Bəyanatda həmçinin bildirilib ki, İnqilab Keşikçiləri Korpusunun bütün döyüş və əməliyyat bölmələri maksimum hazırlıq vəziyyətinə gətirilib. İran tərəfi müxtəlif ssenarilər üzrə cavab planlarının hazırlandığını və qarşıdakı günlərdə daha genişmiqyaslı əməliyyatların istisna edilmədiyini açıqlayıb.

Xatırladaq ki, dünən İran İnqilab Keşikçiləri Korpusu İsrailin Ramat-David hərbi hava bazasına raket zərbəsi endirdiyini bəyan etmişdi. Bunun ardınca İsrail ordusu İranın mərkəzi və qərb bölgələrində yerləşən hərbi obyektlərə hava zərbələri endirib. İran mediası Tehran, Təbriz, İsfahan və Kərəcdə partlayışların qeydə alındığını yazıb.

Hazırda tərəflərin hərbi aktivliyi yüksək səviyyədə qalır. Həm İsrail, həm də İran ordularının döyüş hazırlığı vəziyyətinə gətirildiyi bildirilir. Yaxın Şərqdə vəziyyətin daha da gərginləşəcəyi istisna olunmur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR