İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Sudanla niyə Bakıda barışdı? -Tehran-Bakı barışı da mümkünmü  

1061 10.07.2023 13:56 Son xəbər A A

 

İran və Sudan arasında əlaqələr 7 illik fasilədən sonra yenidən bərpa olunur. Artıq iki ölkə qarşılıqlı olaraq səfirliklərin fəaliyyətini bərpa etməyi razılaşdırıblar. Bu barədə razılıq İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onun sudanlı həmkarı Əli əs-Sadiq arasında Bakıda keçirilən görüşdə əldə olunub.

Qeyd edək ki, iki ölkə xarici siyasət idarəsi rəhbərləri bu həftə Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində Bakı Konqres Mərkəzində bir araya gəliblər. Nazirlər iqtisadi əlaqələrin inkişafı və “yanlış anlaşılmaların ortadan qaldırılması” mövzusunda fikir mübadiləsi aparıb.

İran və Sudan arasında əlaqələr Tehran və ər-Riyad arasında münaqişədən sonra pozulub. Səudiyyə Ərəbistanının 2016-cı ildə bir qrup şiə din adamını edam etməsi və buna cavab olaraq İrandakı Səudiyyə diplomatik nümayəndəliklərinə hücumlardan sonra ər-Riyadın ardınca BƏƏ, Küveyt, Bəhreyn və Sudan da İranla diplomatik əlaqələrini dayandırıb və ya səfirliklərin fəaliyyətini minimuma endirib.

Ancaq bu ilin martında Çinin vasitəçiliyi ilə İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər yenidən bərpa olunub. Paralel olaraq BƏƏ, eləcə də digər ərəb ölkələri də İranla barışıq yolunu tutub.

İran və Sudan arasında barışıq danışıqlarının və razılaşmanın Bakıda əldə olunması bir neçə məqama görə diqqət cəlb edir.

1.​Nazirlər barışıq danışıqlarının Bakıda əldə etməsi təsadüfi deyil. Bu məsələ iki ölkənin rəhbərliyi tərəfindən əvvəlcədən razılaşdırılıb. Bu hadisə ilk növbədə tərəflərin Bakını siyasi-diplomatik vasitəçilik ünvanı olaraq qəbul etdiyini göstərir;

2.​Diplomatik danışıqlarda ev sahibi ölkələrin ənənəvi rolunu yada salaraq deyə bilərik ki, İran-Sudan barışığı danışıqlarında Bakının da müsbət mənada iştirakı və dəstəyi olub;

3.​Sudan-İran barışığının Azərbaycan paytaxtında baş verməsi Azərbaycan-İran münasibətlərinin qaydaya düşdüyünü və ya düşməkdə olduğunu təsdiq edir. Çünki bu cür diplomatik razılaşmalar adətən tərəflərin etimad göstərdiyi ölkələrdə baş verir. İran və Sudan arasında barışıq danışıqlarının və razılaşmasının başqa bir ərəb-müsəlman ölkəsində deyil, Bakıda keçirilməsi nəticə etibarlı ilə həm tərəflərin etimadı, həm də Azərbaycanın birbaşa rolunun olmasına işarədir. Əlbəttə güman etmək olar ki, İran bunun əvəzində Bakıya siyasi jest edib və ya edəcək.

Ümumilikdə, xəbərlər göstərir ki, Qoşulmama Hərəkatının Bakıdakı sonuncu nazirlər toplantısı beynəlxalq və regional diplomatiya baxımından xeyli səmərəli olub. Afrikadan Uzaq Şərqə qədər müxtəlif ölkələrin diplomatları arasında görüşlər, müzakirələr keçirildi və bir çox mövzularda mövqe uzlaşması təmin olundu. Xüsusən də müsəlman ölkələrinin Bakıda keçirdiyi effektiv görüş və müzakirələrin miqyası Azərbaycanın regional və beynəlxalq siyasi proseslərin içində yer aldığını, etibar edilən siyasi müzakirə mərkəzlərindən biri olduğunu göstərir.

Bu arada İran XİN-nin sözçüsü Naser Kənaani bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyi maksimum mühafizə olunacaq. Bu isə Azərbaycanın İrandakı səfirliyinin yaxın zamanlarda fəaliyyətini bərpa edəcəyinə işarədir.

XİN sözçüsü deyib ki, hazırda tərəflər “çox yaxşı və qarşılıqlı konstruktiv yoldadır”.

 N.Kənaani deyib ki, Abdullahianın Bakı səfəri zamanı ikitərəfli münasibətlərin əhəmiyyəti nəzərə alınaraq konstruktiv müzakirələr aparılıb: “Müzakirələrin məzmunu düzgün yolda olduğumuzu göstərir. İran öz məsuliyyətini dərk edir və məsuliyyətlə hərəkət edəcək. Təbii ki, Azərbaycanın səfirliyi maksimum dərəcədə mühafizəyə malik olacaq”.

Belə görünür ki, ötən həftə Bakıda yalnız İran-Sudan barışığı deyil, eyni zamanda Bakı ilə də əlaqələr yaxşılaşması istiqamətində ciddi danışıqlar aparılıb və ilkin razılaşma var. Tehran Bakı ilə əlaqələrə ciddi əhəmiyyət verir və münasibətlərin qaydaya düşməsi üçün addımlar atmağa hazırlaşır.

Kənan Rövşənoğlu, Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR